Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Müalicə üçün kredit götürmüşdük” - ETİRAZ

“Müalicə üçün kredit götürmüşdük” - ETİRAZ
22-04-2021, 10:13 114 dəfə baxılıb

“Müalicə üçün kredit götürmüşdük” - ETİRAZ

Balakən rayonunun Meşəşambul kənd sakini Şəqanə Hetayeva illərdir xəstəliklə mübarizə apardığını deyir. Ona üz tutduğu tibb müəssisələrində xəstəliyinin müalicəsinin olmadığını bildiriblər.

“Müalicə üçün kredit götürmüşdük”

Şəqanə Hetayeva qeyri-adi xəstəlikdən əziyyət çəkir. Dolixosiqma patoloji bağırsaq uzanması sayılır. Diaqnozda xəstəliyin fəsadları haqqında da yazılıb. Çanaq boşluğunun ön divarında postop çapıq xətti izlənilir. Sol paraumblikal bölgədə 26 mm ölçüdə yırtıq var. Bu səviyyədə postop çapıq xətti boyunca rektus əzələləri atrofik görünümdədir və incə bağırsaq ansları qarın ön divarına yapışıb.

“Birinci dəfə 2012-ci ildə əməliyyat olunmuşam. Ondan sonra bir neçə əməliyyat keçirmişəm. 2016-cı ildən bu yana da vəziyyətim çox ağırlaşıb. Hara gedirəmsə, mənə deyirlər ki, bu xəstəliyin müalicəsi yoxdur. Xroniki bağırsaq keçməzliyindən əziyyət çəkirəm”.

32 yaşlı qadın ildə bir neçə dəfə Bakıya gəlib-getməli olur. O, əsasən Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə və əməliyyat olunub. Amma M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və başqa klinikalarda da xəstəliyinə çarə tapmağa çalışıb.

“Bakıya avqustda gedəndə həkim koronavirusa görə evə yazdı müalicəni. Bugünlərdə yenə getməliyəm. İnanın, yolpuluya görə gedib-gələ bilmirəm. Evdar qadınam. İki övladım var. Kənd yeridir, iş yoxdur ki, həyat yoldaşım işləsin. Üstəlik, belində yırtıq var, hava soyuyanda ağrıdan dayana bilmir. Qayınanam da pensiyaya baxır. Mən səkkiz dəfə əməliyyat olunmuşam. Qayınanam mənim müalicəmə görə kredit götürmüşdü. İndi də pensiyasının çox hissəsi kreditə gedir. O kreditin hesabına Bakıya getmişdim...”

“Ailənin dolanışığı çox çətindir”

Şəqanə Hetayeva deyir ki, növbəti müalicə kursu üçün yenə kredit götürmək istəyiblər. Amma qayınanası rədd cavabı alıb. Əvvəlki kredit borcu bitmədiyindən, müsbət reaksiya verilməyib:

“Qaldıq ki, necə eləyək? Çıxış yolu faizlə pul götürməyə qaldı. Kənd yeridir, iş yox, qaz pulu, işıq pulu verilməlidir. Ailənin dolanışığı çox çətindir. Bütün bunların öhdəsindən gəlmək olmur”.

Ailədə 11 və 12 yaşlarında iki oğlan böyüyür, amma onların ehtiyacları tam ödənmir. Ailə bütün gücünü Şəqanə xanımın müalicəsinə sərf etməli olur.

“Dünyanın harasına getsən, bu xəstəliyin müalicəsi yoxdur. Yeriyə, nəfəs ala bilmirəm. Daim yataqda oluram. Gündə 10 manatlıq dərman vurulmasa, özümə gələ bilmirəm”.

“Əlillik təyin etmək istəmirlər”

Şəqanə Hetayeva prezidentə, vitse-prezidentə məktubla müraciət edərək, həm öz vəziyyətini, həm də ailəsinin durumunu izah eləməyə çalışıb. Onun məktubları Balakəndə müvafiq dövlət struktularına yönləndirilib. Deyir ki, sağalmaz xəstəliyə tutulmasıyla barışıb, heç olmasa, əlillik təyin olunmasını, pensiya almasını istəyir ki, ağrıkəsiciləri ala bilsin: “Bakıdan Balakən xəstəxanasına yönləndirmişdilər. Orada mənə dedilər ki, sənədləri yenidən toplayım. Topladım, bu dəfə imtina cavabı gəldi. Əlillik təyin eləmədilər”.
“Müalicə üçün kredit götürmüşdük” - ETİRAZ

Şəqanə Hetayevanın sözlərinə görə, Bakıdan gələn komissiyadan da ümidverici cavab almayıb. Ona deyiblər ki, əlində bundan da ağır vəziyyət barədə sənəd olmalıdır. Yalnız bu halda, əlillik təyin oluna bilər: “Bundan ağır kağızı hardan gətirim? Bundan ağır vəziyyət olar? Daha ağırı ölümdür. Əgər bir adamda ifrazat sistemi işləmirsə, on gündən bir tibbi müdaxilə ilə təbii ehtiyacını ödəyirsə, bundan ağırı necə olmalıdır?”

Ağır xəstəliklə mübarizə aparan qadının indi əlindən yalnız ağrıların qarşısını müvəqqəti almaq gəlir. Deyir ki, bunun üçün də həftə ərzində azı 50 manatlıq ağrıkəsici istifadə edir: “O iynələr vurulmasa, ölürəm. Bu vəziyyətimdə də deyirlər ki, sənə əlillik, pensiya düşmür. Bu vəziyyətdə mənə pensiya, əlillik düşmürsə, bəs hansı xəstələrə düşür? Xroniki xəstəlik o deməkdir ki, sağalmır...”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram