"Təzyiq altında fəaliyyəti dayandırılmış media orqanları bərpa olunmağa başlayıb" — Arif Əliyev

"Təzyiq altında fəaliyyəti dayandırılmış media orqanları bərpa olunmağa başlayıb" — Arif Əliyev













Təxminən bir ay bundan əvvəl vaxtı ilə müstəqil medianın və jurnalistlərin azad media məkanı hesab etdikləri Bakı Mətbuat Klubu (Press Club) fərqli formada ictimaiyyətə təqdim olundu. Bu dəfə pressclub.az saytı olaraq.


Xatırladaq ki, Bakı Mətbuat Klubu 1998-ci ilin iyul ayında yaradılmışdı və 2005-ci ilin yanvar ayında maliyyə və məkan problemi səbəblərinə görə fəaliyyətini dayandırmışdı. Bu illər ərzində Bakı Mətbuat Klubunun (“Press-klub”) bərpası üçün məkan ayrılması məqsədi ilə dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətlər cavabsız qalmışdı. Nəhayət 14 ildən sonra Klub onlayn formatda olsa da, fəaliyyətini bərpa etdi. Klubun bundan sonrakı fəaliyyəti bağlı Bakı Mətbuat Klubunun prezidenti Arif Əliyev ASTNA-nın suallarını cavablayıb.


***


-Arif bəy, uzun illərdən sonra Press Klub yenidən fəaliyyətə başladı. Nə dəyişdi ki, uzun müddət ara verdikdən sonra yenidən fəaliyyətə başlamaq haqda qərar verdiniz?


Arif Əliyev -"Press Klubu ümid dirçəltdi" desəm, ən doğru cavab olar. Siz uzun illərin durğunluğundan sonra ictimai həyatda bir meh hiss etmirsiniz? Hökumətin də fəaliyyətində əvvəlkindən fərqli məntiq hiss olunmağa başlayır, müxalifətin də tədbirləri əvvəlkindən canlı alınır. Dövlət başçısının fevral çıxışında xarici siyasətdə, mart çıxışında daxili siyasətdə dəyişikliklərə dair fikirlər, aprel çıxışında ölkədə ictimai fəallığın, ictimai nəzarətin artırılmasına çağırış səsləndi. Onlardan bəziləri hətta ilk dəfə dilə gətirilirdi.


Təzyiq altında fəaliyyəti dayandırılmış media orqanları yavaş-yavaş bərpa olunmağa, hətta ictimai televiziyada da plüralizm, tənqid elementləri görünməyə başladı. Amma proses çox zəif gedir. Bir tərəfdən inersiya, digər tərəfdən müqavimət, üçüncü tərəfdən vərdiş və bacarıqların çatışmaması, dördüncü tərəfdən cəmiyyətdəki düşmənçilik əhval-ruhiyyəsinin hələ də güclü olması maneələr yaradır. Press Klub, ən azı, mediada müsbət dəyişikliklərə təkan vermək zərurətindən və indiki şəraitdə bu sahədə islahatların mümkünlüyünə inamdan yarandı. Amma əvvəlki strategiyamızı bir qədər dəyişdik. İlk mərhələdə ölkədən xaricdəki jurnalistlərimizlə, diaspora mətbuatı ilə əlaqələrimizin möhkəmləndirilməsinə, onların potensialının cəmləşdirilməsinə diqqət yetirdik. Bu strategiyanın öz dərin məntiqi var, amma izah etməyə başlasam, sualınızdan uzaqlaşacağıq.


-Bəs Press Klubun fəaliyyətində uzun fasiləyə səbəb nə olmuşdu?


-Jurnalist təşkilatı mediaya güc verir, eyni zamanda gücünü ondan alır. 2000-ci illərin əvvəllərindən müstəqil media çökdürülməyə, onun iqtisadi bazası dağıdılmağa başlamışdı. Həmin problemlər Press Kluba da təsir edirdi. Əgər sənin dayaqların çürüyürsə, uzun zaman duruş gətirə bilməzsən. Mühit getdikcə daralırdı və orada jurnalist həmrəyliyinə, professionallığa, Press Klub kimi peşə etikası prinsiplərinə söykənən korporativ təşkilatlara yer qalmırdı. Bir məşhur deyim var: "küçə məbədə aparıb çıxarmırsa, nəyə lazımdır?" Müstəqil olmayan medianın Press Klub nəyinə gərəkdir? Əslində, sizin bu sualınız əvvəlki sualla əlaqəlidir...



-Əlaqəli olsa da, konkretlik istəyir. Nə baş verdi ki, fəaliyyətinizi dondurmaq qərarı verdiniz?



-Əslində biz qərar verməmişdik, məcbur olmuşduq. Klubu 1998-ci ildə Yeni Nəsil, ANS, Zerkalo, Turan, Azadlıq, Xalq qəzeti yaratmışdı. Elə etmişdik ki, orada mediamızın bütün rəngləri təmsil olunsun. Yüksək start götürdük və tezliklə xəbərdarlıq aldıq: prezident aparatında narahat olmuşdular və tapşırıq vermişdilər ki, onları içəridən dağıdın. Birinci ANS dözmədi, gəldi ki, dağılışaq, yoxsa pis olacaq, yuxarılarda deyirlər, Klub müxalifət yuvasına çevrilib. Təsəvvür edin, rəsmi Xalq qəzeti qaldı, ANS getdi. Amma sonra Mahal İsmayıloğlu gəldi ki, mənə də təzyiqlər böyükdür, deyirlər, ya ordan çıx, ya işdən, mən ərizə verim, ancaq hələ rəsmiləşdirməyin. Tezliklə qayıtdı ki, məsələ həll olundu. Prezidentin yanında media üzrə müşavirə idi, Heydər Əliyev soruşdu ki, Mahal, hər yerdə Press Klubun adına rast gəlirəm, sən niyə orada yoxsan? Dedim, mən də təsisçilərdən idim, aparatdan tapşırdılar, çıxmaq ərizəmi yazdım. Əsəbiləşdi. Dedi, araşdıraram, sənsə ərizəni geri götür. Ondan sonra birbaşa təzyiqlər səngidi, başqa taktika seçdilər: BMM-i yaratdılar, nəzarətlərində olan bütün təşkilatlara, mediaya, QHT-lərə göstəriş verdilər ki, Press Kluba getməyin, tədbirlərinizi BMM-də keçirin. Duruş gətirdik.


Axırıncı zərbəni bizə ATƏT-in Bakı ofisi vurdu. Artıq Azərbaycan mediasının böhranlı vəziyyəti idi. 1998-də Press Kluba 3000-5000 dollar ayırmaq təsisçilərin gözünə görünmürdü, 6-7 il sonra isə əksəriyyət öz başını güclə dolandırırdı. Klub binasının icarə haqqını ödəmək üçün qrantlardan istifadə edirdik. Bir dəfə ilin sonu ATƏT-in Bakıdakı səfiri Kluba gəldi, problemlərlə maraqlandı, dedi, gələn ilin icarə xərclərindən narahat olmayın, ATƏT həm icarəyə, həm binanın təmirinə 27 min dollar ayırır. Yeni maliyyə ili başlayanda isə ATƏT-in ofisində bildirdilər ki, fikrimizi dəyişmişik, bina nəyinizə gərəkdir, sizə 5000 dollar yardım edirik ki, tədbirlərinizi BMM-də keçirəsiniz. Təbii, imtina etdik. "Təsadüfə" bax, bina sahibi də dedi ki, icarə haqqını qaldırmağa razı olmasanız, yeni müqavilə imzalamayacağam. Əvvəlki formatında Press Klub binasız fəaliyyətini davam etdirə bilməzdi və dayandı. Bu da konkretlik.


-Niyə əvvəlki Press Klub kimi deyil, online formada fəaliyyət barədə qərar verdiniz? Əvvəlki formada fəaliyyətinizə nə mane olur?


-Keçmişin dərsləri, şəraitin nəzərə alınması və maliyyə imkanları. Kim bilir, bəlkə, əvvəlki formatın bərpası da uzaqda deyil.


