Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Penitensiar Xidmətin BOZ KARDİNALI... - İLGİNC FAKTLAR

26-07-2021, 11:58

Penitensiar Xidmətin BOZ KARDİNALI... - İLGİNC FAKTLAR

DogruXeber.az: - Azsiyaset.com saytında 19 aprel 2021-ci il tarixində “Penitensiar Xidmət – islahatlardan kənarda bir “ada”: Azərbaycanı hədəfə çevirən sistem və məhbus faciəsi” sərlövhəli məqalə dərc olunmuşdu. Məqalədə beynəlxalq qurumların Azərbaycan həbsxanaları haqqındakı rəyləri, məhbusların ağır və islahdan kənar yaşam şərtlərinin detalları və Penitensiar Xidmətdə ciddi kadr islahatlarının aparılmasının zəruriliyi ilə bağlı təkliflər yer alırdı. Təəssüf ki, son aylarda Penitensiar sistemdəki ölkənin ümumi inkişaf konsepsiyasına kölgə salan problemlər daha da dərinləşməkdədir, rüşvət və korrupsiya Azərbaycan həbsxanalarının hüquqi dayaqlarını tamamilə iflic hala gətirib.
Cəzaçəkmə müəssisəsindəki qanunsuzluqlara görə işdən çıxarılan rəis yenidən vəzifəyə necə təyin olunub?

İşgəncənin Qarşısının alınması üzrə Komitənin (İQAK) nümayəndə heyətinin Azərbaycan cəzaçəkmə müəssisələrində aşkarladığı müxtəlif çeşidli neqativ hallar Penitensiar Xidmət sistemində hüquqsuzluğun əsas göstəricilərindən biri hesab oluna bilər. Komitə bir sıra cəzaçəkmə müəssisələrində apardığı yoxlamaların nəticəsi olaraq, aşkarlanan nöqsanlarla bağlı hesabat da hazırladı. Xüsusilə də, Qobustan həbsxanasında müəyyən edilən ciddi “kataloq nöqsanlar” Azərbaycan cəzaçəkmə müəssisələrindəki acınacaqlı durumun açıq ifadəsi idi. Komitənin aşkarladığı mənfi hallarla bağlı Penitensiar Xidmət əsaslı tədbirlər görmək əvəzinə, cəzaçəkmə müəssisələrindəki hüquqsuzluğun miqyasını daha da genişləndirdi.

Məsələn, bir nümunəyə diqqət edək. Komitənin ortaya çıxardığı nöqsanlar nəticəsində 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsinin rəisi Vaqif İsmayılov tutduğu vəzifədən uzaqlaşdırılmışdı. Bəs ardınca nə baş verdi? Cəzaçəkmə müəssisəsindəki qanunsuzluqlara görə vəzifədən uzaqlaşdırılan V.İsmayılov Penitensiar Xidmətin Kadrlar İdarəsinin rəisi, ədliyyə polkovniki Əflatun Məmmədovla “sövdələşərək” yenidən rəis vəzifəsinə təyinat alıb. Bu dəfə 17 saylı cəzaçəkmə müəssisəsinə! V.İsmayılovla Ə.Məmmədov arasındakı “gizli sövdələşmə” barədə məlumatlara sahib olsaq da, hələki bu barədə detallı yazmaq fikrindən uzağıq.

Qeyd edək ki, İQAK-ın tam adı belədir: “İşgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT)”. İQAK Katibliyi Avropa Şurasının tərkib hissəsidir və 1989-cu ildə qüvvəyə minmiş “İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası” əsasında yaradılıb. Komitənin hesabatları məxfi xarakter daşısa da, ancaq ictimaiyyətə açıqladığı, dərc etdiyi məlumatları da çoxdur və bütün bunları qurumun veb saytından əldə etmək mümkündür.

Penitensiar Xidmətin “Boz kardinalı”, yaxud çarxı fırladan kimdir?

“Boz kardinal” ifadəsi cəmiyyətə yad anlayış deyil. Hadisələri öz maraqları çərçivəsində yönləndirən, daha çox pərdə arxasında qalmaqla səhnənin əsas və görünən oyunçularını müəyyənləşdirən, mühüm qərarların verilməsində həlledici rol oynayan və proseslərə çox ciddi təsir imkanları olan şəxsə “Boz kardinal” deyilir. Azərbaycan hakimiyyətində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev vaxtilə “Boz kardinal” adlandırılırdı. Bununla belə, bütün sahələr üzrə “Boz kardinal” titulunu qazanmış şəxslər də var, eləcə də Penitensiar Xidmət sistemində… Məsələn, Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidov!

Əldə etdiyimiz məlumata görə, Penitensiar Xidmətdə qəbul edən bütün mühüm qərarların arxasında dayanan əsas şəxslərdən biri məhz M.Seyidovdur. Vaxtilə bu sistemdə işləmiş, Penitensiar Xidmətin ən üst “tavan”larının sirrlərinə bələd olan şəxsin dili ilə desək, M.Seyidov Azərbaycan həbsxanalarının “Jozef atası”dır. Çünki verilən bütün qərarların kökündə məhz onun cizgiləri dayanır. Apardığımız qısa araşdırmalar nəticəsində M.Seyidovun “Boz kardinal” portretinin mühüm detallarını ilə bağlı maraqlı və vacib məlumatlar da əldə etmiş olduq. İctimaiyyətin də bütün bunlardan xəbərdar olmağa tam haqqı var. Bu haqda növbəti yazıda…

Çəzaçəkmə müəssisələrinin əməkdaşlarının mükafatları rəhbərlik tərəfindən necə mənimsənilir? Problemlər və Penitensiar Xidmətin susqunluğu…

Cəzaçəkmə müəssisələrində rüşvətin tuğyan etməsinin bir sıra səbəbləri var. Ancaq Azsiyaset.com-un redaksiyasına daxil olan ilginc və dəqiq məlumatlar bu sistemdə rüşvət maşınının necə işləməsi ilə bağlı təsəvvürlərimizi daha da artırdı. Hamımız bilirik ki, cəzaçəkmə müəssisələrinin əməkdaşları arasında rüşvətxorluq baş alıb gedir, bunu məhbus ailələri daha yaxşı və detallı ifadə edə bilər. Sistem və əməkdaşları rüşvətə necə qurşanır?

Məlumata görə, cəzaçəkmə müəssisələrinin əməkdaşlarına ayrılan mükafatların 60-70%-i Penitensiar Xidmətin rəhbərliyi tərəfindən mənimsənilir. Amma problem bununla bitmir. Onların xüsusi geyim formaları ilə təmin olunması da həyata keçirilmir. Həmçinin, əməkdaşlara ayrılan tibbi müavinət də rəhbərlik tərəfindən ələ keçirilir. Bütün bu biabırçı hallarla bağlı cəzaçəkmə müəssisələrinin əməkdaşları Ədliyyə Nazirliyinin rəhbərliyinə, səlahiyyətli şəxslərə şikayət xarakterli haqlı müraciət edirlər. Daha sonra nə verir? Cəzaçəkmə müəssisəninin öz haqqını tələb edən əməkdaşları Penitensiar Xidmətin rəhbərliyi tərəfindən incilidilir, təzyiqlərə məruz qalır, təhdid olunur və işdən qovulacaqları ilə bağlı şantaj olunurlar. Bax, qırmızı xətt burada pozulur. Nəticədə öz haqlarını ala bilməyən cəzaçəkmə müəssisələrinin əməkdaşları məhbuslarla, onların yaxınları ilə “təmas” qurmalı olurlar, əməkdaşların əli məhbusun, onun yaxınlarının cibinə girir. Xidmət arxa plana keçir və cəzaçəkmə müəssisələrinin əməkdaşları qanunları yox, özlərini qorumalı olurlar. Ölkənin ədliyyə, hüquq sistemi bax beləcə ayaqlar atına atılıb tapdalanır.

Amma cəzaçəkmə müəssisələrində necə bir rüşvət maşını qurulubsa, bütün “yollar” Penitensiar Xidmətin ümumi “katyol”una aparır. Məsələn, məhbusların ailə üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin də bir hissəsini cəzaçəkmə müəssisələrinin rəhbərləri ələ keçirirlər.

Kimin pulu varsa, həbsxanada qayğısız həyat yaşamalı olur. Cəzaçəkmə müəssisələrinin rəisləri varlı, maddi cəhətdən imkanlı məhbuslara xüsusi imtiyazlar yaradır. Onlar üçün aylıq pul müqabilində təmirli və yüksək komfortlu otaqlar ayrılır, hər bir məişət avadanlıqları ilə təmin edilirlər, sərbəst şəkildə telefon işlədirlər. Hətta xüsusi xidmətçilər də ayrılır.

Azərbaycanda son günlərdə narkotik maddələrə qarşı amansız bir “müharibə”yə başlayıb. Hesab edirik ki, bu proses həm də cəzaçəkmə müəssisələrində aparılmalıdır. Çünki cəzaçəkmə müəssisələrində narkotik maddələrin dövriyyəsi geniş şəkildə həyata keçirilir. Əsas sual budur: bu narkotik maddələr cəzaçəkmə müəssisələrinə necə daxil olur? Penitensiar Xidmətin rəhbərliyi bunu bilmirmi? Üstəgəl, narkotik maddələrin məhbuslar arasındakı satışı necə tənzimlənir? Xidmətin bundan da xəbəri yoxdur?

Təsəvvür etmək çətindir. Ancaq məhkumlara ayrılan gündəlik ərzaq paylarının satışa çıxarılması barədə məlumatlar almaqdayıq.

Dövlətin məhbuslara ayırdığı ərzağı müxtəlif satış köşklərində fərqli qiymətlərlə pulla satmaq əsl rəzalətdir! Penitensiar Xidmətin rəhbərliyinin iradəsi daxilində (cəzaçəkmə müəssisələrinin rəislərinin vasitəçiliyi ilə) həyata keçirilən bu iyrənc proses nəticəsində məhbuslar borca düşür, ödəyə də bilmirlər. Ərzaq aldığına görə borclanan məhbusların nəticədə özlərinə xəsarət yetirmələri, intihar etmələri əldə olunan məlumatlar sırasındadır. Bu üsulla məhbusları islahat etmək olarmı? Olmaz!

Elə buna görə də cinayətlərin əvvələr məhkum olunmuş şəxlsər tərəfindən törədilməsinə hallarına tez-tez rast gəlmək olur.

Məhbusların islah olunması üçün bütün “nəfəsliklər” qapadılıb, cəzaçəkmə müəssisələrinin əməkdaşlarının intellektinin, savadının, fərdi keyfiyyətlərinin sıfırın altında olması onların məhbuslarla qeyri-insani davranışlarına yol açır.

Düşünmək belə çətindir, amma hal-hazırda 900-100 nəfər üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssəsisələrində 1100-1200 nəfər cəza çəkir. Ona görə də anti-sanitariya baş alıb gedir, təmir yox dərəcəsindədir, gigiyenik vasitələr çatışmır, məhbuslar üçün nəzərdə tutulan qablar yuyulmur, mətbəx təmirsiz vəziyyətdədir. Məhbusların asudə vaxtlarının səmərəli təşkilindən isə söhbət gedə bilməz.

Qısası, məhbusu maddi baxımdan öz ailəsi təmin etməli olur. Bəs ayrılan bu qədər imkanlar hara gedir?

Bəs məhbus xətələnəndən sonra hansı məngədən keçir? Dövlət tərəfindən ayrılan dərmanlar məhbuslara dəfələrlə artıq qiymətə satılır. Digər tərəfdən, “xəstə” adı altında imkanlı məhbuslar tibbi sanitar hissələrdə xüsusi, təmirli otaqlarda saxlanılır.

Bir sözlə, əgər pulun varsa yaşayacaqsan, yoxdursa, Azərbaycan cəzaçəkmə müəssisələrində ya borclanıb intihar edəcəksən, ya da azadlığa çıxandan sonra yenidən cinayət törədib həbsxanaya qayıtmalı olacaqsan. Ölkənin ədliyyə, penitensiar sisteminin vətəndaşı islah etmək əvəzinə onu intihara, ölümə, cinayətə sürükləməsinin başqa adı yoxdur.

Amma unutmayaq: Penitensiar Xidmət sahəsindəki acınacaqlı durumun ümumən ölkə üçün təhdid və Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan dərin islahatlar kursunu sabotajdır. Bunun isə fəsadları ağır olacaq.

Ardı var… (I yazı)

Samir Feyruzov //Azsiyaset.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram