Zəlzələnin ziyan vurduğu evlər - Fotolar
Avqustun 28-də cənub bölgəsində - Lerik rayonunda 5,1, 3,7, 3,1 bal gücündə baş verən zəlzələlər nəticəsində bölgədə ciddi dağıntı qeydə alınmasa da, Lerik, Lənkəran və Astara rayonlarının yaşayış məntəqələrində köhnə tikililərdə çatlar əmələ gəlib.
“DogruXeber.az” Azərtac-a istinadən xəbər verir ki, zəlzələdən ziyan çəkmiş evlərin əksəriyyəti köhnə, çiy kərpicdən olan tikililərdir. Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, təkanlardan sonra 40-a yaxın fərdi yaşayış evində iri və xırda çatların yaranması ilə bağlı müraciət daxil olub. Ən çox müraciətlər rayonun Züvüc, Bürsülüm, Tükaban, Pirəsora kəndlərindən olub. Artıq qabaqlayıcı tədbirlərin görülməsi üçün müvafiq qurumlara xəbər verilib. Hazırda rayonda ziyan dəymiş yaşayış evlərinin sayı dəqiqləşdirilir.
Lənkəranda da zəlzələ şəhərin bir sıra hündürmərtəbəli binalarının divarlarında çatlar əmələ gətirib. Rayonun İstisu qəsəbəsi, Rvo, Mollakənd, Əşlə, Şovu, Siyablı, Diryan, Lüvəsər, Türkəkəran, Sütəmurdov kəndlərində, ümumilikdə, 100-ə yaxın evdə irili-xırdalı çatlar əmələ gəlib.
Astara rayonunda Lerik rayonu ilə qonşu olan dağ kəndlərində - Ovala, Miki, Siyəkü kəndlərində 20-yə yaxın tikilidə çatlar yaranıb.
Rayonun Miki kənd sakini Sədullah Nabatovun evi isə qəzalı vəziyyətə düşüb. Zəlzələnin təsirindən evin dam örtüyü çöküb.
Astara rayonunun Niləşə kəndində Mərhəmət Babayevə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsi nəticəsində 2–si azyaşlı olmaqla, 7 nəfərdən ibarət ailə üzvləri bayırda gecələməli olublar. Ev sahibinin sözlərinə görə, onun yaşayış evi hələ ötən əsrin 90-cı illərində baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü.
Hazırda hər üç rayonun fövqəladə hallar komissiyası zəlzələnin yaşayış məntəqələrinə vurduğu ziyanı dəqiqləşdirir.