Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

2021-ci il Ermənistana yeni fəlakətlə gəlir - aclıq və qıtlıq qapıda

2021-ci il Ermənistana yeni fəlakətlə gəlir - aclıq və qıtlıq qapıda
6-01-2021, 18:52 52 dəfə baxılıb

2021-ci il Ermənistana yeni fəlakətlə gəlir - aclıq və qıtlıq qapıda








2-ci Qarabağ müharibəsində işğalçı Ermənistan təkcə ağır hərbi məğlubiyyətlə üzləşmədi, həmçinin müharibəyədək kritik durumda olan iqtisadiyyatı əlavə, sarsıdıcı zərbələr yedi, maliyyə durumu daha da pisləşdi. Təbii ki, ölkəmiz də itirdi. Ancaq iqtisadçılara görə, qat-qat imkanlı və varlı Azərbaycan “öz yaralarını” Ermənistanla müqayisəedilməz dərəcədə sürətlə sağaldacaq. Kapitulyasiyaya tuş gələn ölkəni isə əksinə, yeni fəlakətlər gözləyir, əgər müharibədə aldığı dərsdən düzgün nəticə çıxarmasa.

Artıq soyuq qış öz “vəzifəsi”nə başlayıb. Ermənistanda vəziyyəti çətinləşdirən indi həm də budur. Çünki ölkə hələ də özünün energetik təhlükəsizliyini təmin edə bilməyib və tamamən Rusiyadan, onun təbii qazından asılıdır. Lakin məsələ ondadır ki, Rusiya mavi yanacağı Ermənistana aşağı, daxili bazar qiymətinə satsa belə, bir azdan hətta həmin qiyməti ödəməyə də yoxsul ölkənin məhdud büdcəsinin gücü çatmayacaq. İstər idxal edilən təbii qaz olsun, istərsə də zəruri ərzaq məhsulları. Ona görə ki, alqı-satqı ABŞ dolları əsasında həyata keçirilir. Dollar ehtiyatı isə tükənməkdədir.

“Ermənistanda ərzaq böhranı yetişməkdədir, hansı ki, özünü 2021-ci ilin yazında hiss etdirəcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu ölkənin keçmiş baş naziri Qrant Baqratyan iki gün öncə İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, bunun əsas səbəbi Ermənistanın Qarabağ müharibəsi nəticəsində “ərazi itkiləri” ilə üzləşməsidir. “Mart, aprel, may aylarında bizdə aclıq ola bilər. Mən yaxşı heç nə görmürəm. Məsələ ondadır ki, bizim ciddi ”ərazi itkilərimiz" olub. Biz minlərlə hektar əkin sahəsini, otlaq sahələrini, buğda tarlalarını itirmişik (söhbət sözsüz ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən gedir - red.)", - deyə o bədbin notda vurğulayıb.

Keçmiş baş nazir, habelə Mərkəzi Bankın rəhbərliyini səriştəsizlikdə günahlandıraraq, Ermənistanın valyuta ehtiyatlarının hər ay “əridiyini” söyləyib. “Təkcə oktyabr ayı ərzində Mərkəzi Bank 500 milyon dollarlıq pulu havaya sovurub” - Baqratyan əlavə edib.

*****

Öz növbəsində ölkənin keçmiş maliyyə naziri Vardan Aramyan hesab edir ki, Ermənistan iqtisadiyyatını xilas etmək və mümkün kollapsın qarşısını almaq üçün qeyri-populist addımlar atmağın vaxtı çatıb. Bu barədə o, 2021-ci ildə ölkəni gözləyən maliyyə-iqtisadi problemlərdən danışarkən söyləyib.

“Populist addımlar iqtisadi potensialın israfına gətirib çıxarır, yəni: hökumətin bu an üçün hərəkətləri ona hesablanıb ki, cəmiyyət, məsələn, kimin üçünsə doğum müavinətinin həcmini artırdığına görə Nazirlər Kabinetini tərifləsin. Və ya cəmiyyət deməlidir ki, heç bir hökumət indiki hökumət qədər minimum əmək haqqını kəskin artırmayıb”, - deyə Aramyan fikrinə davam edib.

Keçmiş nazirə görə, hakimiyyət orqanlarının son iki il yarımdakı ağıllı olmayan iqtisadi siyasəti Ermənistan iqtisadiyyatının onurğa sütununu qırıb: “Bundan əlavə, 2021-ci ildə Ermənistanı bu istiqamətdə çox ciddi risklər təhdid edir. Yeri gəlmişkən, Qarabağdakı müharibədən və koronavirus pandemiyasından əvvəl - 2019-cu ildə investisiyaların həcmi 14% azalmışdısa, 2020-ci ildə bu rəqəm 20%-ə çatıb”.

Eks-nazir investisiya qoyuluşları və ya perspektivli iqtisadi siyasət üçün dörd əsas amili vacib sayır: vergi-büdcə sabitliyi, pul-kredit və maliyyə sabitliyi, siyasi sabitlik və təhlükəsizlik. Onun qənaətincə, ölkədəki böhranlı vəziyyətdən çıxmağın tək yolu iqtisadi siyasətin sərtləşdirilməsi ola bilər.

“Hökumət baş nazir səviyyəsində müəyyən xərcləri öz üzərinə götürəcəyini bəyan edir. Belə davam edərsə, Ermənistan iqtisadi kollaps və defolt təhlükəsi ilə üzləşəcək” - sabiq maliyyəçi xəbərdarlıq edib və hökuməti arzuolunmaz ssenaridən yayınmaq üçün vəziyyətin qəti olaraq pisləşməsini gözləmədən xalq üçün ağrılı olacaq vasitələrdən istifadəyə çağırıb: “Aparılan siyasət isə iqtisadi vəziyyəti yalnız ağırlaşdırmaqdadır. Bəli, zaman gələcək ki, iqtisadiyyat cari xərcləri qarşılamaq üçün kifayət qədər pul generasiya edə bilməyəcək. Və borc verənlər - kreditorlar da ya borc verməyi dayandıracaq, ya da astronomik faizlə borc verəcəklər. Bunun nəticəsi isə iqtisadi kollaps olacaq. Nə vaxt ki, investorlar borc verməkdən imtina edirlər və defolt baş verir”.

Mümkün hakimiyyət dəyişikliyi ilə iqtisadi siyasətdəki dəyişikliyə gəlincə, keçmiş maliyyə naziri yenə nikbin deyil. “Öz üzərinə bu cür öhdəliklər götürən siyasi qüvvə riskə getməli, populist addımlardan imtina etməli və qeyri-populyar addımlara əl atmalıdır - hansı ki, öz növbəsində ictimai narazılıq dalğasına səbəb olacaq”, -deyə o əlavə edib.

Qeyd edək ki, fevral ayından Ermənistanda üstəlik, elektrik enerjisi bahalaşacaq...

*****

Göründüyü kimi, 44 günlük savaşda sarsıdıcı zərbə almış Ermənistan dövlət və cəmiyyət olaraq, heç vaxt olmadığı qədər kritik bir ilə daxil olub. Özü də vəziyyət indi ölkə sükanı arxasında hansı “-yan”ın durmasından bir elə asılı deyil. İqtidarda Paşinyan olsun, ya qeyrisi, ciddi fərq etməyəcək. Çünki erməni xalqı, onun gələcəyini təhdid edən böhrandan qurtulmaq və nəhayət, inkişaf yoluna çıxmaq istəyirsə, hakimiyyəti deyil, öncə on illərdir ona sırınan yanlış strateji kursu dəyişməlidir.

Bir daha yada salaq ki, düşmən ölkənin maliyyə-iqtisadi göstəriciləri müharibə olmasaydı belə, olduqca zəif idi. Hazırkı iqtisadi, ardınca isə siyasi böhrandan çıxmağın yeganə yolu isə ölkənin Azərbaycan və Türkiyə kimi iki əsas qonşu dövlətlə iqtisadi-ticari əlaqələri tam həcmdə bərpa etməkdir, nəinki həmsərhəd olmayan Rusiyaya bel bağlamaq. Bundan ötrü də ən əvvəl kommunikasiyalar, sərhədlər açılmalıdır.

Şərtlər çoxdan masa üzərində...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram