gundem / sosial / Səhiyyə / Cəmiyyət
21.08.2023, 21:16
Məşhur xəstəxana haqda şok ittiham: baş həkim barədə elə şeylər deyilir ki – Nazirlikdən açıqlama
“Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda rentgen və KT aparatları korrupsiya mənbəyinə çevrilib. İnstituta müraciət edən xəstələr bu aparatlarda müayinədən keçmək üçün uzun növbələrdə gözlədikləri bir vaxtda, digər korpuslarda aparatlar xidmətə verilmir. Bunun səbəbi isə növbədənkənar aparatlardan keçmək istəyənlərdən pul alınmasıdır”.
DogruXeber.az: - Globalinfo.az-a bu haqda sözügedən institutdan şikayət daxil olub. Şikayətdə deyilir ki, 2022-ci ildə instituta direktor təyin olunan İradə Axundova həmin aparatların işlədilməməsindən xəbərdardır və vəziyyətin bu cür davam etməsində maraqlıdır:
“Baş həkim təyinatından qısa müddət sonra qohum-əqrəbasını institutda vəzifələrə təyin etməklə tibb ocağını şəxsi obyekti kimi idarə edir. Məsələn, institutun laboratoriyasının şöbə müdiri Qəmər Əhmədzadə, ümumi şöbənin müdiri Atif, Statistika şöbəsinin müdiri xalası qızı Afaq, şöbə müdiri Atəş İradə Axundovanın yaxın qohumlarıdır. İradə Axundova qohumlarını yüksək vəzifəyə təyin etməklə onlara 2-3 min manat civarında maaş verilməsini təmin edib, həm də institutda ailə podratı yaradıb. Kimsə ağzını açıb etiraz etsə, İradə Axundovanın qohum-əqrəbası və onların tabeliyindəki işçilərin əli ilə gözümçıxdıya salınır. İnstitut bu gün qapalı bazarı xatırladır. Bir ailənin üzvləri dövlətdən yüksək maaş alıb, işçilərin başına oyun açırlar”.
Şikayətdə bildirilir ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna görə, vəzifəli şəxslər qohumlarını tabeçiliyinə işə götürə bilməzlər. Belə hal olarsa, vəzifəli şəxs mütləq bu haqda məlumat verməli və həmin şəxslərin başqa işə keçirilməsi prosesi təmin olunmalıdır:
“Bu gün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bərqərar olan “ailə müəssisəsi” işçiləri də, xəstələr də narazı salır. İradə Axundova isə hər ötən gün “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu pozur, qohum-əqrəbasının hesabına varidatını genişləndirməkdədir. Vərəm xəstəliyinin müalicəsi üçün instituta üz tutanlar hər gün orada növbələrdə gün keçirməli olurlar. Sual olunur: vərəm daha təhlükəli xəstəlikdir, yoxsa, korrupsiya? Bundan başqa, hərbidən yayınmaq istəyənlər üçün, pensiya təyinatı ilə bağlı institutda “açıq bazar” olduğu iddia olunur. Məlum məsələdir ki, pensiya işində spriometriya aparatı əsas rol oynayır. Bu işdə rentgen şöbəsi öncül sıradadır”.
İnstitutun adının çəkilməsini istəməyən əməkdaşları deyirlər ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və ya digər qurumlar institutda ən səthi yoxlama aparsalar, ciddi korrupsiyaya, yeyinti faktları üzə çıxar. İnstitutun laboratoriyası, reanimasiyası, rentgen, KT və digər şöbələri başdan-başa yeyinti içində “üzür”.
Globalinfo.az məsələ ilə bağlı Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova ilə əlaqə saxlayıb.
İradə Axundova
İradə Axundova danışmaq istəmədiyini bildirib:
“Biz Səhiyyə Nazirliyinə tabe olduğumuz üçün onlarla əlaqə saxlayın. Onlar bizə informasiya göndərdikdən sonra cavab verə bilərik. Amma yüz faiz deyə bilərəm ki, mən və korrupsiya tam fərqli işlərdir”.
Qohum-əqrəbasını institutda vəzifələrə təyin etməsinin doğru olub-olmaması ilə bağlı suala isə İ.Axundova belə cavab verib:
“Siz Səhiyyə Nazirliyi ilə danışın, zəhmət olmasa”.
Globalinfo.az Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlikdən bildirilib ki, qeyd edilən faktlarla bağlı hər-hansı bir məlumat (müraciət) daxil olmayıb:
“Məsələ ilə əlaqədar əsaslı faktlar mövcuddursa, aidiyyəti üzrə müvafiq qurumlara rəsmi müraciət edə bilərsiniz”.