gundem / sosial / Cəmiyyət
17.12.2021, 15:49
Nazirliyin satacağı mənzillər qiyməti ucuzlaşdıracaq? - AKTUAL
DogruXeber.az: - Xəbər verdiyimiz kimi, keçmiş məcburi köçkünlər üçün Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş binalarda imtiyazlı şəxslər mənzillə təmin edildikdən sonra istifadəsiz qalan mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Belə ki, ölkəmizdə şəhid ailələri və müharibəəlillərinin, digər həssas qrupların mənzil vəfərdi evlətəminatı proqramı ildən-ilə genişlənir.
Dövlət başçısının yeni, “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 16 dekabr 2021-ci il tarixli Fərmanı da bu kateqoriyalara aid vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğının növbəti təzahürüdür.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Fərmanla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin paytaxtın Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillərin satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Mənzillərin satışı onların sayı müvafiq ərazi üzrə uçota alınmış şəxslərin (şəhid ailələri və müharibə əlillərinin, gözdən əlilliyi olan şəxslərin, uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının) sayından artıq olduqda həyata keçiriləcək.
Nazirlik mənzillərin satışından əldə olunan vəsaiti digər rayonlar (şəhərlər) üzrə şəhid ailələri və müharibə əlillərinin, habelə Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün sərf edəcək.
Mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanaraq bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.
Maraqlıdır, bu mənzil bazarında qiymətlərə necə təsir edəcək?
Məsələ ilə bağlı açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib ki, bu, bazarda stabilləşmə yarada bilər:
"Əsas məqsəd odur ki, dövlət hesabına tikilən binalarla özəl sektorun tikdiyi binalar arasında çox böyük qiymət fərqi var. Tikintinin ümumi xərci eyni olsa da, hansısa özəl şirkət bir binanı tikmək üçün torpaq sahəsi alır. Bu gün Bakı şəhərində torpaq sahələrinin qiyməti çox bahadır. Onların qiyməti mənzilin maya dəyərindən baha çıxır. Qeyd etdiyiniz mənzillər isə dövlət tərəfindən ayrılmış torpaqlar üzərində tikilən layihələrdir ki, onların da maya dəyəri digərləri ilə eyni qiymətə olmadığına görə mənzillərin qiyməti bazardan nisbətən aşağı olacaq.
Bu dövlət tərəfindən inşa olunduğuna görə sənədləşmə ilə bağlı heç bir problem də olmayacaq. Bu səbəbdən həmin mənzillər artıq ipoteka predmentinə də çevirilə bilər. Bu mənzillərin həm də təmirli formada satışa çıxarılması vətəndaş üçün daha səmərəli olacaq.
Mənzil bazarında qiymətlərdə artım gedir. Düzdür, bu, böyük deyil. Lakin ümumən qiymət artımı hər keçən gün hiss olunur. Çünki tikinti materiallarının qiymətinin artması belə, mənzil bazarına təsir edir. Amma təbii ki, bu mənzillər satışa çıxarılsa və qiymətlər müəyyən qədər münasib olsa, bazarda da hər hansı zamana qədər stabillik yaranar. Ən azından, ev almaq istəyən vətəndaşlar baha qiymətə yox, normal qiymətə ev ala bilərlər"//cebhe.info