gundem / yazarlar / Mədəniyyət
10.02.2023, 16:49
DÜŞÜNMƏYƏ DƏYƏR
Pakistan parlamentinin üzvləri bir günlük, dövlətin nazirləri bir aylıq maaşları ilə "depremzədə"lərə yardım ediblər. Türkiyə deputatları və bakanları hələlik (bu saata kimi) belə bir kampaniya başlatmayıblar.
Azərbaycan parlamenti də bu gündən yardım kampaniyasına qoşulub, lakin Pakistanda olduğu kimi bəlli bir miqdar açıqlanmayıb. Diqqət çəkən bir məsələ odur ki, kampaniya sədrin təşəbbüsü ilə olub. Yəni rəhbərliyin, "yuxarı"nın...
"Aşağılar yuxarılara baxaraq", düz 4 gün sükut etmiş...
Türkiyədə bu dəhşətli dönəmin ən böyük problemi hökumət reaksiyasının ləng olması oldu. Zamanın itirilməsi faciənin miqyasını böyütdü. Mühüm qərarların verilməsi - ordunun geniş çapda sahəyə çıxarılması və s. yalnız depremin 3-cü günündə baş verdi, əhali uçqun altında can verdi. Hazırda təkcə Adıyamanda uçqun altında öldüsü-qaldısı bəlli olmayan 10 min insan yatır.
Təkcə bir şəhərdə...
Lənglik, təşəbbüssüzlük, bir adamın ağzından çıxan sözə təslim olmaq, qurumlara müstəqillik tanımamaq həm Türkiyədə, həm Azərbaycanda dövlətlərimizin ciddi problemidir.
Türkiyədə bu özünü çox ciddi şəkildə göstərdi.
Elə bizim parlamentdə də... yalnız 4-cü gün hərəkətə keçdilər. Sədrin təşəbbüsü ilə!
O sınıq-salxaq arabasına evindəki yorğan-döşəyi yükləyib bayrağını başı üzərinə qaldırıb yola çıxan İNSANın idarəetməsi və instinkti daha kamil idi, nəinki özlərini "vəkil" sayanların...
Türkiyədə də təqribən eyni vəziyyətdir. İlk reaksiya fərdlərdən gəldi. Tanınan və tanınmayan insanlar, müstəqil jurnalistlər sərəncam gözləmədən yarılmış yollarla, çökmüş hava alanları ilə... neçə nəqliyyat dəyişərək özlərini sahəyə yetirdilər. Kimisi ilk yardıma, kimisi "imdad" deyə bağırmağa qoşdu...
Türkiyədə sivil quruluşlar - QHT-lər bizdəkindən güclüdür, müstəqildir və bu işdə reaksiyaları daha hızlı oldu. 4 gündür, gecə-gündüz deprem bölgəsində könüllü olaraq çalışmaqdadırlar...
Görünür uzun illər hökumətdə olmaq, eləcə də parlament qoltuqlarına yayxanmaq insanın mahiyyətində bir sıra fəsadlar törədir, beyin ləngləşir, reaksiya korşalır, insanı insan edən şəfqət və mərhəmət duyğuları sönür, gözlər, qulaqlar tıxanır... yəni insanı insan edən "canıyananlıq instinkti" ruhu, cismi tərk edir...
Hakimiyyətin müddətli olması demokratiyanın, eləcə də bəşərin ən böyük kəşfidir və bu kəşfin faydaları göz önündədir...
Biz heç... Türkiyədə bu haqq xalqın əlindədir. Haqqını düzgün qullanmamağın isə bədəli ağır olur...
Allah millətimizə, xalqlarımıza, dövlətlərimizə yar olsun...
Yazıçı: Mehriban Vəzir