-Məqsədiniz nədir? Hansı işləri görmək niyyətindəsiniz?


-Bunlar Pressklub.az saytının müvafiq bölmələrində, açılış ərəfəsindəki müraciətimizdə əksini tapıb. Ən ümumi şəkildə isə məqsəd Azərbaycan mediasının dirçəlişinə nail olmaq, bunun üçün dünya təcrübəsindən, xüsusilə xaricdəki jurnalistlərin potensialından geniş istifadə etməkdən ibarətdir. Biz daxili auditoriya üçün yeni kontent nümunələri yaradacağıq, interaktivliyi, ictimai fəallığı, ictimai nəzarəti artırmağa çalışacağıq və Azərbaycanın beynəlxalq aləmlə media əlaqələrinə, nüfuzu məsələlərinə xüsusi diqqət ayıracağıq.


- Azərbaycan media azadlığına görə hələ də dünya üzrə sonuncu yerlərdə qərarlaşır. Media və jurnalistlər ağır durumlardan keçiblər və hələ də keçirlər. Ölkədə müstəqil media demək olar ki, qalmayıb. Siz də bu təhlükələrdən və proseslərdən keçmisiniz. Təcrübəli biri olaraq bundan sonra qarşılaşa biləcəyiniz bütün təhlükələri gözə almısınızmı?


-Azərbaycanın media azadlığı üzrə sonuncu yerlərdən uzaqlaşması "texniki baxımdan" asandır. Bunun üçün beş-altı həbsxana qapısını açmaq və beş-on qanundan cəfəng məhdudlaşdırıcı normaları çıxarmaq kifayətdir, çünki qiymətləndirmələrdə ölkəyə ən aşağı ballar gətirən məhz bunlardır. Onda görərik ki, ölkənin adının bədnam siyahılara düşməsi erməni təbliğatının, yoxsa öz məmurlarımızın, siyasətçilərimizin əməllərinin nəticəsidir. Bəs bütövlükdə ölkədə hökm sürən mühiti, problemlərə yanaşma tərzini neyləyək? Bilirsiniz, dünyada bütün millətlər, bütün hökumətlər aşağı-yuxarı eyni problemlərin həlli üzərində çalışırlar. Onları fərqləndirən, kateqoriyalara bölən yalnız bu problemlərin həlli üsullarıdır. Azərbaycanda üsul olaraq həbsxana, dəyənək, nifrət dili, hamını ya əzməklə, ya qorxutmaqla, ya satın almaqla öz iradənə tabe etdirmək cəhdi seçilib. Hökumət illərlə elə köklənib ki, özünə də hava-su kimi lazım olan mediaya müttəfiq deyil, potensial təhlükə mənbəyi kimi baxır və təbii, eyni cavabı alır. Nə qədər ki, bu yanaşma tərzi dəyişməyib, heç kim özünü təhlükədən kənar hiss edə bilməz.


O cümlədən biz. Ya dəyişməliyik, ya köçüb getməliyik, ya da bir-birimizi döyə-döyə, aşağılaya-aşağılaya Azərbaycanı o xatırlatdığınız bədnam siyahıların sonuna sürükləməliyik. Dünya mediası bizə, yumşaq desək, heyrətlə baxır (əgər, ümumiyyətlə, gözünə görünürüksə). Beynəlxalq jurnalistikada ən canlı müzakirələr bu gün "yeni media texnologiyaları və biznes-modelləri" ətrafında gedir, Azərbaycanda özlərini "media kapitanları" adlandıranlar isə, heç biznes-modelin nə olduğunu bilmədən, hələ də "söyüşdən və reketçilikdən necə yaxa qurtarmaq olar?" dilemması üzərində baş sındırırlar. Mən sizə deyim: bu yanaşma tərzi ilə, bu düşüncə ilə heç cür. Çünki o söyüş də, o reketçilik də medianın "doğma övladları" deyil, siyasətin onun qucağına oturtduğu "bic balalardır". Odur ki, belə mühitdə, əlbəttə, təhlükələri göz önünə almaqla, həmfikirlər axtarmaq, onlara arxalanmaq lazımdır.


-Bu təhlükələrdən sığortalanmağın yollarından biri hakimiyyətin cızdığı çərçivələri aşmamaqdır, digəri isə çiyninizdə görünməyən qüdrətli bir əlin olmasıdır. Əgər sirr deyilsə, siz bu yollardan hansını seçmisiz? Və əgər bu yollardan heç birini seçməmisinizsə, özünüzü təhlükələrdən qorumaq üçün alternativ yolunuz nədir?


-Heç siz sadaladıqlarınız da mütləq mənada sığorta deyil. "Siyasi çərçivə" çox şərti anlamdır. Hətta hakimiyyətin yüksək şəxslərinin cızdıqları çərçivələrin aralarında ciddi fərqlər var. Məsələn, bu gün İctimai televiziya ilə Space, Lider, Xəzər kanallarını müqayisə etmək kifayətdir ki, bunu görəsən. Hökumətdən gördüyün işə maneə yoxdursa, bu özü artıq dəstəkdir. Digər tərəfdən, səni göylərə qaldıran qüdrətli əl bir gün, Hans Xristian Andersen demişkən, ovcunu aşağı çevirə bilər, onda təpəsi aşağı gələcəksən. Hətta ictimai rəy də öz-özlüyündə dayaq deyil, sürüşkən zəmindir.


Dünyanın qüdrətli siyasətçilərindən Çörçill deyirdi ki, demokratiyaya qarşı ən yaxşı arqument orta seçici ilə beş dəqiqəlik söhbətdir. Hamısından düzgünü prinsiplərə arxalanmaq, onlara sadiq olmaqdır. Baxışları prinsipial olaraq uyğun gələn, proseslərə təsir imkanı və iradəsi olan, islahatlara, ilk növbədə ictimai münasibətlərdə sivil dəyişikliklərə çalışan tərəflərlə əməkdaşlıqdır. Bizim üçün yeganə qeyri-şərti çərçivə jurnalistikanın tələblərinə və insan mənəviyyatına əsaslanmış peşə qaydalarıdır. Azlıqda qalmağın da qorxusu yoxdur. Hamının oxuduğunu oxuyacaqsansa, neyləyirsən jurnalistikanı, get xora yazıl. Bax onda, bəlkə, deyə bilərsən ki, sən sığortalanmısan.


-Birdən-birə yenidən Press Klubun meydana gəlməsi bir çoxlarında böyük marağa səbəb olub. Məsələn, əsas maraq dairələrindən biri maliyyə mənbəyinizdir. Bundan başqa yenidən fəaliyyətinizi bərpa etməyinizi hakimiyyətin nüfuzlu qanadı ilə əlaqələndirənlər də var. Bu fikirlərə münasibətiniz necədir? Deyilənlərdə həqiqət payı nə qədərdir?


-Əsas marağın görülən işə, məqsədə deyil, maliyyə mənbələrinə yönəlməsində böyük qəribəlik görmürəm, müdriklər deyirlər ki, nədən danışırlar-danışsınlar, söhbət puldan gedir. Xüsusilə də Azərbaycanda. Uzun müddət davam edən eybəcər ictimai münasibətlər burada kütləvi psixologiyanı çox zədələyib, hamı bir-birinə şübhə ilə baxır.


Hacı Zeynəlabdin Tağıyevin xeyriyyəçılık fəaliyyətindən bəh-bəhlə danışırıq. Deyirik ki, daha belə kişilərdən qalmayıb. Niyə? Çünki bu gün ortaya bir "Hacı" çıxanda, ya hökümət damlayıb alt tumanına qədər soyundurur, ya camaat çərlədib öldürür. İndi ki siz də soruşursunuz, deyim. Əvvəla, şükür qələmin kəramətinə, özümüz, bu işdə qabağa düşmüş şəxslər - mən də, Elçin Şıxlı da, Qulu Məhərrəmli də, Mehman Əliyev də - fərdi ehtiyacı olan adamlar deyillər. Elə son ayda tək məndən çıxılmış rəsmi vergilərin hesabina başqası yarım il sayt saxlyar.


İkincisi, başqa dostların, məsləkdaşların böyük köməyi olub və indi də var. Saytın qurulması, serverlərin tutulması və saxlanması, yerin icarəsi, sairə məsələlərdə dəstək bu gün də davam edir. Uçüncüsü, bizim diaspora nümayəndələrimizin, xaricdəki jurnalistlərimizin köməyi əhəmiyyətlidir və mən bu istiqamətdə yardımın genişlənəcəyinə xüsusi ümid edirəm. Söhbət birbaşa pul köçürmələrindən getməsə də, son nəticədə maliyyəyə bağlıdır: bura səfərlərin təşkili, materialların bölüşməsi, texniki təminat daxildir.


Dördüncüsü, Press Klub fəaliyyətinin ilk günündən qazanc əldə etməyə başlayıb. Jurnalist şəbəkəsinin yaradılması, monitorinq, təhlil, araşdırma, informasiya texnologiyalarının tətbiqi sahələrində xidmətlər göstərir. Bizim partnyorlarımız arasında dövlət orqanı, xaricdə azərbaycanlıların təşkilatı, beynəlxalq və yerli media qurumları var.


Maliyyə mənbələrinin diversifikasiyası təşkilatın dayanıqlığı üçün çox vacidbir. Hələ də maliyyə dəstəyinə ehtiyacımız var. Görürsünüz ki, bütün Press Klub hələ ki, virtual resurslardan və iki otaqdan ibarətdir, başqaları kimi iri binalarda zallar təklif edə bilmirik. Odur ki, kiminsə əlavə yardım göstərmək, qrant ayırmaq, xidmət sifariş etmək fikri varsa, əməkdaşlığa hazırıq. Kənardan baxıb maliyyə arayışı tələb edənlər çox olacaq, amma biz qarşıya qoyduğumuz məqsədə yetməkdə kömək üçün uzadılan əlləri hər zaman sıxacağıq.(Turan)

Tarix:17-10-2019, 14:00 Baxış Sayı:37 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
İlham Əliyev “Azərsu”ya beş milyon manat ayırdı
Bakıya yeni atraksionlar gətiriləcək
Azərbaycanlı saxta sənədlə yaşayış icazəsi almaq istədi
Məşhur azərbaycanlı generala AĞIR İTKİ
Şamaxıda zəlzələnin ziyan vurduğu 500 ev təmir olundu
Yağış yağacaq
Elina işində yenilik - Apelyasiya şikayəti verildi
Bakıda qapalı avtobus dayanacaqları yaradıla bilər (ÖZƏL)
"Instagram"a "TikTok"dakı kimi video redaktor əlavə oluna bilər
"Şamaxinka"dakı nəhəng yerüstü keçidlə bağlı — SON QƏRAR
Bu gün Gözdən Əlillər günüdür
Beş müxalif partiya sədri görüşdü: yeni birlik, yoxsa...
Bakı metrosunda qatarlar yenə gecikdi
Füzulinin illərdir axtarılan “Ərəb divanı” bu ölkədə tapıldı
Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
“WhatsApp” bu istifadəçiləri bloklayır
İnternat məzunundan bəzi mətbuat nümayəndələrinə sərt müraciət- Video
İzmirli iş adamları Azərbaycana işgüzar səfər ediblər
MSK sədri: Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın
Yağış yağacaq, güclü külək əsəcək...
“BDU-da baş verən biabırçılıqlar...” – Ekspert Təhsil nazirinə çağırış etdi
Bakı metrosunun iki stansiyasının adı dəyişdirilir - Rəsmi
Azərbaycanda ilk dəfə 5G şəbəkəsi istifadəyə verilib
Şirvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edildi
Almaniya məhkəməsindən azərbaycanlı ailə ilə bağlı qərar - Deportasiya edildi - Foto
Azərbaycanda Konstitusiya Günüdür
Vahid Səmədov vəzifəsindən AZAD EDİLDİ
Azərbaycan Ordusu bu gündən yeni növ silahlarla təlimə başlayır
Beş gün dərs olmayacaq
"Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu" - Deputat

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla