Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Operativ Qərargah hansı qərarları açıqlayacaq? - QAPANIRIQMI?

Operativ Qərargah hansı qərarları açıqlayacaq? - QAPANIRIQMI?
6-05-2021, 11:32 62 dəfə baxılıb

Operativ Qərargah hansı qərarları açıqlayacaq? - QAPANIRIQMI?

DogruXeber.az: - Sabah Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək. Brifinqdə hansı qərarların açıqlanacağı maraq doğurur.

Yoluxma ilə bağlı vəziyyət nisbətən stabilləşsə də, son günlər müəyyən artım müşahidə olunur. Belə ki, mayın 3-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 418 yoluxma faktı qeydə alınıb, 1 095 nəfər müalicə olunaraq sağalıb. Mayın 4-də 963 yoluxma qeydə alınıb, 2091 nəfər sağalıb. Mayın 5-də isə qeydə alınan yoluxma sayı 1080 olub, 2074 nəfər sağalıb.

Bu tendensiya yenidən qərarların sərtləşdirilməsinə səbəb ola bilərmi? Operativ Qərargahdan hansı açıqlamalar gözlənilir?

Milli Məclisin üzvü Rüfət Quliyev “Press Klub”a bildirdi ki, yoluxanların rəsmi sayı qeyri-rəsmi sayından qat-qat aşağıdır:

“Test etdirməyən, yaxud özəl klinikalarda test etdirib, cavabı pozitiv çıxan şəxslər portala düşməmək üçün bir çox cəhdlər göstərirlər. Ona görə də, yoluxanların rəsmi sayının qeyri-rəsmi saydan qat-qat az olduğunu düşünürəm. İnsanlar var ki, yoluxublar, amma özləri də bilmir, simptomsuz keçirirlər”.

R. Quliyev vaksinasiya prosesinə cəlb olunan insanların sayınının daha da artırılmasını məqsədəuyğun sayır:

“Vaksinasiya virusa yoluxanların sayında enmə tempini yarada bilər. Ona görə də nə yumşalma, nə də sərtləşmənin olacağını düşünürəm. Mövcud olan qayda və tələblərə riayət etməyə isə dövlət nəzarət edəcək. Virusa yoluxanların sayının artmasının ən böyük səbəbi avtobuslardakı sıxlıqdır. Düzdür, BNA deyir ki, biz avtobusların sayının artırılmasına çalışırıq. Amma avtobuslarda heç bir sosial məsafəyə riayət olunmur. Təssəvvür edin ki, metro açılsa, yoluxanların sayı daha da artacaq. İnsanlar qaydalara əməl etməlidirlər”.

Həkim-farmakoloq Müşfiq Hüseynov “Press Klub”a şərhində yoluxma sayının bir həftədən artıqdır ki, stabil olduğunu qeyd etdi:

“Əvvəl də qeyd etdiyim kimi, yoluxma sayında sönmə davam edəcək. Hansı qərarların veriləcəyini deyə bilmərəm. Amma hansı qərarların verilməli olacağı barədə öz təkliflərimi verə bilərəm. Bu zamandan sonra ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyətlərin qoyulmasının heç bir mənası olmayacaq. Hər hansı qapanmaya gedilməsinin də bir mənası yoxdur. İctimai nəqliyyatın fəaliyyətini dayandırmaqdansa, metronun açılmasına üstünlük verirəm. Metronun müəyyən saatlarda fəaliyyət göstərməsi barədə qərar qəbul etmək daha məqsədəuyğundur. Çünki may ayının 10-15-dən başlayaraq yoluxma sayında daha kiçik rəqəmlərə doğru gedəcəyik”.

Həkimin sözlərinə görə, mayın 15-dən karantin rejiminin yavaş-yavaş aradan qaldırılacağı gözlənilir:

“Yoluxma artıq sönməyə başlayan ocaqdır. Bu vaxtdan sonra hansısa təhlükənin baş verəcəyini düşünmürəm. İş yerlərinin tamamilə, alış-veriş mərkəzlərinin isə iyun ayından başlayaraq açılması, 50-60 nəfərlik toy məclislərinin keçirilməsinə icazənin verilməsi daha doğru olardı. Həyat yavaş-yavaş öz axarına düşməlidir. Əhalinin əksəriyyəti artıq bu xəstəliyi keçirdi. Peyvənd olunanların sayında kifayət qədər artım var. Bu yay keçən ilin yay ayları kimi qapanmaya gedilməməlidir. İnsanları havasız, dənizsiz qoymamalıdırlar. Pandemiyanın Azərbaycanda bu cür ağır formada olmasının, digər ölkələrə nisbətən payız-yaz aylarında ağırlaşmanın, ölüm sayının çox olmasının səbəblərindən biri də Operativ Qərargahın verdiyi qərarlardır. Operativ Qərargah insanları günəşsiz, dənizsiz qoydu. Bu tip qərarları təkrarlamaqla işi daha da ağırlaşdıracaqlar. Buna isə gərək yoxdur”.

Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da karantin rejiminin sərtləşməsinə deyil, yumşaldılmasına dair qərarların qəbul olunmasını daha məqsədəuyğun hesab edir:

“Buna bir sıra amillər əsas yaradır. Bir tərəfdən insanların sağlamlığı ilə bağlı məsələlərə nəzər saldıqda görürük ki, yoluxma statistikasında artım istiqamətində təhlükəli meyllər yoxdur. Son ayların statistikası və real göstəricilər onu deməyə əsas verir ki, insanların toplaşması ilə yoluxmaların artması arasında hansısa bir bağlılıq yoxdur.

Digər tərəfdən də, iqtisadi vəziyyət karantinin sərtləşdirilməsi istiqamətində qərarların qəbulu üçün şərait olduğunu göstərmir. Bundan əlavə, Ramazan bayramı yaxınlaşır. İnsanların dini ibadətlərinin həyata keçirilməsinin nə dərəcədə vacib olduğunu nəzərə alaraq hesab edirəm ki, müəyyən yumşalmalara ehtiyac var. Məscidlərin açılması, dini tədbirlərin keçirilməsinə icazənin verilməsi məqsədəuyğundur. Yay ayları yaxınlaşmaqdadır. Açıq havada idman tədbirlərinin, insanların açıq havaya rahat şəkildə çıxmasının təmin olunmasının vacibliyi göz qarşısındadır”.

Ekspert təhsildəki problemlərin dərinləşdiyini də söylədi:

“Həm orta, həm də ali təhsil səviyyəsində biz açıq şəkildə görürük ki, onlayn təhsil ənənəvi təhsili əvəz edə bilmir. Təhsildəki problemlər bir müddət sonra ölkədə bir sıra istiqamətlər üzrə ciddi problemlərin yaranmasına səbəb ola bilər. Bütün bunlara əsaslanaraq hesab edirəm ki, Operativ Qərargah tərəfindən qəbul edilən qərarlar karantinin sərtləşdirilməsinə deyil, yumşaldılmasına istiqamətlənməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram