gundem / sosial / Cəmiyyət
6.08.2022, 16:22
Yaranmış problemə nazirliyin münasibəti
Mən də, mənim rəhbərlik etdiyim "DogruXeber.az" media qrupu da hər zaman doğruları deməyi, yaymağı, əyrini əyri, düzü düz təqdim etməyi özümüzə borc bilmişik. Və təəssüf hissi ilə bildirirəm ki, çox zaman bu cür yanaşmamız da bizi bir çox qurumlar barəsində tənqid yazmağa vadar edir. Çünki, əksər dövlət qurumları, dövlət idarələri öz vəzifələrini lazımi qaydada yerinə yetirmirlər.
Lakin, sevindirici hal da var ki, heç olmasa vəzifəsini vicdanla yerinə yetirən, baxıb şükr edəcəyimiz barmaqla sayılacaq qədər az sayda qurum rəhbərləri və idarələr də var. Buna misal olaraq, "Azəriqaz" İstehsalat Birliyinin direktoru Ruslan Əliyevin və onun rəhbərlik etdiyi qurumun səlahiyyətli əməkdaşı - Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərovun, yeni yaradılmış TƏBİB və onun bəzi çalışanlarının, bir də daim asayişin keşiyində ayıq-sayıq dayanan Daxili İşlər Nazirliyinin və Nazir Vilayət Eyvazovun adını qeyd edə bilərik.
Yeri gəlmişkən, bu günlərdə müəyyən sənədləşmə məsələsi ilə bağlı Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) oldum. Sənədləşmə zamanı bəzi kiçik anlaşılmazlıq yaşandı. Mən jurnalistlərin dostu, həmkarımız, Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə zəng edib, yaranmış problemlərdən gileyləndim. Elşad müəllim ilə danışıb, məsələni diqqətinə çatdırdım. Elşad müəllim sənədləşmənin prosedur qaydasına uyğun olaraq, hazırlanması üçün biraz səbrli olmağı tövsiyyə etdi və bildirdi ki, "prosedurun sürətli icrası üçün müəyyən köməklik göstəriləcək". Belə də oldu. Bu danışığımızdan bir gün sonra BDYPİ-dən mənə zəng edib, sənədləşmənin hazırlandığını bildirdilər və idarəyə dəvət etdilər. Qısa zamanda idarədə oldum, cəmi 20-30 dəqiqəlik zaman çərçivəsində bütün sənədlər lazımi qaydada hazırlandı.
Daxili İşlər Nazirliyi hər zaman olduğu kimi bu dəfə də məsələnin böyüklüyündən, yaxud kiçikliyindən asılı olmayaraq, obyektiv araşdırılması və operativ həllini təmin etdi.
Məsələnin bu cür sürətli həllində səbəbkar isə bir çox dövlət qurumlarının mətbuat xidmətlərində çalışan şəxslər üçün nümunə olacaq şəxs, öz aramızda "jurnalistlərin dostu" adlandırdığımız, işini çox böyük məsuliyyətlə və dəqiq yanaşma ilə icra edən Elşad Hacıyevdir.
Elşad Hacıyev təkcə mətbuatda yayımlanan məlumatlara deyil, eyni zamanda bütün sosial şəbəkələrdə paylaşılan ən xırda problemlərə belə həssaslıqla yanaşır və sözügedən problemin həlli üçün əlindən gələni edir.
Bunun üçün Daxili İşlər Nazirliyinə - şəxsən Vilayət Eyvazova və nazirliyin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə, onların simasında isə BDYPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm.
Hörmətlə: Kamal Əsgərov