gundem / sosial / video / Cəmiyyət
24.01.2025, 13:09
"Al marketl"lər bizi zəhərləməyə çalışır? - SOS // VİDEO
""Al market"lər şəbəkəsi cibimizin pulu ilə bizə zəhər satır."
"DogruXeber.az" bildirir ki, bu sözləri redaksiyamıza aşağıdakı videogörüntüləri göndərən Xətai rayon sakini deyir.
"Al market"in 8 noyabr prospekti - 59 nömrəli orta məktəbin yaxınlığında yerləşən filialından aldığı konfet və digər şirniyyat məhsullarının xarab çıxdığından gileylənən xanım bildirir ki, "Bu hal ilk dəfə deyil, nə də sözügedən marketlər şəbəkəsinin yalnız bu filialında deyil. Mən dəfələrlə "Al market"in müxtəlif - Kazımağa Kərimov, Yasamal rayonu Mətbuat prospekti və digər filiallarından da şirniyyat məhsulları almışam, hər dəfə aldığım çeşidin ən azı biri xarab çıxıb. Deyəndə də üstündəki tarixi az qala "gözümüzə soxurlar". O, tarixi ora yazan da bu marketlər şəbəkəsi kimi insanların axırına çıxmaq istəyir sanki. Köhnə, xarab məhsulları yeni tarixlə od bahasına camaata sırıyırlar.
Allah qorusun, uşaq o, məhsullardan yesə nələr olar?
Uşaqlar böyük qədər həssas deyil axı. Fərqində olmadan yeyib zəhərlənə bilərlər ki, "Al market", "Oba" və "Araz" marketlər şəbəkələri sayəsində bu kimi hallar tez-tez baş verir.
Qeyd edim ki, qısa müddət bu sistemdə çalışmışam və bilirəm ki, məhsul istehsal ediləndə deyil, məhz satışa hazırlananda üzərində tarix yazılır.
Bu da cəmi bir neçə ildir yaradılmış növbəti rüşvət ocağı olan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məsuliyyətsizliyi və şəxsi maraqları naminə vəzifə borcunu yerinə yetirmədiyinin aşkar göstəricisidir. Hər gün bir istehsal müəssisəsində cərimə yazacağı ilə təhdid edib, filan qədər rüşvət aldıqdan sonra əl sıxışıb, "qardaş olub" gedən AQTA əməkdaşlarının bu "qardaşlıq sevdaları" sözün əsl mənasında zəhərə dönüşüb, qanımıza qarışır.
Yeri gəlmişkən, "Al market"in süd məhsulları - qaymaq, şor, dovğa, və ayranları da dəfələrlə göyərmiş və qıcqırmış çıxıb. Adam geri verməyə də utanır. Aparırsan ki, bunu dəyiş, işçilər bir-birinə qaş-göz hərəkətləri edib adamı ələ salırlar.
Üstəlik, bu marketlərdə problem yalnız bununla da bitmir. Dövlətin öz pulumuzdan sevindirmək üçün özümüzə qaytardığı 1-2 qəpiyi də market bizə qıymır. Verdikləri qəbzlərin QR kodu çox zaman oxunmur. Ya kağız bərbad olur, ya da mürəkkəbi az olur. Nə vaxt da irad bildiririk, deyirlər, "usta çağırmışıq, gəlib baxsın". İki ildir usta gəlib baxa bilməyib.
Piştaxtada olan qiymətlərlə kassa qiymətlərinin də fərqi bir ayrı dərd. Hər dəfə də alıcıların üzərinə atırlar ki, "onlar yerini dəyişik qoyublar".
Maraqlıdır, bəs işçilər nəzarət etmirmi malların yeri dəyişik olur?
Bir gün xəstələnib işə çıxmağa halı olmayan işçinin maaşının az qala yarısını kəsən sistem, bu diqqətsizliyə görə cəzasız qoyarmı 3-5 manatla 3 adamın işini tək görməyə məcbur edilən zavallı işçini?!"
Doğrusu, ətraflı şəkildə qeyd olunan bütün məlumatlara nəzər saldıqda bizə yalnız bu sözü demək qalır - adam haqlı. Çünki, bu kimi hallar ayrı-ayrılıqda hamımızın tək-tək rastlaşdığımız problemlərdir.
Yuxarıda qeyd olunan piştaxtada olan qiymətlərlə kassa qiymətlərinin fərqinə gəldikdə isə, cəmi bir neçə gün əvvəl Yasamal rayonunun Şərifzadə küçəsində, "Kaktus" restoranının yaxınlığında yerləşən "Araz" merketdə vətəndaşın lentə alıb yayımladığı görüntülər gündəm oldu. Hansı ki, həmin görüntülərdə sözügedən qiymət fərqi əyani şəkildə göstərilirdi.
Görünür bu variant şəbəkə marketlərin düşünülmüş iş prinsipidir.
Qeyd edək ki, vətəndaşın müraciətilə bağlı "Al market"lər şəbəkəsinin baş ofisi ilə əlaqə saxlayıb, mövqe öyrənmək cəhdlərimiz də vətəndaşların şikayətləri kimi nəticəsiz qaldı.
Şəbəkənin rəsmi internet saytında yerləşdirilən əlaqə nömrələrinə zəng etdikdə robot operator ingilis dilində bir-iki cümlə deyib, zəngi qapadır.
Hər şeyə rəğmən redaksiamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az