Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Turizm şirkətləri müflis olur - NƏ ETMƏLİ?

Turizm şirkətləri müflis olur - NƏ ETMƏLİ?
14-04-2021, 09:59 128 dəfə baxılıb

Turizm şirkətləri müflis olur - NƏ ETMƏLİ?







DogruXeber.az: - Pandemiya səbəbindən 2020-ci il turizm üçün itirilmiş il hesab olundu. COVİD-19 virusunun sürətlə yayılması səbəbindən dünyanın əksər dövlətləri sərhədlərini qapatdı və turizm demək olar ki, durma nöqtəsinə gəldi. Azərbaycanda isə ötən il hətta yoluxma həddinin yüksək olması səbəbindən Bakı ilə bölgələr arasında gediş-gəlişə də qadağa qoyuldu, ictimai-iaşə müəssisələrinin fəaliyyətinə qoyulan qadağa çərçivəsində regionlardakı turizm obyektləri də qapadıldı. Bir çox turizm obyektləri varlığını qorumağa belə çətinlik çəkdi. Dövlətin pandemiya səbəbindən ən çox itki verən sahələrə yardımı müəyyən qədər vəziyyəti yüngülləşdirsə də, hazırda hotel-restoran şəbəkələrinin, turizm obyektlərinin durumu qənaətbəxş deyil. Hazırda bir çox dövlətlər bu turizm mövsümündən faydalanmaqda qərarlıdırlar. Yalnız Rusiya Türkiyənin pandemiya səbəbindən təhlükəli olduğunu vurğulayaraq, öz turistlərini Türkiyəyə getməməyə çağırıb. Bunun səbəbi isə COVİD-19 virusu ilə deyil, daha çox Ukrayna ilə Rusiya arasındakı Krım münaqişəsi və Türkiyənin bu məsələdə tutduğu mövqe ilə bağlıdır. Azərbaycan isə bu mövsümdə test verərək COVİD-ə yoluxmadığını göstərən sənədlə ölkəmizə gələn hər bir turisti qəbul edə bilər. Bu, həm son bir ildə itki verən iqtisadiyyatımızın canlanmasına, həm də turizm sektorumuzun dirçəlməsinə gətirib çıxara bilər.

İqtisadçı alim, deputat Vüqar Bayramov da hesab edir ki, ölkəmizə gəliş-gedişlə bağlı qaydaların yumşaldılmasına ehtiyac var: “Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də turizmdir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin ilk iki ayında Azərbaycana 72,1 min turist gəlib. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.9 dəfə azalma deməkdir. Ölkəmizə gələnlərin əksəriyyəti daha çox qeyri-turizm məqsədilə səfər həyata keçirilmişdir. Bu müddətdə Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan - 11,1 dəfə, Türkmənistandan - 10,0 dəfə, Özbəkistandan - 6,3 dəfə, Rusiya Federasiyasından - 5,1 dəfə, Ukraynadan - 4,5 dəfə, Böyük Britaniyadan - 4,4 dəfə, Belarusdan - 2,6 dəfə, İrandan - 2,5 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb.

COVİD-19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Bununla belə, sərt karantinin tətbiq olunmadığı müddətdə də ölkəmizə gəlişlə bağlı sərt qaydalar qüvvədə saxlanılıb. Yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq bu qaydaların da dəyişdirilməsinə ehtiyac var. Əksər hallarda turistlər səfərlərini öncədən planlaşdırırlar və bu sərt qaydaların saxlanması pandemiya yumşalacağı halda ölkəmizə gələn turistlərin sayına təsir göstərə bilər".

İqtisadçı alim xarici vətəndaşların ölkəmizə gəlişi ilə bağlı qoyulan COVİD testi tələbinə də münasibət bildirərək, onun müddətinin artırılmasını təklif edir: “Belə ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər. Bu o deməkdir ki, əgər bu meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus neqativ PSR-testi nəticəsi varsa da belə, ölkəmizə daxil ola bilməz.

Bu baxımdan daha məqsədəuyğun olardı, müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişinlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi, bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur".

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda turizm şirkətlərinin vəziyyəti qənaətbəxş deyil və sərhədlərin açılması onlar üçün yeni nəfəs ola bilər: “Artıq 1 ildir ki, pandemiya başlayıb. Ötən il pandemiya yeni olduğu üçün heç kim necə hərəkət etmək lazım olduğunu bilmirdi. Artıq həm lazımi qurumlar, həm turizm şirkətləri artıq koronavirusda necə qorunmaq, pandemiya şəraitində necə fəaliyyət göstərmək yollarını özləri üçün aydınlaşdırıblar. Xarici dövlətlərə də nəzər salsaq görərik ki, bir çoxu test verərək öz ölkəsinə girişə icazə verib. Bizdə də artıq nəzarət altında bu proses başlasa yaxşı olardı. Həm ölkəmizə turistlərin gəlişi baş verərdi ki, bu da iqtisadi canlanmaya gətirib çıxarardı. Eyni zamanda turizm şirkətlərimizin daha çox qazanmasına, öz işlərini daha yaxşı qurmasına şərait yaradardı. Bu günə qədər həm paytaxtdakı, həm də bölgələrdəki hotellər müəyyən qaydalar əsasında öz fəaliyyətlərini təmin edirlər, epidemik normalara, gigiyena qaydalarına əməl edirlər. Hotellərin bu baxımdan xidmət səviyyəsi çox yaxşıdır və vaxtaşırı olaraq yoxlanılır. Ölkəyə turistlərin gəlməsi üçün hər bir şərait var. Turizm şirkətlərinin vəziyyəti o qədər də ürəkaçan deyil. Onların fəaliyyət sahəsi hazırda minimuma enib. Sərhədlərin bağlı olması, turistlərin gəlməməsi, ölkədən turistlərin gedə bilməməsi onların da işinə çətinlik törədir. Bir çox şirkətlər artıq bağlanıb, bir çox şirkətlər də işçilərini məzuniyyətə göndərmək məcburiyyətində qalıblar, müflis olmaq nöqtəsinə gəliblər. Bu baxımdan turizm şirkətləri çətin vəziyyətdədirlər. Ona görə də onlara dəstək olmalıyıq ki, varlıqlarını saxlaya bilsinlər. Əksər şirkətlər də bu günə qədər Azərbaycanın dünyaya tanıdılmasında, xarici turistlərin ölkəmizə cəlb olunmasında böyük rol oynayıblar. Belə çətin dövrdə onlara dəstək olmaq vacibdir”.

Ə.Qurbanov vurğuladı ki, əgər sərhədlər açılsa, ən çox ərəb ölkələrindən gələn turistlər üstünlük təşkil edəcək: “Biz Turizm Assosiasiyası olaraq monitorinqlərimizdə də görürük ki, ərəb ölkələrindən olan turistlərin ölkəmizə gəlmək istəkləri daha çoxdur. MDB ölkələrindən də Azərbaycana hər zaman turist gəlirdi, bu il də gələ bilərlər. Digər qonşu ölkələrdən, xüsusən də Türkiyədən turistlər gələ bilər. Türkiyə ilə Azərbaycan arasında şəxsiyyət vəsiqəsi olmadan gediş-gəlişə icazə verildikdən sonra qardaş ölkədən gələnlərin sayında da artım ola bilər".

