gundem / siyaset / sosial / Səhiyyə
11.09.2021, 10:51
Nazir dəyişdi... TENDER NƏZİRİ DƏYİŞMƏDİ... - Nə mənası var, a gülüm?..
DogruXeber.az: - Azərbaycanda tenderlər və dövlət satınalmalarının ən çox korrupsiyalaşmış və “qaranlıq işlər” üçün münbit şəraitə malik sahə olduğu heç kimə sirr deyil. Ötən il və bu il həbs olunan icra başçıları və nazir müavinlərinə qarşı irəli sürülən ittihamların da əsas maddələrindən biri tenderlər zamanı yol verilən korrupsiya halları ilə bağlı oldu.
Artıq heç kimə sirr deyil ki, hər bir nazirliyin, rayon icra hakimiyyətinin və digər dövlət qurumlarının öz “favorit” tender şirkətləri var ki, adətən bu qurumların tender və dövlət satınalmalarını necə olursa(?) məhz həmin, eyni şirkətlər udur. Və qəribə, həm də acınacaqlı olan odur ki, nazirlər, komitə sədrləri, icra başçıları və s. dəyişsə də, bu dövlət qurumlarıyla “işləyən” “tender əjdahaları” dəyişmir.
Təəssüf ki, eyni mənzərə Səhiyyə Nazirliyinə də aiddir. Oqtay Şirəliyev vəzifəsindən azad olunaraq, yerinə Teymur Musayev gətirilsə də, nazirliyin tenderlərə, dövlət satınalmalarına münasibətində ciddi dəyişiklik müşahidə olunmur. Məsələn, artıq uzun illərdir ki, bu nazirliyin tibbi avadanlıqlar, ləvazimatlar və s. alışı üzrə dəyişməz tender qalibi “Arash Medical Company”-dir. Bu şirkətə nazirliyin verdiyi tenderlərin ümumi məbləği 10 milyonlar, bəlkə də 100 milyonla hesablana bilər. Lakin bu, ayrıca bir mövzudur...
“Arash Medical Company” kimi nazirliyin tikinti və təmir işləri üzrə də hər zaman “üstünlük verdiyi” şirkətlər var ki, bunlar da əsasən "Palma İnşaat" MMC və "Fərid İnşaat" Firmasıdır. Son olaraq bu gün yayılan məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tikintinin davamı) və 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisi (tikintinin davamı) (II elan) tenderlərinə yekun vurub.
Məlum olub ki, Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı üçün 6 milyon 944 min 597 manat, 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisinın davamı üçün isə 9 milyon 122 min 591 manat ayrılıb. Qalib şirkətlər müvafiq olaraq "Fərid İnşaat" Firması və "Palma İnşaat" MMC olub. Səhiyyə Nazirliyi bu şirkətlərə ümumilikdə 16 milyon 67 min 188 manat ödəyəcək.
Qeyd edək ki, 2 saylı Sumqayıt şəhər xəstəxanasının tikintisinin birinci mərhələsinə dair tenderi də "Palma-İnşaat" MMC qazanmışdı. 2019-cu ildə bu işə görə şirkətə 9 milyon 827 min manat ayrılıb. Deməli, xəstəxananın təkcə tikinti işlərinə hələlik 20 milyon manata yaxın pul xərclənmiş olur. Bundan əvvəl isə Səhiyyə Nazirliyinin sifarişi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisini də "Palma-İnşaat" MMC həyata keçirib və bununla bağlı müqavilənin qiyməti 10 milyon manata yaxın - 9 milyon 555 min manat olub.
Ancaq nazirliyin “Palma-İnşaat”-la əməkdaşlığı bununla da yekunlaşmır və daha əvvəllərə gedib çıxır. Belə ki, bu şirkətin adı daha çox 2018-ci ildə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Narkoloji Mərkəzdə baş verən və 30-a yaxın insanın ölümüylə nəticələnən dəhşətli yanğın vaxtı mətbuatın gündəminə gəlmişdi.
Satınalamalar üzrə Dövlət Agentliyinin hələ 2013-cü ilin dövlət reyestr məlumatlarında Respublika Narkoloji Mərkəzinin tikintisinə dair tenderdə “Palma İnşaat” MMC-nin qalib gəldiyi göstərilirdi. Bu məqsədlə müəssisəyə 2 mln 173 min 193 manat vəsait ayrılmışdı. Elə həmin ildə tibb müəssisəsinin inşası başa çatmamış onun təchizatı ilə bağlı “Arash Medical Company”-yə 1 mln 326 min 468,46 manatlıq tender verilmişdi. Lakin nədənsə yanğın baş verən günə qədər 4 milyona yaxın pul ayrılan narkoloji mərkəzin tikintisi yarımçıq qalmışdı və köhnə taxta barakları xatırladan mərkəzin yanması onlarla vətəndaşın ölümünə səbəb olmuşdu.
Səhiyyə Nazirliyinin tenderlərini tez-tez qazanan digər şirkət - “Fərid-İnşaat” firmasına gəlincə, mətbuatda onun “Altes Group"-a aid olduğuna, həmin şirkətlər qrupununsa vaxtilə Eldar Mahmudova yaxınlığıyla tanındığına dair yazılara rast gəlinir.
Təbii ki, hansısa şirkətin daha uğurlu, işgüzar və s. olması yaxşı haldır və sevindiricidir. Lakin yaxşı olar ki, şirkətlərin bacarığı açıq rəqabət və şəffaf tenderlər vasitəsilə müəyyən olunsun. Bu da ki, hələ də Azərbaycanda demək olar nadir hallarda rast gəlinən hadisədir.//“AzPolitika.info”