Hərbi Prokurorluq: Xüsusilə ağır cinayətlər üç dəfə, qəsdən adam öldürmə cinayətləri 50 faiz azalıb
Azərbaycan Hərbi Prokurorluğunda rəhbər vəzifəli şəxslərin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
DogruXeber.az-ın xəbərinə görə, müşavirədə çıxış edən Hərbi prokuror Xanlar Vəliyev deyib ki, bu ilin birinci yarımilində dövlət ittihamının müdafiəsi üzrə şöbə tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 53 faizi təmin olunub. O bildirib ki, cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılmasında, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınmasında müsbət rolu olan səyyar məhkəmə iclaslarının keçirilməsi təşəbbüsü ilə dövlət ittihamçıları tərəfindən məhkəmələrə çoxsaylı vəsatətlər verilsə də, onlardan yalnız 4-ü təmin edilib ki, bu da qənaətbəxş hesab olunmadığı üçün bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur.
Bildirilib ki, 2018-ci ilin birinci yarısı ilə müqayisədə 2019-cu ilin birinci yarım ilində qeydə alınmış xüsusilə ağır cinayətlər üç dəfə, qəsdən adam öldürmə cinayətləri 50 faiz azalıb.
Qeyd olunub ki, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 50 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 29,3 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 7,7 faiz azalıb.
Müşavirədə o da qeyd olunub ki, bir neçə ildir, hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərk etmə cinayət hadisəsi hesabat dövrlərində qeydə alınmayıb.
Bildirilib ki, 2019-cu ilin birinci yarımilində xidməti fəaliyyətlərində fərqlənmiş 30 əməkdaş həvəsləndirilib, 12 əməkdaş müxtəlif medallarla təltif olunub. Hesabat dövründə bu sahədə yol verdikləri pozuntulara görə hərbi prokurorluğun 5 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib./ONA