Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Baş redaktordan Azərenerjinin prezidenti Baba Rzayevə müraciət

Baş redaktordan Azərenerjinin prezidenti Baba Rzayevə müraciət
16-07-2020, 10:40 1 203 dəfə baxılıb

Baş redaktordan Azərenerjinin prezidenti Baba Rzayevə müraciət





“ AZƏRENERJİ “ AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN
PREZİDENTİ BABA RZAYEV CƏNABLARINA

M Ü R A C İ Ə T

Hörmətli cənab Baba Rzayev! Son illər respublikamızda aparılan islahatlar, kadr dəyişiklikləri öz müsbət nəticələrini verməkdədir və indi onu deməkdən böyük məmnunluq duyuram ki, korrupsiyalaşmış məmurların bəd əməlləri, qanunsuz hərəkətləri,insanların yaddaşında yaratdıqları mənfi fikirləri yavaş-yavaş müsbətə doğru dəyişməkdədir. Təəssüf edirəm ki, belə xoşagəlməz hallar sanki bir xəstəlik kimi dövlət orqanlarını bürümüş, hətta Cənab Prezidentin inanıb, seçib yerləşdirdiyi, etibar etdiyi insanlar belə müəyyən vaxtdan sonra nəfsinin qarşısında aciz qalaraq yollarını azmışlar. Xalq bunları yaxşı görür,tanıyır, ağı qaradan, yaxşını pisdən seçməyi bacarır. İndi elə bir zamandır ki, balaca bir uşaq əlini telefon düyməsinə basaraq dünyada nələr baş verdiyinin şahidinə çevrilə bilir. Əlbəttə bunu bütövlükdə hamıya, hər bir dövlət qurumuna aid etmək olmaz. Ölkəmizdə namuslu, qeyrətli, xalqını, vətənini, dövlətini sevən, öz vəzifə borclarını vicdanla, ləyaqətlə yerinə yetirən məmurlarımız da var. Onlar azlıq təşkil etsələr də yox deyillər. Biz jurnalistlər bunları daha yaxşı görür və yeri gəldikcə saytlarımızda və internet TV-lərimizdə işıqlandırırıq.

Cənab Baba Rzayev! Belə azlıq təşkil edən yüksək çinli dövlət məmurları arasında biz sizi də görür və hesab edirik ki, insanlarda kütləvi narazılıq və etirazlar yaratmadan öz iş prinsipiniz və səmərəli fəaliyyətinizlə xalqla ölkə başçısı arasında yaxınlıq, birlik yaradır, ona olan inamı artırır və beləliklə də Cənab Prezidentə dəstək olursunuz. Bu, çox gözəldir. Amma təəssüf ki, “ Azərenerji” ASC -də öz işinə səhlənkar və məsuliyyətsiz yanaşan, ona tapşırılan vəzifənin mahiyyətini dərk etməyən, tutduğu vəzifəyə öz mülkü kimi yanaşan, insanları incidən, get – gələ salan, süründürməçi, bürokratik münasibət bəsləyən məmurlar da yox deyildir. Açığını deyim ki, belələri sizin işinizə kölgə salır, böyük zəhmətiniz hesabına qazandığınız ad-sanınıza ziyan vururlar. Belə ki, mənim qardaşım-Cəbrayıl rayonundan olan məcburi köçkün Ulduz Talıb oğlu Əsgərov 5 ay bundan əvvəl “Azərenerji” ASC-də işə qəbul olunmaq üçün test üsulu ilə imtahan vermiş və bu sınaqdan böyük uğurla çıxmışdır. Məlumat üçün deyim ki, qardaşım institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra test üsulu ilə “Azərişıq” ASC -də işə qəbul olunmuş, 15 il nəzarətçi-mühəndis vəzifəsində qüsursuz çalışmışdır. Öz işinin mahir bilicisi, olduqca savadlı, təcrübəli, bilikli, bacarıqlı, insanlarla münasibət qurmağı bacaran, dövlət maraqlarını hər şeydən üstün tutan vicdanlı bir kadrdır. Mən bunu qardaşım olduğu üçün yox, ədalət naminə deyirəm. Deyirlər siz də haqqı-ədaləti sevirsiniz. Ona görə sizə müraciət edib bildirirəm ki, aradan uzun müddət keçməsinə baxmayaraq qardaşıma “Azərenerji”dən hələ də bir cavab verilməmişdir və hesab etmirəm ki, bu sayğısızlıq, diqqətsizlik, insan həyatına, insan taleyinə biganəlik yalnız mənim qardaşıma görədir, həm də düşünürəm ki, bu, “Azərenerji” ASC- nin həmin sahəyə məsul əməkdaaşlarının peşəkarlıqdan uzaq, yarıtmaz fəaliyyəti, məsuliyyətsizliyi, köhnə totalitar sistemdən qalmış düşüncə tərzi, süründürməçiliyi və və insanlara qarşı biganəliyidir. Mən inanmıram ki, bu cür əqidə sahibləri, bu cür məmurlar 3 azyaşlı uşaq atasının məcburi köçkün həyatı yaşamağa məhkum olunmuş valideynlərinin ac gözlərinə baxmağa utanan bir insanın nələr keçirdiyini, hansı hisslər yaşadığını başa düşsünlər. Bu çox çətin insani bir məsələdir. Düzünü deyim ki, böyük bir hörmət sahibinin rəhbərlik etdiyi böyük bir cəmiyyətdə bu cür hallara yol verilməsi, məntiqi cəhətdən Cənab Prezidentin çağırışlarının əksinə getmək fikrini yaradır, hansı ki, Cənab Prezident dönə- dönə, təkrar-təkrar vurğulayır ki, bizim hamımız xalqa xidmət etməliyik, bu bizim borcumuzdur, hər şey xalq üçündür. Bu, dolayısı yolla sizin özünüzə, nüfuzunuza, hörmətinizə zərbə vurmaqdır. Bəzən jurnalistlər arasında “Azərenerji”dən bu və digər mövzuda söhbət gedərkən mən qəti şəkildə o fikirlərin əleyhinə çıxıram ki, Baba müəllimin belə işlərdən xəbəri yoxdur. Odur ki, sizə müraciət edirəm. Mənim qardaşım energetika sahəsində cavan olmasına baxmayaraq peşəkar işçidir, təcrübəlidir, yuxarıda qeyd etdiyim kimi 15 il “Azərişıq”da işləyəndən sonra obyektiv səbəblərdən öz ərizəsi ilə işdən ayrılsa da, yenidən ( bir ildən sonra ) sevimli işinə, peşəsinə qayıtmaq istəyir.

Hörmətli Baba müəllim, özünüz də yaxşı bilirsiniz ki, indiki dövrümüzdə işsizlik nə deməkdir? Mən qısa şəkildə belə deyərdim: bu, diri ikən ölümə məhkum olmaqdır. Xahiş edirəm, düzlüyünə, ədalətinə güvəndiyiniz məmurlardan birinə tapşırıq verin bu işlə maraqlansınlar. Öyrənsinlər, araşdırsınlar və soruşsunlar ki, işə qəbul edilmək üçün imtahan verməkdən başqa daha nə etmək lazımdır ki, bu zavallı insanlar əlavə 5 ay da artıq gözləməsinlər. Heç olmasa doğru, düzgün, əsaslandırılmış bir cavab versinlər. Yoxsa bu elanlar,yoxlamalar,imtahanlar,testlər onlara görə ancaq yuxarılara mesaj vermək, gözdən pərdə asmaq və görüntü vermək üçündür?
Böyük hörmətlə

Kamal Əsgərov,
“DogruXeber.az“ saytının və MUM TV- inin Baş redaktoru.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram