Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sənaye zonası yaşayış massivinə çevrilib: - Minlərlə insan təhlükə ilə üz-üzə yaşayır

Sənaye zonası yaşayış massivinə çevrilib: - Minlərlə insan təhlükə ilə üz-üzə yaşayır
24-02-2021, 13:00 58 dəfə baxılıb

 Sənaye zonası yaşayış massivinə çevrilib: - Minlərlə insan təhlükə ilə üz-üzə yaşayır






Küçənin ortası ilə dəmir yolu xətti keçir, divarı neft kəmərinə söykənən evlərin qapısı da elə başqa bir boru xəttinə açılır. Havada qəribə üfunət qoxusu var və 24 saat dayanmayan qurğuların səs-küyü qulaq deşir. Yəqin belə yerdə bir neçə dəqiqədən artıq dayanmaq istəməzsiniz. Amma təəssüf ki, Bakıda illərdir bu cür yerlərdə yaşayan minlərlə insan mövcuddur. Özü də, necə deyərlər, düz şəhərin ortasında.

Heydər Əliyev adına Neft Emalı Zavodunun yanından keçəndə ətrafdakı yaşayış evləri dərhal adamın diqqətini özünə çəkir. Axı bu qədər böyük zavodun yaxınlığında, neft kəmərlərinə bitişik evlərdə insanlar necə yaşayır? Yəqin qurd ürəyi yeyiblər ki, bir belə təhlükədən qorxmurlar. Burada məskunlaşan insanların hekayesi ilə daha yaxından tanış olmaq üçün zavodun ətrafındakı yaşayış massivindən reportaj hazırlamaq qərarına gəldik.

Mətləb Ağayev küçəsindəki evlər o qədər sıx, qarmaqarışıq formada tikilib ki, adam yola açılan qapının hansı evə aid olduğunu qarışdırır. Qarşımıza çıxan insanlar jurnalist olduğumuzu öyrənən kimi “bizi burdan nə vaxt köçürəcəklər?” deyə soruşur. Görünür uzun müddət təhlükələrlə üz-üzə yaşamaq onları da bezdirib. Sakinlər deyir ki, bu küçədəki evlərin demək olar ki, hamısı gecəqondu kimi tələm-tələsik, necə gəldi tikildiyi üçün belə eybəcər formadadılar. Bəzi işbazlar neft sənayesinə aid torpaqları zəbt edərək ev tikərək ya satıb, ya da kirayə verir. Şəhərin müxtəlif ərazilərinə yaxınlığı, eləcə də qiymətlərin nisbətən ucuz olması ilə əlaqədar burada kirayə evlərə tələbat yüksəkdir. Elə adam var ki, zəbt etdiyi ərazidə 3-4 ev tikib, hər birini 200-250 manata kirayə verir. Biz də küçə boyu qapısına “kirayə verilir” elanı yapışdırılan bir neçə evlə rastlaşdıq.

Hafiz Hüseynov 2012-ci ildən bu küçədə yaşayır. Deyir həmin vaxt bu evi ucuz olduğu üçün alıb, sonra da imkan düşdükcə ətrafdakı boş əraziləri zəbt edərək həyətinə qatıb. Amma indi belə təhlükəli ərazidə yaşamağı seçdiyi üçün peşimandır: “Evimin qapısı neft emalı zavodunun bitum istehsalı sahəsinin divarına açılır. Zavodla aramızda cəmi 5-6 metr məsafə var. Çox böyük təhlükə ilə üz-üzə yaşayırıq. Dəmir yolu xətti ilə də iri çənlərdə tonlarla neft məhsulları daşınır, o da böyük risk mənbəyidir. Qatar keçəndə isə evimiz silkələnir. Bir qığılcımla burada nəhəng partlayış baş verə bilər. Bu ərazidə yaşayanlar hər an ölümlə üz-üzə dayanıblar”.

Oxşar vəziyyət Pəhlivan Fərzəliyev küçəsində də hökm sürür. Bir tərəfindən dəmir yolu keçən evlərin digər tərəfindən isə tezalışan neft məhsulları neft kəmərləri ilə nəql olunur. Halbuki qanunun tələbinə əsasən, boru xəttindən azı 50 metr məsafədə insanların yaşaması qadağandır.

2000-ci ildən bu ərazidə yaşadığını deyən Güloğlan Qəmbərov çox ciddi problemlərinin olduğunu bildirdi: “Bütün qonşular kimi o vaxt mən də torpaq sahəsini bələdiyyədən alıb ev tikmişəm. Elə bil kar, kor olmuşuq. Belə yerdə də insan yaşayar?! Zavodun səsi bütün günü evimizdədi. Vallah mən yatanda qulaqlarıma pambıq tıxayıram. Bəzən havadan elə kəskin qoxu gəlir ki, nəfəs almaq olmur. Evimizə qonaq gələndə deyir ki, bu nə iyidi, burada necə yaşayırsız?”

Neft kəmərlərinin ətrafında bağ salıb, toyuq-cücə saxlayan Süsən Məhərrəmova isə deyir ki, təhlükəli ərazidə yaşadıqlarının fərqindədirlər: “Ancaq əlimizdən başqa bir şey gəlmir. Evimizi satıb köçə də bilmirik. Çünki gəlib burdakı vəziyyəti görən adam ev almaqdan imtina edir”.

Bütün bunlara baxmayaraq, ərazidə yeni ev tikib, gələcəyini bu cür təhlükəli yerlərdə qurmağa çalışanlar da var. Uzun illərdi bu ərazidə yaşayan Azadə Həsənova zəbt etdiyi neft kəmərinin mühafizə zonasında yeni ev tikdirir. SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, tikinti ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən “icazə” aldığını əsas gətirərək qanunsuz əməllərini davam etdirir.

Neft kəmərlərinin ətrafının zəbt olunması SOCAR əməkdaşlarına da xeyli çətinliklər yaradır. Təsəvvür edin, boru xəttində baş verən hər hansı sızıntının qarşısını almaq üçün əvvəlcə ev sahibindən icazə alınıb, sonra onun həyətinə daxil olmaq lazım gəlir. Bu isə neft kəmərlərinin mühafizəsini, zəruri hallarda texniki xidmətin göstərilməsini, eləcə də hər hansı qəza zamanı operativ müdaxilə imkanlarını, xüsusi texnikaların işləməsini xeyli məhdudlaşdırır.

Bu ərazilərdə boru xəttlərinə aid olan texniki təhlükəsizlik qaydalarının heç birinə əməl olunmur. Sakinlər neft kəmərləri boyu ərazidə bağ-bağça salıb, toyuq, qaz, ördək, hətta mal-qara, qoyun saxlayırlar. Yay aylarında isə bu ərazilərdə təndir qalayıb, samovar çayı dəmləyənlər də olur.

Dizel, benzin və başqa neft məhsullarının nəql olunduğu boru xəttinin yaxınlığında ocaq qalanmasının nə dərəcədə böyük təhlükə olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur. Sakinlər özləri də bu təhlükədən xəbərdardılar, lakin “Allaha pənah” deyib yaşayırlar.

 Sənaye zonası yaşayış massivinə çevrilib: - Minlərlə insan təhlükə ilə üz-üzə yaşayır






 Sənaye zonası yaşayış massivinə çevrilib: - Minlərlə insan təhlükə ilə üz-üzə yaşayır










 Sənaye zonası yaşayış massivinə çevrilib: - Minlərlə insan təhlükə ilə üz-üzə yaşayır








 Sənaye zonası yaşayış massivinə çevrilib: - Minlərlə insan təhlükə ilə üz-üzə yaşayır











 Sənaye zonası yaşayış massivinə çevrilib: - Minlərlə insan təhlükə ilə üz-üzə yaşayır











 Sənaye zonası yaşayış massivinə çevrilib: - Minlərlə insan təhlükə ilə üz-üzə yaşayır









 Sənaye zonası yaşayış massivinə çevrilib: - Minlərlə insan təhlükə ilə üz-üzə yaşayır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram