Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ermənistanın Zəngəzur təxribatı - NƏ BAŞ VERİR?

Ermənistanın Zəngəzur təxribatı - NƏ BAŞ VERİR?
23-04-2021, 16:48 71 dəfə baxılıb

Ermənistanın Zəngəzur təxribatı - NƏ BAŞ VERİR?







Azərbaycan Prezidentinin bir neçə gün əvvəl tarixi torpaqlarımızla bağlı yaddaşları təzələyən faktları xatırlamasından sonra Ermənistanda Zəngəzurla bağlı təşviş artıb. Məhz bundan sonra baş nazir Nikol Paşinyanın Zəngəzur vilayətində az qala daş-qalaq edilməsinin ardınca iki dövlət sərhədində təxribatın baş verməsi düşmənin növbəti məkrli planlarından xəbər verir, bu barədə bir az sonra...

Qeyd etdiyimiz kimi, dövlət başçımız “Zəngəzura qayıdacağıq”, bəyanatını verməklə çox ciddi tarixi mesaj verib. Xatırladaq ki, Azərbaycan Prezidenti bundan əvvəl, ADA Universitetində keçirilən konfransdakı çıxışında da Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu bəyan etmişdi. Ölkə başçısı beynəlxalq auditoriya qarşısında da tarixi faktlara istinad edərək bildirmişdi ki, Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Sitat: “Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”. Dövlət başçımız “Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də İrəvana qayıtmayaq?”, deməklə də erməniləri həyəcanlandırmışdı. Daha sonra Zəngəzurla bağlı anlaşmanın yerinə yetiriləcəyini əminliklə bəyan edən Prezidentin tarixi torpaqlarımıza böyük qayıdışın anonsunu verməsi işğalçı ölkədəki təxribatçı şəbəkələri hərəkətə gətirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib. Bu barədə “Yeni Müsavat”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib. Belə ki, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən DSX-nin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub. Hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini xahiş ediblər.

Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilib və cavab atəşi açılmayıb. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib. Eyni zamanda həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər. “Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcəkdir”,- açıqlamada qeyd edilib.

Bu yerdə xatırladaq ki, 44 günlük müharibə zamanı da ermənilər bir neçə dəfə Zəngəzur bölgəsində gərginlik yaratmağa cəhd göstərmişdilər. Hətta ermənilər rus sərhədçilərin Azərbaycan tərəfindən qətlə yetirildiyi barədə saxta məlumatı yaymaqla aranı qarışdıracaqlarını, Rusiya ilə Azərbaycanı üz-üzə qoyacaqlarını zənn edirdilər, ancaq bu təxribatlar işə yaramadı. Görünür, kommunikasiyaların açılması, Zəngəzur dəhliz ilə bağlı nəhəng layihələrin gerçəkləşməsi istiqamətində qətiyyətli addımlar və prinsipial mövqelər erməniləri, həmçinin onların havadarlarını hərəkətə gətirib. Heç şübhə yoxdur ki, ermənilər bu bölgədə sabitliyi pozmaqla Rusiyanın, həmçinin KTMT-nin proseslərə qatılması istiqamətində uzun müddətdən bəri cəhdlərini reallaşdırmağa çalışırlar.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, 10 noyabrdan bu yana ilk dəfədir ki, atəşkəsin intensiv pozulması barədə xəbərlər yayılır. Ekspert Azərbaycan DSX-nin rəsmi açıqlamasını xatırladıb: “Ermənistan Müdafiə Nazirlyinin və ya Ermənistan Sərhəd Xidmətinin insidentlə bağlı açıqlaması yoxdur. Bunun əvəzinə, Qarabağdakı erməni separatçıları belə bir açıqlama yayıblar ki, guya Azərbaycan ordusu Xankəndini və Əsgəranın iki kəndini atəşə tutub və guya bunun nəticəsində Xankəndində hansısa evin damına zərər dəyib. Beləliklə, bölgədə yenidən toqquşma ehtimalı artır. Ermənistan hakimiyyəti ilə erməni separatçılarının birgə planı Azərbaycanla Rusiyanı üz-üzə qoymaqdan ibarətdir. Ancaq buna Rusiyadakı siyasi mərkəzlərin özü də rəvac verirlər. Ermənistanda görürlər ki, rəsmi Bakının Kremlə ünvanladığı sualların sayı artıb. Rusiya ilə bağlı səslənən suallarımız bunlardır: ”İsgəndər-M" raketini Azərbaycana kim və niyə atdı? Rusiya Ermənistan ordusunu kimə qarşı modernləşdirir? Rusiyanın Qarabağda 9 mayda planlaşdırdığı “hərbi parad”ın məqsədi nədir? Erməni separatçılarının lideri Araik Arutyunyan növbəti dəfə Moskvaya niyə çağırılıb?" E.Şahinoğlu hesab edir ki, bu suallar cavablandırılmadığı kimi təxribatların sayı da artır: “Biz həm təxribatlara layiq cavab verməli, həm də qabaqlayıcı addımlar atmalıyıq. ”Bizdən xahiş etdilər" ifadəsi ilə cəmiyyəti sakitləşdirmək çətindir. Ən maraqlısı odur ki, sərhəddəki insident barədə Ermənistanla yanaşı, Rusiyadan da reaksiya yoxdur. Bunun əvəzinə Rusiya saytları Qarabağ separatçılarının son açıqlamasını yayıblar".

Xəbər verildiyi kimi, rus sülhməramlıları Xankəndində 9 may paradına hazırlıq görürlər. Azərbaycanın maraqlarına və qanunlarına zidd olan bu paradda Qarabağın dağlıq hissəsindəki separatçıların iştirakı da gözlənilir. Ancaq hələ ki Rusiya tərəfi “İskəndər-M” sualları ilə bağlı inandırıcı cavab verə bilmədiyi kimi, Xankəndi paradını “zəruri” edən arqumentləri də ortaya qoymayıb.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, belə özbaşınalığa imkan vermək olmaz: “9 mayda Xankəndində paradın keçirilməsi ilə bağlı rusların və separatçıların verdiyi qərar Rusiya sülhməramlılarının razılığı olmadan qəbul edilə bilməzdi. Ermənilər həmin günü Şuşanın 1992-ci ildə tutulması günü kimi anmaq istəyirlər. Bu mənada 1945-ci il, Böyük Vətən müharibəsindəki qələbə gününü bəhanə edirlər. Biz adekvat bir tədbir kimi Şuşada buna bənzər bir addım atsaq, yenə də əksiklik qalacaq. Çalışmaq lazımdır ki, belə bir parad olmasın. Ruslar nəyi bayram etmək istəyirlər, Azərbaycan torpaqlarına silahlı qüvvə yeritdiklərinimi?!” Q.Çaxmaqlı hesab edir ki, XİN bu məsələyə münasibət bildirməlidir: “Ruslardan soruşmaq lazımdır ki, 10 noyabr razılaşmasına görə burada erməni hərbi birləşməsi olmamalıdır, nə üçün bu maddənin tələblərini yerinə yetirmir? Ermənistanın özündə əsgər ana və valideynlərinin etirazına baxmayaraq, hərbiyə çağırılanların bir hissəsi nə səbəbə yenə də Qarabağa göndərilir?” Politoloq hesab edir ki, bu təxribatların nə qədər davam edəcəyi bəlli deyil: “20 iyunda nəzərdə tutulan seçkilərdə ehtimal ki, qalib tərəf Paşinyan və ona yaxın qüvvələr olacaq. Onlar Dağlıq Qarabağın işğaldan azad olunmamış hissəsindən erməni silahlılarını çıxarmağı düşünmürlər. Ehtimal ki, Rusiya sülhməramlılarına güvənərək bu addımı atırlar. Rusiya gözlədiyimiz kimi, burada ermənilərdən çox, həmin maddələri pozan tərəf oldu. Rusiya bundan sonra özbaşınalıqlarını davam etdirərsə, Azərbaycan məsələni ciddi qoymalıdır! 20 iyunu gözləmədən, biz bütün ərazilərimizdə Azərbaycanın suveren haqlarının bərpasına başlamalıyıq. Rus kontingenti bu işdə bizə maneə ola bilməz. Onlar Azərbaycanın razılığı ilə buraya gəliblər. Azərbaycan qanunlarını və milli maraqlarımızı pozmağa yönəlik hər hansı fəaliyyətləri diqqətə alınmalı və onların geri göndərilməsi üçün əsaslar toplanmalıdır. Azərbaycan üçün qırmızı xətt bütün torpaqlarımızın tamamilə azad edilməsi və Azərbaycan dövlətçiliyidir. Buna təhlükə törədəcək hər hansı fəaliyyətin adekvat cavabı verilməlidir!”

Yazı çapa hazırlanarkən Zəngəzur bölgəsindən daha bir xəbər gəldi. Erməni mediasının yaydığı məlumata görə, 21 aprel gecə Ermənistanın Sünik vilayətində (Zəngəzur) həbslər aparılıb. Belə ki, baş nazir Nikol Paşinyanın vilayətə gəlişinə etiraz edənlər və onu söyüb qovanlar tutulub. Sünikin keçmiş qubernatoru Vahe Akopyan deyib ki, saxlanılanların hamısını İrəvana aparırlar. “Bir çoxlarını naməlum istiqamətə aparıblar, nə vəkillə, nə başqası ilə əlaqə saxlamağa imkan verməyiblər”, - Vahe Akopyan deyib. Virtualaz.org-un xəbərinə görə, baş verənlərdən sonra Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə “Sünikdə baş verən özbaşınalıqlara görə qəti tədbirlər görməyi” tapşırıb. Vilayətə xüsusi xidmət orqanlarının əməkdaşları və xüsusi təyinatlılar, çoxsaylı polislər yeridilib. Mehri şəhərinin meri Mxitar Zakaryanın da evinə gecə polis basqını olub, onu tutublar. Mxitar Zakaryan Paşinyanın vilayətiə gəlişinə etiraz etmişdi və onu “heç görmək belə istəmədiyini” demişdi.

Görünən budur ki, N.Paşinyan həm özünü “konstruktiv” göstərib, kommunikasiyalarla bağlı anlaşmalara əməl edilməsinə xalqı inandırmağa çalışır, həm də seçkilərədək razılaşmalara əməl olunmasından yayınmaqla seçkiləri qazanmaq üçün manevrlər edir. Amma Zəngəzur təxribatı şübhə yeri qoymur ki, düşmən ölkə özünü tamam məhv edə biləcək qorxulu oyunlara girişib. Əgər bu dəfə hərbi əməliyyatlar bərpa olunsa, döyüşlər Ermənistanın sərhədləri daxilində gedə və tarixi ədalət yerini tuta oluna bilər...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram