Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər

MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
16-04-2021, 16:10 76 dəfə baxılıb

MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər








Azərbaycandakı məmur oliqarxiyasının özəlliklərindən biri də odur ki, iri ranqlı məmur vəzifəsindən uzaqlaşdırılan kimi, əksər hallarda onun biznesi də çökməyə başlayır. Buna misal olaraq, Ziya Məmmədovun, Fazil Məmmədovun, Eldar Mahmudovun və digərlərinin biznes strukturlarını misal göstərmək olar. Başqa-başqa adamların adlarına rəsmiləşdirilən bu bizneslər ya onların gerçək sahiblərinin dövlət sifarişlərinə, tenderlərə, vergi orqanlarına çıxışları və vəzifələrinin yaratdığı digər imtiyazlardan məhrum olmaları səbəbindən batmağa başlayır, ya da bilərəkdən müflisləşdirilərək, bu bizneslərə yatırılan kapitallar nəğd vəsaitə çevrilir və əksər hallarda xaricə daşınır.
Yuxarıda adlarını qeyd etdiyimiz məmurların siyahısına artıq iki ilə yaxındır ki, Ramiz Mehdiyevi də əlavə etmək olar. Belə ki, onun yaxınlarının adlarına rəsmiləşdirilən və arxasında sabiq PA rəhbərinin durduğu bildirilən bizneslər bir-bir çökməkdə davam edir. Bir müddət əvvəl çətin maliyyə durumuna salınan “Baku Steel Company” ətrafında baş verən hadisələr hər kəsə yaxşı məlumdur.

Ramiz Mehdiyevin adamı kimi tanınan və sözügedən şirkətin rəhbəri olmuş Rasim Məmmədovun həbsi, Mehdiyevin general poqonları daşıyan oğlunun və Milli Məclisin deputatı olmuş kürəkəninin həmin şəxsə qarşı qaldırdıqları milyonlarla dollarlıq iddialar təsdiqlədi ki, metallurgiya sahəsində amansız inhisarçılıq yaratmış və çoxlu sayda iş adamını az qala “qol gücünə” müflis etmiş “Baku Steel Company” artıq xeyli müddətdir sabiq PA rəhbərinin “patronajlığından” çıxıb.
İndi isə R.Mehdiyevin bankı kimi tanınan və rəsmən səhmlərinin 75 faizi onun gəlini olduğu bildirilən Nigar İsmayıl qızı Mehdiyevaya məxsus olan “Bank BTB” ağır günlərini yaşamaqdadır. Bunu Mehdiyevin vəzifəsini və nüfuzunu itirməsindən sonra getdikcə Aərbaycanın ən zəif banklarından birinə çevrilən “Bank BTB”-nin 2021-ci ilin 1-ci rübünə aid maliyyə göstəriciləri də təsdiqləyir.

Belə ki, bankın rəsmi hesabatına görə, onun xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə azalaraq, 365 min manata düşüb. Ötən il bankın mənfəəti 762 min manat olmuşdu. O cümlədən bankın cəmi əməliyyat gəlirlərinin 184 min manat artması qrşılığında, cəmi əməliyyat xərcləri 1 milyon 52 min manat artıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 1-ci rübündə əməliyyat mənfəəti 928 min manat təşkil etmişdi.
Lakin bu rəqəmlər bankın gerçək durumunu bir o qədər aydın əks etdirmir. Əslində, bank 2020-ci ili 9 milyon 130 min manat xalis zərərlə başa vurub və bununla da onun yığılmış zərəri 12 milyon manata çatıb. Marqlıdır ki, bu bank sabiq aparat rəhbərinin vəzifədə olduğu dönəmdə ardıcıl olaraq, xalis mənfəət əldə edir və kapitalını artırırdı.
Ancaq Mehdiyev hakimiyyətdəki yüksək postdan uzaqlaşdırıldıqdan sonra bankın xalis mənfəəti kəskin şəkildə - 16 milyon 653 min manat azalaraq 9 milyon 130 min manatlıq zərərə keçib. Nəzərə alsaq ki, ötən il ölkədə devalvasiya və bankın maliyyə durumuna kəskin şəkildə təsir edəcək başqa bir hadisə baş verməyib, o zaman bu dərəcədə geriləmənin bilərəkdən təşkil olunub-olunmadığına dair şübhələr yaranır. Ən azından Azərbaycanda “Bank Standard” təcrübəsi var və belə bankların bilərəkdən müflisləşdirilməsi ssenarisini istisna etmək olmaz.
Hər necə olsa, görünən odur ki, R.Mehdiyevə yaxın şəxslərin adlarına rəsmiləşdirilən biznes strukturları qəsdənmi, yaxud yuxarıda qeyd etdiyimiz digər səbəblərdən çöküş yaşayır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bu prosesin R.Mehdiyevin ailə biznesinə, gəlirlərinə, onun indiyə qədər topladığı varidata bir o qədər güclü təsiri olmaya bilər – necə deyərlər, "yel qayadan nə aparar?”

Ancaq əvəzində həmin biznes strukturlarında çalışan əməkdaşlar, onlara vəsait, əmanət yatıran sıravi vətəndaşlar, onlarla tərəfdaşlıq edən iş adamları böyük zərər görə, işsiz qala bilərlər. Necə ki, ötən il sözügedən bankın bir neçə filialı bağlanmış, xeyli əməkdaşı işsiz qalmışdı.
Bütün bunlar bir daha ölkəmizdəki məmur oliqarxiyasının Azərbaycanın biznes mühitini nə dərəcədə çirkləndirdiyini, onu inhisarçılığın əsirinə çevirdiyini, inkişafını əngəllədiyini, bir sözlə ölkə iqtisadiyyatına təhlükə yaratdığını təsdiqləyir.
“AzPolitika.info”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram