Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İrəvanda terror küləyi, “B planı” - TƏHLİL

İrəvanda terror küləyi, “B planı” - TƏHLİL
24-02-2021, 11:15 60 dəfə baxılıb

İrəvanda terror küləyi, “B planı” - TƏHLİL








Ermənistanın radikal-revanşist müxalifəti 4 aydır baş nazir Nikol Paşinyanın istefasına nail ola bilmir. Çünki yetərli sayda protest elektorat toplamağı bacarmır. Bu isə o anlama gəlir ki, cəmiyyətin əksəriyyəti opponentlərin müharibə, qan iyi verən mövqeyini bölüşmür, tələblərini dəstəkləmir. Ən yaxşı halda onlara biganədir.

Az öncə ABŞ-ın nüfuzlu “Gallup” sorğu şirkətinin Ermənistanda apardığı plebissitin nəticələri də ağası-yuxarı bu qənaəti təsdiqləmiş oldu və müxalifət üçün şok effekti yaratdı. Bəlli oldu ki, Azərbaycanla 44 günlük müharibədə kapitulyasiya aktına imza atsa da, Paşinyan yenə ölkədə ən populyar və etimad edilən siyasi xadim olaraq qəbul edilir. O, hətta Qarabağ klanının liderləri - eks-prezidentlər Serj Sərkisyan və Robert Köçəryanın toplam reytinqindən də üstün reytinqə malikdir.

Şübhə yox ki, sorğunun yekunundan həm Rusiya, həm də Qərb məmnun qalıb. Hər necə olmasa, hər iki güc mərkəzi Ermənistanda böyük siyasi təlatümlərin olmasını arzulamır və nə qədər qəribə olsa belə, Rusiya da, ABŞ və Avropa da Nikolu özünə yaxın sayır. Nikol Paşinyana bu status təbii ki, zorla sırınıb - II Qarabağ savaşı “sorosçu” baş naziri Kreml üçün sözəbaxan rəhbərə çevirməklə. Halbuki daxilən, məfkurə etibarilə o, gizli qərbçi olaraq qalır.

Amma Paşinyan daha əvvəlki həvəslə bunu qabarda, Moskvanı şantaj edə bilmir. Çünki fərqindədir ki, ölkəsi “reanimasiya”dadır və çökmüş iqtisadiyyatın, darmadağın olmuş ordunun bərpası Rusiyasız qeyri-mümkündür...

*****

Əslində bunu revanşist müxalifət də anlayır. O səbəbə Ermənistan üçün hökumətdən fərqli “yol xəritəsi”, “xilas düsturu” ortaya qoya bilmir. Lakin ictimaiyyətin gözündə yaxşı mənada Nikol Paşinyandan fərqlənmək və toplunun saqqızını oğurlamaq, daha kreativ görünmək naminə, - buna o məcburdur, - müxalifət absurd, olduqca təhlükəli siyasi performanslar edir. Erməni xalqına isə miflər yox, vəziyyətdən real qurtuluş sxemi lazımdır.

Məsələ də bundadır: hazırda müxalifətin hakimiyyətə legitim yolla gəlməsinə əngəl olan iki mühüm faktor var: 1. düşərgədə cəmiyyətin birmənalı şəkildə qəbul edəcəyi güclü və nüfuzlu liderin olmaması və 2. Ermənistanı postmüharibə böhranından çıxarmaq üçün işlək proqramın yoxluğu.

Bütün bunlar isə Paşinyan hakimiyyətinin ömrünü sövq-təbii artırır, onun əlinə işləyir. Onu indi yalnız bir yolla postundan salmaq olar - zorakı üsulla, terrorla. Təsadüfi deyil ki, aylardır əsas hədəfinə çata bilməyən müxalifət getdikcə daha açıq şəkildə Paşinyanı fiziki haqq-hesab çürütməklə hədələyir. Ötən şənbə mitinqində bu xüsusda çağırışlar birbaşa vahid namizəd Vazgen Manukyanın dilindən səsləndi. Hakimiyyətə gəlməyin “B planı”ndan danışan Manukyan hamını hökuməti zor gücünə devirməyi nəzərdə tutan həmin plana hər an hazır olmağa səsləyib.

Bu da əsla təsadüfi deyil ki, cəmiyyətdən yetərli dəstək görməyən müxalif düşərgə erkən seçkiləri yalnız Paşinyan istefaya getdikdən sonra mümkün sayır. Faktiki xalqdan ümidini üzən müxalifət həmçinin prezident Armen Sərksiyandan tələb etməyə başlayıb ki, baş naziri boykot eləsin, onun göndərdiyi sənədləri imzalamasın. Bu zaman bir sadə gerçəyi unudurlar ki, Sərkisyanın özünü də elə parlament seçib - harada ki, Paşinyan tərəfdarları mütləq üstünlükdədir...

*****

Əlbəttə ki, Paşinyan da “asan sınan qoz” deyil və öz kontur-tədbirlərini görür. Xüsusən də siyasi mübarizədə terrora çağırış edənlərə qarşı. Artıq bəzi həbslər aparılıb. Diqqətçəkən həm də odur ki, bu həbslərə Rusiya və Qərbdən heç bir etiraz gəlməyib. Bir səbəbi vurğuladıq. “Gallup”un sorğusundan sonra isə heç şübhəsiz, Paşinyan özünü indi daha inamlı hiss edir. Müxalifət, özəlliklə Qarabağ klanının odiozları hələ də möcüzəyə inanırlar.

“Köçəryan çox yaxşı başa düşür ki, Ermənistanın hazırkı baş nazirinin kürsüsü elektrik stuludur. İndi Ermənistanı böhrandan çıxarmaq və itirilənləri geri qaytarmaq üçün dövlət başçısının kürsüsünə oturan hər kəs özünü ölüm təhlükəsinə məruz qoyacaq. Həm yaranacaq ”fürsət pəncərəsi"ndən dərhal istifadə etmək, həm də cəmiyyəti birləşdirmək və orduda islahatlar aparmaq üçün sərt siyasətə, hər şeyə hazır olan fövqəladə dərəcədə hökmlü, təcrübəli və iradəli bir insana ehtiyac var. Bu rola yenə ən yaxşı uyğun gələn odur - Köçəryan".

“Yeni Müsavat”ın məlumatına görə, sitat Xocalı hərbi canisi Robert Köçəryanı dəstəkləyən bir yerli media qurumunda getmiş yazıdandır.

Lakin “sərt əl”in nəyə gətirdiyini erməni xalqı Qarabağ klanının 20 illik xunta rejimi dövründə əyani şəkildə görüb, öz dərisində yaşayıb. Artıq onu da anlayıb ki, hazırkı acınacaqlı durumun əsas baiskarı Paşinyan komandasından çox, illər uzunu Azərbaycanla konfliktin həllinə imkan verməmiş, cəmiyyəti “cənnət nağılları” ilə yedizdirmiş Qarabağ klanıdır. “Gallup”un son sorğusu da eyni qənaəti təsdiqləyib. Respondentlərin əksəriyyəti 44 günlük müharibənin yekununa görə haqlı olaraq, Nikol Paşinyanı deyil, əvvəlki iqtidarları günahkar çıxarıblar.

Bu mənada müxalifət olduqca riskli “B planI” ilə əslində özünə quyu qazır...
“Yeni Müsavat”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram