Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Bərdənin icra başçısının fəaliyyəti yoxlanılsın" — Vidadi İsayevlə bağlı hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ

6-05-2021, 12:08 94 dəfə baxılıb

"Bərdənin icra başçısının fəaliyyəti yoxlanılsın" — Vidadi İsayevlə bağlı hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi, Bərdənin icra başçısı Vidadi İsayevlə bağlı ciddi ittihamlar var. Onun şəhid ailələri ilə kobud davrandığı, rayonda qanunsuz əməllərlə məşğul olduğu bildirilir. Üstəlik, bu, Vidadi İsayevlə bağlı ilk ciddi ittihamlar da deyil.

Məsələylə bağlı Demokrat.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı icra hakimiyyəti orqanlarının işinə ciddi nəzarət mexanizminin olmasını vacib hesab etdiyini bildirib:

"Ümumiyyətlə, icra hakimiyyətləri mövzusu Azərbaycanda ən həssas məsələyə çevrilib, çünki əhalinin ən narazı olduğu qurumlardan biri, bəlkə də, birincisi məhz yerli icra hakimiyyəti orqanlarıdır. Sosial Tədqiqatlar Mərkəzinin apardığı araşdırmada da icra hakimiyyəti başçıları əhalinin ən narazı olduğu şəxslər oldu.

Hətta, bu sorğu zamanı bəlli oldu ki, əhalinin onlara etimadı 50 faizdən də aşağıdır. Lakin bəzi icra başçılarının həbslərini çıxsaq, bununla bağlı konkret addımlar atılmır. İcra hakimiyyətləri ilə bağlı məsələ olduqca təhlükəli tendensiyadır, çünki onlar birbaşa əhali ilə işləyən qurumlardır. Bu sahədə hansısa islahatlar aparılmasa, insanlar üsyana qalxa bilərlər. Səhv etmirəmsə, yaxın keçmişdə Saatlıda belə hal yaşandı, insanlar bir araya gələrək, kütləvi şəkildə öz etirazlarını bildirdilər. Bu, digər orqanlar üçün bir siqnal olmalı idi.

Konkret olaraq Bərdənin icra başçısı ilə bağlı məsələyə gəlincə, mən də sosial şəbəkələrdə bu barədə məlumata rast gəldim. Düzdür, hələ ki, məsələylə bağlı nə təsdiq, nə də təkzib var. Məncə, bu məsələ dərhal ciddi şəkildə araşdırılmalıdır, çünki müharibədən yeni çıxmış ölkədə şəhid ailələrini incitmək həm vicdani, həm hüquqi, həm də siyasi baxımdan olduqca yanlış addımdır.

Nəzərə alaq ki, cəmiyyət şəhid və qazilərlə bağlı məsələdə həssasdır. Üstəlik, Bərdə keçmiş işğal altında olmuş bölgələrə ən yaxın rayonlardandır, bu məsələdə ikiqat diqqətli olmaq lazımdır. Çox istəyirəm və tələb edirəm ki, bu məsələylə bağlı hüquq-mühafizə orqanları bəlli addımları atsınlar, araşdırma aparıb, səlahiyyətli şəxslərin ifadələrini alsınlar, ittiham edən insanları çağırıb, onların rəyi alınsın. Həm də icra hakimiyyətinin fəaliyyətinin ümumi yoxlanışı keçirilsin. Əminəm ki, orta-statistik bir yoxlanışı keçirilsə, Bərdə icra hakimiyyətində də digər yerli orqanlardakı kimi kifayət qədər qanunsuz əməllər ortaya çıxacaq".

Onun fikrincə, həm Bərdə, həm də digər icra hakimiyyəti orqanlarının fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır:

"Mənim fikrimcə, icra hakimiyyəti orqanları daha diqqətli olmalı, iqtidar da bu məsələyə xüsusi yanaşmalıdır. Bununla bağlı təklifim də var, icra hakimiyyəti başçıları yalnız iqtidardan yox, həm də müxalifətdən seçilməlidir, ya da başçı iqtidardan olanda, onun birinci müavini müxalifətdən seçilməlidir, yaxud əksinə. Belə addımlarla nəzarət mexanizmini formalaşdırmaq lazımdır. Əks halda vəziyyət bu cür də davam edəcək. Fikir verin, artıq 8 icra hakimiyyəti başçısı həbs olunub, amma yenə də digər başçılar rüşvət də alırlar, qanunsuz əməllərlə də məşğuldurlar. Düşünürəm ki, bununla bağlı iqtidar dərhal bəlli kəskin addımlar atmalıdır".

Qeyd edək ki, məsələylə bağlı Bərdənin icra hakimiyyəti başçısı Vidadi İsayevin də fikrini öyrənməyə çalışsaq da, o, zənglərimizə cavab vermədi.// Demokrat.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram