gundem / siyaset / hadise
7.09.2021, 13:36
“Ordumuz Ermənistana Laçından mesaj verdi” - NƏ BAŞ VERİR?
DogruXebər.az : - Türkiyə ilə Azərbaycan arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iki qardaş ölkə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.
Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) də Laçın rayonunda Azərbaycanla birgə keçirilən təlimlə bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, Türkiyə və Azərbaycan hərbçiləri 6-10 sentyabr tarixlərində Laçında “Birgə Komando Hərəkatı” təlimini icra edirlər.
“Ulu və köklü bir ağacın budaqları olan Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət!” anlayışı ilə tək yumruq olmağa davam edir”, - deyə məlumatda qeyd olunub.
Nəzərə alsaq ki, bu, işğaldan azad edilmiş ərazilərdə keçirilən ilk təlimdir, bunun əhəmiyyəti və mesajı barədə də bir sıra suallar yaranır.
Bu mövzuda Bizimyol.info saytına danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, təlimlərin Şərqi Zəngəzurda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
“Bu təlimlərdə əsas məqsəd hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasını təkmilləşdirməkdir. Bu və digər təlimlər Azərbaycan ordusunun komandir-rəis heyətinin bacarıqlarını inkişaf etdirmək üçün çox vacibdir”, - deyə Ə.Verdiyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə tərəfdaşlığı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərində silsilə tədbirlərdən davam edəcək: “Şübhəsiz ki, biz zamanla bundan daha irimiqyaslı, daha çox şəxsi heyətin və texnikanın cəlb olunmasını müşahidə edəcəyik. Həmin ərazilərin relyefi və təbiəti öyrənilir, hərbçilərimizin hər hansı təhlükə qarşısında döyüş şəraitinə tez uyğunlaşa bilməsi üçün tədbirlər görülür”.
Ə.Verdiyev vurğulayıb ki, təlimlər çərçivəsində hərbi qulluqçularımız bir çox müasir hərbi texnika və silahlara da yiyələnərək, bölgədəki üstünlüyü əldə saxlayacaqlar.
“Təlimlərin Laçında keçirilməsi təsadüfi deyil. Bu, həm də Azərbaycana qarşı tez-tez təxribatlar edən, üçtərəfli bəyanatı icra etməkdən boyun qaçıran Ermənistana mesajdır. Onlar bilməlidirlər ki, bu və digər təxribatlara davam edəcəkləri halda, onları nə gözləyir”, - deyə hərbi ekspert əlavə edib.