gundem / siyaset / iqtisadiyyat
6.11.2021, 08:28
Azərbaycan dünya qaz bazarında: Ölkəmiz üçün daha bir uğurlu mərhələ - GƏLİŞMƏ
DogruXeber.az: - Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı, nə də soyuqdan donma var”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışındakı çıxışında deyib. Prezident bildirib ki, Cənub Qaz Dəhlizinin tikintisi strateji əhəmiyyət daşıyır. “2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi Trans-Adriatik boru kəməri istismara verilmişdir. Bu isə Azərbaycanın özü ilə yanaşı, qonşuları və Avropa üçün tarixi nailiyyətdir. Çünki o, Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır.
Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Bu il yanvarın 1-dən etibarən oktyabrın 31-dək, yəni on ay ərzində, Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib - Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir”,- Prezident qeyd edib.
Bu, onu göstərir ki, Azərbaycan Avropada hər kəs üçün etibarlı tərəfdaşdır. Çünki ölkəmiz enerji təminatından təkcə öz məqsədləri üçün istifadə etmir.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, mövcud şəraitdə Avropada Azərbaycan qazına böyük ehtiyac yaranıb:
“Hazırda qaza görə Rusiya ilə Avropa İttifaqı arasında problemlər yaşanır. Eyni zamanda, Ukrayna və Rusiya arasında da qaz problemləri də mövcuddur. Bizim ölkəmiz isə Avropa üçün həqiqətən çox etibarlı bir tərəfdaşdır. Sözsüz ki, bu gün Azərbaycan qazının xaricə satılması bazarın genişlənməsinə səbəb olacaq və bu, ölkəmizə xeyir gətirəcək. Hətta nəinki Avropa, başqa ölkələr də Azərbaycan qazına maraq göstərir. Rusiya və Ukrayna arasında qaz böhranının yaşanması Moldovanın da Azərbaycana qaz üçün müraciət etməsinə gətirib çıxartdı. Yaxın zamanda Azərbaycan qazı Moldovada da satılacaq”.
Partiya sədrinin fikrincə, indiki vəziyyət bizim üçün çox uğurlu bir mərhələdir: "Düşünürəm ki, gələcəkdə də Zəngəzur dəhlizi açıldıqdan sonra həm qaz, həm neft boruları da həmin ərazidən keçəcək. Əlbəttə ki, bu da öz növbəsində Azərbaycanın regiondakı mövqeyinin güclənməsinə və iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına səbəb olacaq”.