gundem / siyaset
4.09.2023, 14:30
Ermənistan niyə vəziyyəti gərginləşdirməyə çalışır? - AÇIQLAMA
Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması halları artıb. Erməni silahlıları daha çox Kəlbəcər və Naxçıvan istiqamətindəki mövqelərimizə atəş açırlar. Bəs görəsən, Ermənistanın vəziyyəti gərginləşdirməkdə məqsədi nədir?
Hərbi ekspert Ədalət Verdiyev "DogruXeber.az"a bildirib ki, Ermənistan Azərbaycana qarşı humanitar yüklə başladığı kampaniyada heç bir nailiyyət əldə etməyəndən sonra dünya ictimaiyyətinin diqqətini sərhəddə baş verən hadisələrə yönəltmək niyyətindədir.
Onun sözlərinə görə, Ermənistan tərəfi vəziyyəti gərginləşdirməyə, amma eskalasiyanın miqyasını genişləndirməməyə çalışır:
"Ermənistan tərəfinin hansı məqsədlə təxribatlar törətdiyi çox da önəmli deyil. Bizim üçün Ermənistan tərəfindən atəş açılan mövqelərin məhv edilməsi, həmin mövqelər üzərində Azərbaycan bayrağının dalğalanması və əsgərimizin həmin ərazilərdə yerləşdirilməsi vacibdir. Təxribatların istər sərhəddə, istərsə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə törədilməsi bizim üçün əhəmiyyət daşımır", - deyə ekspert vurğulayıb.