İqtisadçı alim Fikrət Yusifov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkəmizə xarici turislərin gəlməsi ilə bağlı məsələdə digər dövlətlərin addımlarını izləməliyik: “Əslində bu elə də böyük problem deyil, turist test verib neqativ cavabını aldıqdan sonra gələ bilər. Lakin yenə də qiymət siyasətinə baxmaq lazımdır. Adətən kütləvi gələnlər imkanı olan adamlardır, təbiət qoynunda olmaq, dəniz sahilinə getmək istəyirlər. Ancaq qiymətləri gördükdən sonra ikinci dəfə gəlmirlər. Qiymət siyasətinə yenidən baxmaq, hotellərin, ictimai-iaşə obyektlərindəki qiymətləri endirmək lazımdır. Bizdə qiymətlər çox yüksəkdir. Türkiyədə, Gürcüstanda, Misirdə, Tunisdə və başqa turizm ölkələrində qiymətlər aşağıdır. Bizdə də belə bir şərait yaratmaq lazımdır ki, turistlər gəlsin. Xüsusən də ətraf ölkələrdən gələnlər olacaq, Türkiyə yolunun bağlanması səbəbindən daha çox Rusiyadan gələn olacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli isə qəzetimizə danışarkən vurğuladı ki, əslində turizm mövsümü ilə bağlı təkcə Azərbaycanın verəcəyi qərar yetərli deyil: “Görünən odur ki, hətta AB ölkələri arasında da yekdil fikir yoxdur. Yalnız Böyük Britaniya elan etdi ki, mayın 19-dan sonra ölkəyə giriş-çıxışı sərbəst edəcək. Amma mütləq test vermək lazım olacaq, vaksin olunub-olunmamasından asılı olmayaraq, test vermək hamı üçün şərt qoyulub. Digər ölkələr hələ ki yekdil qərara gələ bilməyiblər. Bizim ən çox səfər etdiyimiz ölkələr Gürcüstan və Türkiyədir, eləcə də hər il onlardan daha çox qonaq qəbul edirik. O cümlədən Rusiyadan və İrandan daha çox turist qəbul edirik. Bu ölkələrlə bağlı qeyri-müəyyənlik hələ də qalır. Gürcüstan ötən gün üçüncü dalğanın başlaması ilə bağlı olaraq sərhədlərin hələ may ayında da bağlı qalacağını elan etdi. Rusiya ilə Azərbaycan arasında müəyyən aviareyslərin bərpa olunması ilə bağlı danışıqlar gedir. Bəzi aviareyslər də bərpa olunub. Ancaq gələcəkdə bunun davam edib-etməyəcəyi, Rusiya ilə Azərbaycan arasında hansı şərtlərlə turist mübadiləsi olacağı ikitərəfli danışıqlardan asılı olacaq. Təkcə Azərbaycanın sərhədlərinin açıq olması yetərli deyil. Digər turist axını olan ölkələrlə də bu məsələ dəqiqləşdirilməlidir. Biz sərhədi açsaq, digər tərəfdə bağlı olsa, bunun heç bir mənası olmayacaq”.

Ekspertin fikrincə, bu addımlar kifayət qədər qarşılıqlı nizamlanmış şəkildə olmalıdır: “İranda da üçüncü dalğanın geniş yayılması ilə bağlı xəbərlər dolaşır. Mövsümün açılması Azərbaycan üçün çox xeyirli olar. Turizm sahəsi son illər ən intensiv inkişaf edən sahələrdən biri idi. Hər il turist sayında 15-20 faiz artım müşahidə olunurdu. İndi mövsümün açılmasının həm ölkənin xidmət sahəsinə, həm də turizm sahəsinə çox ciddi pozitiv təsiri ola bilər. Ancaq hələlik kəskin bir fikir söyləmək çətindir. Yəqin ki, may ayının ortalarında həm Azərbaycan, həm də digər ölkələr ümumi bir yekdil rəyə gələcəklər. Ən azı onu dəqiq deyə bilərik ki, AB ölkələri ilin birinci yarısında açılmayacaq. Nə oradan Azərbaycana, nə də Azərbaycandan oraya turist səfərlərinin olması mümkün olmayacaq. Türkiyə, Rusiya, Gürcüstanla mümkündür. Biz daha çox yaxın ətrafımızdakı ölkələrə fokuslanmalıyıq. Bu ölkələrlə sərhədlərin açılması mümkün olsa, bu da kifayət qədər pozitiv təsir göstərə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram