Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Əlillik təyinatı qaydaları dəyişdirilir - Naizirliyin təklif etdiyi yeni mexanizm problemləri aradan qaldıracaqmı?

Əlillik təyinatı qaydaları dəyişdirilir - Naizirliyin təklif etdiyi yeni mexanizm problemləri aradan qaldıracaqmı?
9-05-2021, 15:03 152 dəfə baxılıb

Əlillik təyinatı qaydaları dəyişdirilir - Naizirliyin təklif etdiyi yeni mexanizm problemləri aradan qaldıracaqmı?

DogruXeber.az: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlillik, pensiya və müavinət təyin edilmiş vətəndaşlarla bağlı aparılan araşdırmalar davam etdirilir. İndiyədək 100 mindən artıq pensiya, 20 minə yaxın əlillik təyinatı ləğv edilib, 120 iş araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib. Nazirlik rəsmiləri bildirirlər ki, qanunsuz pensiya ödənişlərinin dayandırılması nəticəsində dövlət büdcəsinə 750 milyon manatdan artıq qənaət edilib.

Nazirlik bununla kifayətlənmir, əlilliyin təyin edilməsi mexanizmini dəyişdirməyə hazırlaşır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov deyib ki, növbəti illərdə əlilliyin təyin edilməsi əmək qabiliyyətinin itirilmə faizi ilə müəyyən ediləcək. “Əgər indiyədək əlillik təyinatı birinci, ikinci və üçüncü dərəcələr üzrə müəyyən edilirdisə, növbəti illərdə əmək qabiliyyətinin itirilmə faizi ilə müəyyən ediləcək”, – deyə o, vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, yeni qanun layihəsi artıq hazırdır və bu sənədə əsasən əlillik qruplar üzrə təyin edilməyəcək:

“Hazırda əlillik üç qrup üzrə təyin edilir və əlilliyin qiymətləndirilməsində ümumi yanaşma göstərilir. Bu qanunvericiliyin köhnəlməsi fərdi yanaşmanı ortaya qoymağa imkan vermir. Yeni qanunvericilikdə isə fərdi yanaşma var. Orada “qrup”, “dərəcə” sözləri çıxarılıb və orqanizmin funksiyalarının itirilmə faizi müəyyən olunacaq. Əvvəl 1-ci dərəcə ümumi götürülürdü, amma həmin dərəcə verilən bir şəxsin xəstəliyi daha şiddətli olurdu, digərinin isə daha az”.

Nazirlikdən deyilib ki, yeni qanunvericilikdə orqanizmin funksiyalarının itirilmə faizi qiymətləndiriləcək:

“Əmək qabiliyyətinin 81-100 faiz itirilməsi dördüncü, 61-80 faiz itirilməsi üçüncü, 31-60 faiz itirilməsi isə ikinci dərəcə ilə qiymətləndiriləcək. Birinci dərəcə 30-10 faiz arasıdır ki, buna artıq əlillik təyin olunmur. Yeni qanunvericiliyə əsasən bu dərəcə peşə xəstəliyi və istehsalatda bədbəxt hadisələr zamanı orqanizmin əmək fəaliyyətinin itirilmə faizini qiymətləndirmək üçün təyin ediləcək”.

Qeyd olunub ki, insanın orqanizmində baş verən dəyişikliklər nəticəsində dərəcələrdə də dəyişikliklər olacaq: “Dərəcələr dəyişdikcə, ona müvafiq olaraq təyinatlar da yenilənə bilər”.

Əlilliyin yenidən qiymətləndirilməsi, pensiya, müavinətlərin araşdırılması cəmiyyətdə kifayət qədər narazılıq doğurub. Xeyli sayda əlil vətəndaş əsassız olaraq qruplarının, müavinətlərinin ləğv edildiyini bildirir. Həmçinin, nazirliyin kütləvi araşdırması uzun növbələrin yaranmasına səbəb olur, proses bəzən aylarla çəkir ki, bu da vətəndaşların pensiya və ya müavinətdən məhrum edilməsi ilə nəticələnir.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev hərbi səbəblərlə əlaqədar təyin edilmiş müddətli əlilliklərin uzadılması üçün əyani müayinə əsasında qiymətləndirilmədə iştirak edib. Onun sözlərinə görə, əyani müayinə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim-ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarət komissiya tərəfindən keçirilir:

“Bu zaman müayinəyə cəlb edilmiş şəxlərin əlillik sənədləri, mövcud sağlamlıq vəziyyətlərinin də əlillik təyinatına uyğun olub-olmadığını araşdırılır”.

Hüquq müdafiəçisinin sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, bir sıra hallarda xəstəlik diaqnozları və sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir:

“ƏƏSMN bu halların araşdırılması, qanun pozuntularının qarşısının alınması, şəffaflıq və obyektivlik təmin edilməsi üçün əlaqədar dövlət orqanları, vətəndaş cəmiyyətini də cəlb etməklə zəruri tədbirlər həyata keçirir. Fikrimcə, səmərəli ictimai nəzarət və hesabatlılıq təmin edilməklə bu işlərin həyata keçirilməsi zərurətdən yaranıb. Çalışmalıyıq ki, prosesə obyektiv, rasional yanaşaq. ƏƏSMN ciddi araşdırma aparıb, bu istiqamət üzrə ciddi qanun pozuntuları və sui-istifadə halları olması faktlar, rəqəmlərlə qeyd olunur. Hesab edirəm ki, bu fakt və rəqəmlərə ciddi yanaşmalıyıq. Nazirlik ictimai nəzarətin təmin edilməsi, ictimiyyətin iştirakçılığı üçün şərait yaradır”.

Bununla belə, Ə. Nuriyev hesab edir ki, şikayətlər də, əks mövqelər də mütləq diqqətə alınmalıdır:

“Bir şəxsin belə haqqı çatan sosial müdafiə tədbirindən kənarda qalmasına göz yuma bilmərik. Bu proses səbr, təmkinlə aparılmalıdır, obyektiv, şəffaf olmalıdır. Burada söhbət həm fərdlərin, həm də dövlətin maraqlarından gedir”.

İqtisadçı Qubad İbadoğlu isə nazirliyin hazırladığı yeni mexanizmi şərh edərkən bildirib ki, beynəlxalq təcrübədə də faizlə əlilliyin müəyyənləşdirilməsi daha geniş yayılıb: “Sadəcə olaraq, yeni layihəyə görə, faizlər daxilində əlillik dərəcələri dörd kateqoriya üzrə müəyyənləşdiriləcək”.

Ekspert hesab edir ki, yeni layihənin iki çatışmazlığı var:

“Birincisi, çox sərt kriteriyalar qoyulub. Məsələn, 4-cü ən ağır əlillik dərəcəsi olanlardır. Amma o ağır əlillik dərəcəsini almaq həm də yüksək pensiya və müavinət almaq deməkdir. Ona görə də, o qədər çətin şərtlər qoyublar ki, hətta ayaqlarını dizdən aşağı itirmiş şəxs belə, bu qrupa düşə bilmir. Layihəni yumşaltmaq lazımdır”.

Onun fikrincə, ikinci problem ondan ibarətdir ki, əlillik ümumi müəyyənləşdirilir:

“Yəni, xüsusi yanaşma yoxdur. Tutaq ki, kimsə böyrəyin dializinə qoşulur və həmin şəxsin görməsində, eşitməsində də problemlər var. Ona görə də, yaxşı olar ki, ödənişləri daha ədalətli etmək üçün hər bir qrupun içərisində kateqoriyalar da olsun. Məsələn, “a”, “b”, “c” kateqoriyaları. Beynəlxalq təcrübədə bu var və 4-cü qrupun “a” kateqoriyasına aid olan şəxslərə daha yüksək müavinət verilir, çünki həmin kateqoriyaya aid şəxslərin bir neçə meyar üzrə əlilliyi var”.

İqtisadçının fikrincə, yeni layihənin məqsədi ondan ibarətdir ki, rəsmi əlilliyi olan şəxslərin sayını maksimum azaltsınlar:

“Həmin sərt tələblərlə Azərbaycanda əlillik meyarına cavab verən çox az adam var. Bu şəkildə layihənin tətbiqi həm də dövlət büdcəsindən bu məqsəd üçün istifadə olunan vəsaitin azalması deməkdir”.

Əliməmməd Nuriyev isə hesab edir ki, optimal yol hərbi səbəblərlə ağır fəsadlar almış, lakin əlillyə səbəb olmayan hallarda veteran və qazilərimizə verilən müavinətin miqdarının artırılması ola bilər:

“Vətənimizin bütövlüyü uğrunda döyüşmüş, sağlamlığını itirmiş, əlilliyə səbəb olmasa da, fəsadlar almış veteran və qazilərimiz bu baxımdan fərqləndirilməlidir. Onlar kifayət qədər sosial qayğı ilə əhatə olunmalıdır”./pressklub/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram