Göyəzən dağına sancılmış Bayraq və Qazax Rayon İcra başçısına müraciət

Göyəzən dağına sancılmış Bayraq və Qazax Rayon İcra başçısına müraciət














Dostların əksəriyyəti bilir, bilməyənlər də bu yazı vasitəsi ilə biləcək. Üçrəngli bayrağımızın gəldiyi yol barədə kitab üzərində işləyirəm. Bu məqaləni yazmaqda da məqsədim doğma rayonum Qazaxda baş verən bir hadisəni yazmaqla regionlarda bayraqla bağlı baş vermiş tarixi hadisələri gündəmə gətirməkdir. Oxuculardan xahişim isə odur ki, öz regionunuzda bayraqla bağlı baş vermiş maraqlı hadisələri yazasınız, biz də öz növbəmizdə o yazını kitaba salaq.

1920-ci ildə amansız rus işğalçıları tərəfindən bayrağımız endiriləndə Məhəmməd Əmin Rəsulzadənin demişdi: “Əminəm, bir gün bu bayraq Azərbaycan Türkünün yanmış ürəyindən qaldırılıb öz yerinə qaytarılacaq”.

Doğrudan da heç 70 il keçmədiki Azərbaycan oğul və qızları illərlə qəlblərində gizli yaşatdıqları həmin bayrağı meydanlarda Azərbaycan səmasına qaldırdılar. Üçrəngli bayrağımız ilk dəfə 1988-ci il noyabr ayının 17-də başlayan meydan hərəkatının üçüncü günündə, 19 noyabrda mitinqdə görünüb. Həmin gündən müstəqilliyimiz elan olunan günə (18 oktyabr 1991-ci ilə) qədər Bayrağımız ətrafında fərqli, həyacanlı günlər yaşanıb. Belə ki, artıq milli bayrağımızı hamı tanıyır, hər kəs qəbul edir, sovet hakimiyyəti isə hələ davam edirdi. Həmin müəmmalı, hiss-həyacan dolu günlər dəqiq desək 1991-ci ilin fevral ayına kimi davam etmişdi. Çünki artıq 1991-ci il fevral ayının 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikası – Azərbaycan Respublikası adlandırılmışdı. Və elə həmin gün başqa bir qərarla 1956-cı ildə qəbul edilmiş Azərbaycan SSR-nin Dövlət bayrağı haqqında fərman ləğv edilərək üçrəngli Bayrağımız Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.

Hərakatdan hakimiyyətə qədər bayrağımızı dalğalandıranlar fərqli formada narahat günlər yaşayıblar. Həmin 3 il ərzində paytaxt və regionlarda bayraq ətrafında müxtəlif hadisələr, maraqlı anlar yaşanıb. Məsələn keçmiş hərakatçı, araşdırmaçı Paşa Yaqub bayraq günü təbrikində yazmışdı ki:
“Azərbaycanda Milli Azadlıq hərəkatı başlayanda üç rəngli, Ay ulduzlu bayrağımızı aparıb, doğulduğum kəndin mərkəzində bir işıq dirəyinə sancdım. Kənddə bu bayrağa “Paşanın bayrağı” deyirdilər. Bir neçə gündən sonra eşitdim ki, kənd sovetinin sədri yaşlı bir kişini idarəyə çağırıb biabır edib ki, niyə Paşanın bayrağı sənin evinin tuşundakı şalbana vurulub? Təcili onu çıxar ordan. Nə isə, kişinin təlaşını nəzərə alıb, bayrağı həmin mərkəzi küçədəki başqa şalbana sancdım. İki gündən sonra yenə başqa kişini hədələdi ki, niyə bayraq sənin evinin tuşuna sancılıb?! Burdan da çıxarıb başqa bir şalbana taxdım… Beləliklə, kənddəki bütün şalbanlara vurub çıxarmaqdan bayrağın sapı dəfələrlə sınıq-sınıq olurdu”.



Buna bənzər, daha geniş və maraqlı hadisələrdən biri də doğma rayonum Qazaxda yaşanıb. Yuxarıda da qeyd etdiyim kimi bayrağımız barədə kitab üçün araşdırmalar edirəm. Araşdırmalarım zamanı qarşıma diqqətimi çəkən çox maraqlı bir foto çıxdı. Fotoda Qazağın simvolu olan Göyəzən dağının zirvəsində üçrəngli bayrağımız dalğalanır. Diqqətimi çəkən bu fotonu epizodik bir hadisə kimi kitabda verməyi planlaşdırmışdım. Rayonumuza səfərdə isə bəlli oldu ki, Göyəzən dağına bayrağın sancılması heç də kiçik, epizodik deyil, əksinə çox təntənəli bir hadisə olub. Həmkəndçim, ehtiyatda olan hərbiçi Mahir Nağıyevlə söhbətimiz tamam başqa mövzuda olsa da bayraqla bağlı bu hadisə ilə tamamlandı. Söhbətimiz əsasında bildim ki, Şəmkirdən üzü Qazağa bütün rayonlardan gəlmiş yüzlərlə, bəlkə də minlərlə insanın iştirak etdiyi, qucaqlaşıb xoşbəxtlikdən ağlayanların, qurbanların kəsildiyi, qonaqlıqların verildiyi bu hadisənin müəllifi elə Mahir Nağıyev olub. Müəllif Mahir bəy olub deyə o dövr Xalq Cəbhəsinin yerli təşkilatı işin icrasını da ona tapşırıb. M.Nağıyev digər həmkəndçimiz Nəsib Əliyev və digər əqidədaşlarının, hətta rusların iştirakı ilə anası Zərifə xanımın tikdiyi bayrağı Göyəzənin zirvəsinə qaldırıblar. Çarxla dörd tərəfə dönə bilən dörd metrlik boru ilə bayrağı dağın zirvəsində göylərə ucaldıblar. Hətta təxminən bir metr dərinliyində quyu qazaraq hadisənin Azərbaycan və rus dilində yazılmış tarixçəsini şüşə qabda torpağa basdırıb, üstünü betonlayıblar. Mahir bəyin dediyinə görə şüşədə basdırılmış həmin tarixçə indi də Göyəzən dağının tam zirvəsində, torpağın altında qalmaqdadır.
Dəqiq tarixini soruşduqda isə Mahir bəy o dövrdə həyatın çox qaynar olduğunu, hadisələrin ard-arda baş verdiyini deyərək hadisənin dəqiq tarixinin yadında olmadığını bildirdi. Amma bir çox cəbhədaşının adını çəkərək tarixi onlardan maraqlanmağımı istədi. Çox təəssüf ki, adını çəkdiyi insanlardan heç birinin dəqiq tarix yadında deyildi. Azad Əsgərzadə həmin olayın cəsarətli bir addım olduğunu bildirərək, bayraq bayramı mitinqinin Göyəzən restoranında tamamlandığını və orada istifadə olunan maşınların, atların və bütün digər xərclərin Tapdıq Pənahovun ödədiyini dedi.

Bayraq hadisəsinin tarixini heç cürə tapa bilmirdim deyə Milli Kitabxanada Qazağın yerli qəzeti olan “Qalibiyyət bayrağı”nın arxivinə baş vurdum. Qəzetin 31 May 1990-cı il tarixli sayında belə bir yazı oxudum:
“Qara zurnanın səsi şəhəri başına götürmüşdü. Qazax bayram libasında idi. Azərbaycan Demokratik Respublikasının ay-ulduz nişanlı bayrağını bahar nəsimi asta-asta yelləndirirdi. Hamı biri-birini bayram münasibəti ilə – Azərbaycan Demokratik Respublikasının yaradılmasının 72-ci ildönümü münasibəti ilə təbrik edirdi. Həmin günün respublikada dirçəliş günü kimi qeyd edilməsinə dair fərman onların sevincini qat-qat artırmışdır.
ADR-in yaradılması gününün bayram edilməsi bəzilərinə qəribə görünməsi də təbiidir, qanunauyğundur. Ona görə ki, bu Azərbaycanda demokratik əsaslarla qurulan dövlətin, demokratik cümhuriyyətin elan edilməsi Şərqdə ən böyük siyasi hadisə idi. Rayon mədəniyyət evində keçirilən elmi nəzəri konfransda da bu barədə söhbət getmişdir.
Azərbaycan Demokratik Respublikası özünün ilk bəyanatlarında ən humanist, ən bəşəri fikirlər atmışdır ortaya. Onun maarif və tərəqqi sahəsində həyata keçirdiyi tədbirlər diqqətlə öyrənilməyə layiqdir. Parlaman seçkilərində əsl demokratiya nümunəsi göstərilmiş, xalqın iştirakı təmin edilmiş, Azərbaycanlı olmayan millətlərə də ehtiram göstərilmişdir.
Mədəniyyət evi qarşısında təşkil edilmiş mitinqdə də, söhbətlərdə də, təşkil edilmiş şənliklərdə də danışan natiqlər bu məsələlərə dair açıq fikir söylədilər, dirçəliş gününün əsl bayram kimi qeyd edilməyə layiq olduğunu bildirdilər.
Şənliklərdə tarix elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü T.Bünyadov, şair A. Kəmərli, rayon partiya komitəsinin birinci katibi B.Eyyubov və başqaları iştirak etmişdir.
… Mədəniyyət evinin qənşərində qələbəlikdir. Gənclər meydanda cıdır atlarını oynadır. İ.Qaragözovun zurnaçılar dəstəsi bu təntənəni daha da şənləndirirdi. Təşkil edilmiş yarmarkada kabab bişirən kim, başqa ticarət xidməti göstərən kim! Bəli, bayramdır. Bu əlamətdar günü bayram etməyə dəyər. Xalq sevinməkdə haqlıdır”.

Oxuduğum bu xəbərin həmin hadisədən bəhs etdiyini təxmin etsəm də Göyəzən dağının, ora sancılan bayrağın adı çəkilmir deyə xəbərdə o hadisədən bəhs edildiyinə tam əmin olmadım. Yenə axtarışıma davam etdim. Bu axtarışlarım müddətində kimsə demişdi ki, sən bir Qazaxlı Aliklə də əlaqə saxla. (Qazaxlı Alik müharibə dövründə döyüş xidmətləri ilə yadda qalmış Alik Muradovdur). Çox keçmədi ki, keçmiş döyüşçü ilə əlaqə saxalaya bildim. Alik bəydən soruşan kimi hadisənin tarixini dəqiqliyi ilə dedi: 28 May 1990-cı il. Tamamən əmin oldum ki, qəzetdəki xəbərdə Göyəzən dağı olayı yazılmasa da, həmin gündən bəhs edilir.

Əlavə olaraq həmin günlərdə rayon mərkəzində yol kənarlarına vurulan sovet bayraqları yığılıb, yerinə milli bayraqlar taxılıb. O zaman bunu edənləri tutub saxlayan milislər sonra həmin üçrəngli bayraq altında işləyiblər. Təbii ki, bayraq təəssübkeşləri həmin milislərə ürək sözlərini deyiblər.

Əminəm ki, bu cür hadisələr təkcə Qazaxda yaşanmayıb. Odur ki, bu yazı vasitəsi ilə hər kəsə müraciət edirəm ki, 100 yaşlı bayrağımız barədə hansısa maraqlı hadisə, fakt bilirsinizsə göndərin, üzərində işlədiyimiz kitabda yayınlayaq.

Həmçinin bu yazı vasitəsi ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova müraciət edirəm:

Hörmətli Rəcəb Babaşov!
Bilirsiniz ki, noyabr ayının 9-da bayrağımızın 101 yaşı tamam olur. Uzağı noyabr ayına qədər bayrağımız barədə kitabı yekunlaşdırmaq niyyətindəyik. Təbii ki, geniş təqdimat da keçirəcəyik. Könül istərdi ki, rəhbəri olduğum “Carçı” Araşdırma Mərkəzinə və idarə heyyətində yer aldığım Qazax Ziyalılar Klubuna dəstəyinizi əsirgəməyəsiniz. Bayrağımızın 101 yaşı ərəfəsində bütün Qazaxlı fəallarla bir yerdə Göyəzən dağının zirvəsinə daha bir təntənəli Bayraq yürüşü edək, Bayrağımızı rayonumuzun daha uca məkanında dalğalandıraq. Ümidvaram dəstəyinizi əsirgəməyəcəksiniz və rayon səviyyəsində yürüşə nail olacağıq.

P.S. Yeri gəlmişkən Qazax Ziyalılar Klubuna da səslənirəm. Əgər məsləhətdirsə nizamnaməni daha da təkmilləşdirib, qeydiyyat üçün müraciət edəndə Göyəzən dağında bayraq fotosunu elə klubun loqosu edək./Turkustan.info

Tarix:12-08-2019, 13:42 Baxış Sayı:34 Kateqoriya:gundem / sosial
SON XƏBƏRLƏR
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO
Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb — SƏBƏBLƏR
“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”
Nazir rəisi işdən uzaqlaşdırdı
Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır
Dünyanın ən varlı 59 adamından biri olan azərbaycanlı ƏSLİNDƏ KİMDİR? – VİDEO
Razılaşdırılmamış Brexit ssenarisi mətbuata sızdı
Sadə çay verməyən restoranlarla bağlı TƏKLİF
“Mən pis ata olmamışam” — “Attestatmı atam cırıb, məni oxumağa qoymur” deyən gəncin atası DANIŞDI (FOTOLAR)
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
"Azərbaycan Dəmir Yolları" QSC-nin tərəfdaşı olmuş şirkət ləğv edilir — BEYNƏLXALQ KORRUPSİYA QALMAQALINA GÖRƏ
Bu avtomobillərin qapısını bir neçə saniyəyə açmaq mümkündür
Jurnalistikadakı ƏDƏBSİZLİK
Ölkə turizminin xilas yolu: Hansı dəyişiklik olacaq? – ŞƏRH
Bayıl sürüşmə yamacı abadlaşdırılacaq
Nazirlik: Vahid məktəbli forması gələn tədris ilindən tətbiq ediləcək
Temperatur 38 dərəcəyə çatacaq — ƏSL ÇİMƏRLİK HAVASI
Atambayevin həbs qoyulan əmlakları — SİYAHI AÇIQLANDI
"iPhone"da yeni təhlükəli boşluq
Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü
Ağcabədi rayon İcra Başçısının sözünün kəsəri yoxdur- Video
Ucar polisi naməlum məxluqu tutmağa çalışır
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!
“Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən aksiya keçirilmişdir - FOTOLAR
Ağacan Abıyevin adı “diplom işi”ndə hallanır – Saxtalaşdırılmış imza, yoxsa?…
Adil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEY
Balakən rəhbərliyi illərdir sakinlərə "Kərbəla müsibəti" yaşadır- Foto/Video
Azərbaycanda ÜDM istehsalı artıb
Azərbaycan əhalisinin sayı açıqlanıb

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla