Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

 Ermənistan əhalisi növbəti dəfə iqtidara da, müxalifətə də “YOX” dedi - TƏHLİL

 Ermənistan əhalisi növbəti dəfə iqtidara da, müxalifətə də “YOX” dedi - TƏHLİL
22-02-2021, 14:33 47 dəfə baxılıb

  Ermənistan əhalisi növbəti dəfə iqtidara da, müxalifətə də “YOX” dedi - TƏHLİL








Fevralın 20-də Ermənistanda müxalifətin az qala bütün liderlərinin və əksər siyasi partiyaların təşkil etdikləri mitinq növbəti dəfə biabırçılıqla başa çatmalı oldu. Əvvəlki mitinqlərdən fərqli olaraq 17 siyasi partiyanın cəmləşdiyi birləşmiş müxalifət (faktiki isə, daha az siyasi partiya) budəfəki aksiyanı ümumxalq mitinqinə çevirmək istəyir, əvvəlcədən ən müxtəlif kürsülərdən çağırış edirdilər. Ayrı-ayrı siyasi partiyalar, bəzi tanınmış ziyalılar, elm və incəsənət adamları vətəndaşları Paşinyanı devirmək üçün fevralın 20-də İrəvanın mərkəzindəki ümumxalq etirazına qoşulmağa çağırırdılar. Rusiyadakı erməni diasporu və Koçaryana xidmət edən müxtəlif media orqanları, teleqram kanalları xalqı durmadan mitinqə qoşulmağa və Paşinyana “rədd ol” deməyə səsləyirdi. Ümumxalq mitinqinin məhz fevralın 20-nə təyin edilməsi təsadüfi deyildi. 1988-ci ilin 20 fevral tarixində ermənilər Cənubi Qafqazı xaosa çevirəcəkləri bir prosesə başlamışdılar. Aksiya təşkilatçıları düşünürdülər ki, həmin hadisələrin 33-cü ildönümü günü meydanlar dolacaq və xalq Paşinyanı devirərək “vətənpərvərlərin” (özlərini belə adlandırırlar) hakimiyyətə gəlməsinə şərait yaradacaq.

Lakin proseslərin gedişi göstərdi ki, 20 fevral tarixi erməni cəmiyyətinin əksər üzvünü maraqlandırmadı. Şənbə günü mitinq baş tutsa da, meydanda olan insanların sayına baxarkən nəinki Paşinyanı devirmək, heç növbədənkənar seçkilər keçirmək belə məntiqli görünmürdü.

Bundan əvvəl olduğu kimi, bu dəfə də müxalifətin İrəvanın mərkəzində keçirdiyi mitinqdə "Xain Paşinyan”, "Rədd ol!” şüarları, "Paşinyan hakimiyyəti istefaya getməlidir” şüarlar səsləndi.

Manukyan Qarabağ klanına qarşı?

Budəfəki mitinq digər məqamları da üzə çıxardı. Müharibədən sonrakı dövrdə birlik nümayiş etdirmək istəyən, lakin xalqın onların yanında olmadığını görən siyasi liderlərin toplandığı müxalifət komandasında çatlar görünməyə başlayıb. Misal üçün müxalifətin Baş nazirliyə vahid namizədi kimi təqdim olunan “Vətənin xilası hərəkatı”nın lideri Vazgen Manukyan bildirib ki, Paşinyan getsin, amma yerinə sabiqlər gəlməsin. Sitat: "Nikol Paşinyan getsə, ancaq onun yerinə iqtidar, güc, pul hərisləri, seçkiləri saxtalaşdıranlar gəlsələr, bu o deməkdir ki, biz hədəfimizə çatmadıq. Belə olarsa, yenə başqa bir Nikol ortaya çıxacaq".

“Vətənin xilası hərəkatı”nın lideri Kremlə söz atır

Digər maraqlı məqam isə Rusiya ilə bağlıdır. Rəsmi Kremlin Ermənistanda müxalifətə dəstək verməməsi artıq müxalifətin bəzi nümayəndələrini də danışdırmağa başlayıb. Məsələn, elə həmin Manukyan açıq şəkildə Kremli ittiham edir və Rusiyanın Ermənistana nəzarət etməsinin yolverilməz olduğunu bildirir: "Heç birimiz 9 noyabrda imzalanan üçtərəfli bəyanatla razı deyilik. Lakin biz bunu ləğv edə bilmərik, çünki bütün bunların arxasında bizə lazım olmayan və hazır olmadığımız müharibə dayanır. Zəngəzurdan keçməli olan yollara, Ermənistandakı bütün yollara yalnız və yalnız Ermənistan Respublikası tərəfindən nəzarət olunmalıdır. Heç bir başqa ölkənin bizim yollarımıza nəzarət etmək hüququ yoxdur".

Müxalifət nə təklif edir?

Yeri gəlmişkən, Manukyanın və onun komanda yoldaşlarının mitinqdəki çıxışlarını təhlil etsək, bir daha Ermənistan cəmiyyətinin niyə küçələrə çıxıb Paşinyana etiraz etməməsinin səbəblərini başa düşmüş olarıq. Fevralın 20-də baş tutan mitinqdə Paşinyansız Ermənistanın inkişafa nail olacağından danışan müxalifət liderləri ortaya yeni cəlbedici təkliflər və proqramlar qoymaq əvəzinə, köhnəlmiş tezislərlə çıxış ediblər. Ordunu gücləndirmək, Türkiyənin bütün düşmənləri ilə birləşmək, Rusiya, Çin və İranla münasibətləri bərpa etmək. Ermənistan vətəndaşına düşdüyü ağır böhrandan çıxış yolunu bu şüarlarla ifadə edən Paşinyanın düşmənləri təəccüblü deyil ki, xalqın böyük əksəriyyətinin rəğbətini qazana bilmirlər. İndi Cənubi Qafqazda baş tutan inqilabi dəyişikliklərdən sonra Manukyanın, Sarukyanın, Koçaryanın, Sarkisyanın erməni xalqına etdiyi təkliflər bu ölkəni gələcəyə yox, yenidən 30 il keçmişə aparmaq məqsəd güdür. Bu 30 il ərzində Ermənistanda əhalinin yarısının xaricə miqrasiya etməsini, ölkədəki sosial-iqtisadi durumun aşağı səviyyədə olmasını, bu dövlətin regional proseslərin küncündə can verdiyini və nəhayət, Azərbaycana məğlub olduğunu nəzərə alsaq, birləşmiş müxalifətin hətta seçkilər baş tutsa belə, hakimiyyət partiyasına qalib gəlməyəcəyi şübhəsizdir.

“Gallup” Beynəlxalq Assosiasiyasının sorğusu

Təsadüfi deyil ki, dünyanın nüfuzlu “Gallup International” təşkilatının da keçirdiyi sorğunun nəticəsində Ermənistan əhalisinin əksər hissəsinin köhnə siyasətbazlara səs verməyəcəyi aydın olub. 20 fevral mitinqi öncəsi sorğu keçirən təşkilat maraqlı və aktual suallara cavab tapmağa çalışıb. Məsələn, mitinq öncəsi əhalinin bu ümumxalq yürüşü ilə bağlı rəyini alan “Gallup”-un sorğusunun nəticələrinə görə, vətəndaşların 89,1 faizinin İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqdə iştirak etməyəcəyi ortaya çıxıb və mitinq zamanı bu nəticə özünü doğruldub.

Ermənistan əhalisi arasında siyasi qüvvələrə inam sualının isə, aşağıdakı nəticələri bəlli olub. 5 ballıq sistemlə Ermənistandakı siyasətçiləri qiymətləndirən sorğu iştirakçıları Baş nazir Nikol Paşinyana 2.8, prezident Armen Sarkisyana 2.3, “Çiçəklənən Ermənistan” Partiyasının lideri olan oliqarx Qaqik Tsarukyana 2.2, eks-prezident Robert Koçaryana 2, “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyana 1.8, eks-prezident Levon Ter-Petrosyana 1.7, keçmiş baş nazir və birləşmiş müxalifətin vahid namizədi Vazgen Manukyana 1.6, sabiq MTX rəhbəri və Vətən Partiyasının sədri Artur Vanesyana isə 1.5 bal səs veriblər.

Respondentlərin 33.1 faizi bu gün seçki keçirilərsə, Paşinyanın partiyasına səs verəcəyini bildirib. Sorğuda iştirak edənlərin 27.2 faizi isə heç bir siyasi qüvvəyə səs verməyəcəyini söyləyib. “Çiçəklənən Ermənistan” Partiyası 4.4 faiz, “İşıqlı Ermənistan” Partiyası 2.6 faiz, “Respublika” Partiyası 2.2, “Daşnaksütun” Partiyası da 2.2, Vətən Partiyası isə 0.9 faiz respondentin etimadını qazanıb.

Sorğu iştirakçılarının 43.6 faizi hesab edib ki, Nikol Paşinyan istefa verməlidir. 38.8 faiz isə onun səlahiyyət müddəti başa çatanadək vəzifədə qalmalı olduğunu düşünür.

Eyni zamanda, Ermənistan vətəndaşlarının 32,2%-i Qarabağ müharibəsindəki məğlubiyyətə görə keçmiş hakimiyyətin, 28,8% isə Paşinyan hökumətinin təqsirli olduğunu bildirib.

Beynəlxalq rəy mərkəzi olan “Gallup”-ın keçirdiyi sorğunun nəticələrindən belə qənaət hasil olur ki, müharibədəki məğlubiyyətə baxmayaraq, Nikol Paşinyan Ermənistanda hələ də “ən reytinqli” siyasətçidir. Bunun səbəbi hazırkı Baş nazirin uğurlu siyasəti yox, keçmiş hakimiyyətin korrupsiya əməlləri və digər cinayətlərə görə ictimai nüfuzunu itirməsi, revanşistlərin Ermənistanı yenidən keçmişə qaytarmaq niyyəti, bunun riskləri və vətəndaşların xarici siyasət orientrləridir. Müharibənin Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistanın məğlubiyyəti ilə nəticələnməsinə baxmayaraq, əhalinin daha çox hissəsi Azərbaycan liderinin də söylədiyi fikirləri dəstəkləyərək ölkənin düşdüyü bu durumda məhz Koçaryan-Sarkisyan hakimiyyətini günahkar sayır. Bu iki caninin son günlər verdiyi müsahibələr də mitinq öncəsi ictimai rəyə təsir etmək üçün hesablansa da, əhalinin əksər hissəsi onların timsalında Qarabağ ermənilərini hakimiyyətdə görmək istəmədiyini bir daha nümayiş etdirmiş oldu. Hakimiyyətdə Nikol Paşinyanı da görmək istəməyən erməni cəmiyyəti sadəcə olaraq bu gün seçim variantının olmaması səbəbindən hələlik “pis və daha pis” seçimləri qarşısında dayanıb.

Öz növbəsində, bütün bu hadisələr bir daha göstərdi ki, erməni cəmiyyəti bütün bu illər ərzində Azərbaycanın xəbərdarlıqlarına qulaq assaydı, indi bütün bunlar yaşanmazdı. Bu gün Ermənistanda hər kəs bilməlidir ki, bu ölkə Azərbaycanla müharibəni uduzub və onun ancaq və ancaq bir yolu var: Gələcəyə baxaraq regionda yaranmış yeni proseslərdə iştirak etmək. Bu gün hər kəsin gözləri qarşısında bir Ermənistan var - faktiki olaraq suverenliyini itirmiş Ermənistan, tarixi gücünü itirmiş erməni kilsəsi və diasporu. Ona görə də, yaxşı olardı ki, Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən qonşu ölkələrin torpaqları haqqında, ələlxüsus Azərbaycanın tarixi əraziləri haqqında xəyallara qapılmasın. Başa düşsün ki, dövlətçiliklərini qorumaq üçün Azərbaycanla ən azı normal qonşuluq münasibətlərinə malik olmalıdır.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram