Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

 İnam Kərimov fermerlərə sahib çıxsaydı... - Milyonlarla ziyan dəyib...

 İnam Kərimov fermerlərə sahib çıxsaydı... - Milyonlarla ziyan dəyib...
25-02-2021, 09:00 63 dəfə baxılıb

  İnam Kərimov fermerlərə sahib çıxsaydı... - Milyonlarla ziyan dəyib...








Rusiyanın Azərbaycandan pomidor və alma idxalına tətbiq etdiyi kəskin məhdudiyyət davam edir. Son məlumata əsasən “Rosselxoznadzor”un Dağıstan Respublikası İdarəsinin müfəttişləri 1-18 fevral tarixlərində Azərbaycandan ümumi çəkisi 50,4 ton olan 3 təzə pomidor partiyasını saxlayıblar.

“Rosselxoznadzor”ın bununla bağlı yaydığı məlumata görə, tərəvəzlərdə təhlükəli karantin obyekti - Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny) aşkar edildiyi üçün Rusiya Federasiyası ərazisinə gətirilməsi qadağan edilib. Pomidor partiyalarının saxlanılmasına səbəb laboratoriya nəticələri olub. Məhsul yenidən Azərbaycana qaytarılıb.

Düzdür, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Rusiya tərəfi ilə bu ölkəyə ixracın bərpa olunması istiqamətində danışıqları davam etdirir. Agentlikdən verilən məlumatda aparılan danışıqlar çərçivəsində fevralın ortalarınadək qurum tərəfindən ölkə ərazisi üzrə fəaliyyət göstərən 275 pomidor, 37 alma istehsalı və ixracı ilə məşğul olan müəssisə haqqında zəruri məlumatların rəsmi qaydada Rusiya Federasiyasının müvafiq qurumuna təqdim olunduğu bildirilir. Təqdim olunan məlumatlar əsasında 51 pomidor və 37 alma istehsalı müəssisəsinə məhsulların ixracı üçün icazələr verilib.

Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində fəaliyyət göstərən istixanalarda onlayn rejimdə videomonitorinqlər davam etdirilir. Həyata keçirilən birgə tədbirlərin nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

AQTA bildirir ki, Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 88 min 232 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66 min 924 ton alma məhsulunun 131,8 faizi həcmindədir. Eyni zamanda pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 164 min 558 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179 min 956 ton pomidor məhsulunun 91,4 faizini təşkil edir.

Lakin bu şirkətlərin Azərbaycandan xaricə pomidor və alma ixracında payı elə də yüksək deyil. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin yanvarında Azərbaycandan xaricə 6,8 milyon dollar dəyərində 7 min ton pomidor ixrac edilib.

13,2 milyon dollarlıq 10,6 min ton pomidorun ixrac edildiyi 2020-ci ilin yanvarı ilə müqayisə etsək, bu, ixracın dəyər ifadəsində 2 dəfədən çox, çəki ifadəsində isə 44 faiz azalması deməkdir. Bir ay əvvəlki - 2020-ci ilin dekabrındakı göstəricilərlə müqayisədə isə ixrac dəyər ifadəsində 38 faiz azalıb.

Qeyd edək ki, 2020-ci il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor 201.4 milyon dollarla ikinci yerdə qərarlaşıb. 2019-cu ilin dekabrında ixrac olunan qeyri-neft məhsulları siyahısına 22,6 milyon dollarla pomidor başçılıq etmişdi. 2020-ci ilin dekabrında ixrac iki dəfədən də çox azalmaqla 10 milyon 963,31 min dollar təşkil edib. Halbuki ondan əvvəlki ayda - noyabrda pomidor ixracı 17 milyon 371,31 min dollar olmuşdu.

Alma ixracına gəlincə, ötən ay xaricə cəmi 281.37 min dollar dəyərində 776,71 ton məhsul sata bilmişik. Halbuki 2020-ci ilin yanvarında ixracımızın həcmi 3 milyon 578.28 min dollar dəyərində 8 min 203.02 ton alma olub. Burada azalma 9-10 dəfədir. Ümumilikdə ötən il ərzində xaricə satılan almanın həcmi 29 milyon 500.86 min dollar və 72 min 87.60 ton olub. Ötən ilin noyabrında ixrac həcm ifadəsində 16 min tondan yuxarı, qadağaların başlandığı dekabrında isə 4847 ton təşkil etmişdi.

Beləliklə, aydın olur ki, AQTA-nın səylərinə baxmayaraq, pomidor və alma ixracının heç yarısını belə bərpa etmək mümkün olmayıb. Bu isə çoxsaylı pomidor və alma istehsalçı-ixracatçılarının milyonlarla dollar zərərə düşməsi deməkdir. Belə ki, Azərbaycandan xaricə istisnasız olaraq istixanalarda yetişdirilən pomidorlar ixrac olunur - onu emala yönəldib hər hansı son məhsul istehsal etmək mümkün deyil. Ölkənin ərzaq balansından aydın olur ki, 2018-ci ildə Azərbaycanda cəmi 609 min 179 ton pomidor istehsal olunub. 2019-cu ildə bu göstərici 697 min 817 tona çatıb. Bu həcmlərin emala yönəldilən hissəsi 2018-ci ildə 18 621 ton, 2019-cu ildə isə 31 408 ton təşkil edib. Ölkə daxilində tərəvəz kimi istehlak isə müvafiq olaraq 382 721 ton və 437 986 ton olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 3 ildə Azərbaycanda istixana təsərrüfatlarının sayı, əhatə etdiyi torpaqların sahəsində kəskin artım qeydə alınıb. Belə ki, 2018-ci ildə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2910 vahid istixana fəaliyyət göstərib. Həmin istixanalarda 205,9 min ton pomidor, 14,2 min ton xiyar, 761,3 ton göbələk, 425,6 ton kartof, 237,3 ton bibər, 170,0 ton badımcan, 36,6 ton soğan, 2,5 ton lobya, 2,5 ton sarımsaq, 40,9 ton çiyələk və digər bitkiçilik məhsulları istehsal olunub. Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Sabirabad və Masallı rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.

2019-cu ildə ölkədə istixanaların sahəsi dəyişməsə də, sayı dəyişib: ümumi sahəsi 1,3 min hektar olan 3019 vahid istixana fəaliyyət göstərib. Həmin istixanalarda 216586,0 ton pomidor, 16685,8 ton xiyar, 5439,1 ton badımcan, 269,0 ton bibər, 69,3 ton soğan, 5,4 ton lobya, 4,0 ton kələm, 1,7 ton sarımsaq, 574,4 ton göbələk və 69,2 ton çiyələk istehsal olunub. Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Masallı və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.

2020-ci ildə isə həm istixana altında olan torpaqların sahəsi, həm istixanaların sayında, həm də istehsalda ciddi artım olub. Ümumi sahəsi 1,5 min hektar olan 3275 vahid istixana fəaliyyət göstərib, həmin istixanalarda 288473,1 ton pomidor, 16272,4 ton xiyar, 5515,5 ton badımcan, 478,2 ton göbələk, 350,0 ton bibər, 40,2 ton soğan, 37,0 ton kələm, 5,5 ton sarımsaq, 3,6 ton lobya və 85,7 ton çiyələk istehsal olunub. Ölkənin digər rayonlarına nisbətən Şəmkir, Abşeron, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Hacıqabul və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.

Beləliklə, aydın olur ki, ixracın əlverişli olmasından həvəslənən sahibkarlar istixana biznesini genişləndiriblər. Rusiyanın qadağası üzündən bu sahəyə yatırılan milyonlarla dollar vəsait batmaqdadır. Əslində batıb da demək olar, çünki ixrac üçün əlverişli olan aylar tamamən itirilib. Xaricə çıxarılmayan alma və pomidor ölkə bazarlarına yönəldilib. Hazırda pomidorun qiyməti 1-1,5, alma 70 qəpik-1,5 manat arasında dəyişir. Nəzərə alsaq ki, istixanalarda yetişdirilən pomidorun 1 kiloqramının maya dəyəri 1,5 manata başa gəlir, onda daxildə məhsul satışından sahibkarların heç bir qazanc əldə etmədiyi, əksinə, böyük zərərlə üzləşdiyini söyləyə bilərik. Bu şəraitdə istixana sahibləri, alma istehsalçıları üçün dövlətin hər hansı dəstək mexanizmi mövcud deyil. Düzdür, hər iki sahədə istehsal olunan məhsula görə istehsalçılar dövlətdən subsidiya alırlar - hər hektara görə 240 manat. Lakin bu məbləğ çəkilən xərclərin az bir hissəsini təşkil edir. Təəssüflər olsun ki, Azərbaycanda aqrar istehsalçıların dəstəklənməsi üçün dövlətin bazara intervensiyası kimi mühüm alətdən istifadə olunmur. Bu alət hər hansı səbəbdən məhsulun bazar qiyməti maya dəyərindən aşağı düşdükdə dövlətin məhsulu maya dəyəri, üstəgəl müəyyən gəlir marjası əsasında müəyyənləşən qiymətə almasını nəzərdə tutur. Dünyanın əksər ölkələri, o cümlədən qonşu Türkiyədə aqrar istehsalçılar bu alət vasitəsilə aktiv dəstəklənirlər.

Azərbaycan hökuməti Rusiya ilə danışıqlar aparmaqdan əlavə, pomidor və almanın ixrac coğrafiyasının genişləndirilməsi üçün də müəyyən addımlar atır. Məsələn, bugünlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2021" beynəlxalq ərzaq sərgisində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunu(AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı və un məmulatları, çay, mürəbbə və digər məhsulları ”Made in Azerbaijan" vahid ölkə stendində nümayiş etdirir.

Sərgi çərçivəsində Azərbaycan istehsalçıları ixracla bağlı müəyyən razılaşmaların olacağına ümid edirlər. Lakin aydın məsələdir ki, qısa müddətdə yüz min tondan yuxarı məhsulun Rusiyadankənar bazarlara ixracını təşkil etmək mümkün deyil. Belə ki, hazırda AZPOMO Avropa və Körfəz ölkələrinə 50 milyon dollar dəyərində pomidor ixracını hədəfləyir ki, bu da Rusiyaya olan ixracın təqribən dörddə birini təşkil edir. AZPROMİ rəhbəri Yusif Abdullayevin verdiyi məlumata görə, bu hədəfə yaxın 5 il ərzində çatılması planlaşdırılır.

Alma ixracına gəlincə, bu sahədə rəqabət daha güclü olduğuna görə alternativ bazarların tapılması daha çətindir.

Mövcud vəziyyət göstərir ki, həm alma, həm də pomidor istehsalçıları Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərdən kəskin zərərlə çıxacaqlar. Nəzərə alsaq ki, artıq Bakı kəndlərində xırda istixanaların bağlanması prosesi başlayıb, bu zaman gələn il üçün pomidor istehsalının azalacağını söyləyə bilərik. Pomidordan fərqli olaraq çoxillik əkmələr olan alma bağlarının istehsal təyinatını dəyişmək isə çox çətindir...
“Yeni Müsavat”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram