Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün qardaşlıq, dostluq və tərəqqi nümunəsi kimi dəyərləndirilir

Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün qardaşlıq, dostluq və tərəqqi nümunəsi kimi dəyərləndirilir
9-06-2021, 16:23 48 dəfə baxılıb

Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün qardaşlıq, dostluq və tərəqqi nümunəsi kimi dəyərləndirilir

Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün qardaşlıq,
dostluq və tərəqqi nümunəsi kimi dəyərləndirilir

Xalqların gələcəyinə xidmət edən əməkdaşlıq

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxınlığı bütün sahələrdə özünü göstərir. Bu əlaqələrin böyük tarixi var. İki xalq və dövlət yaxşı və çətin günlərdə hər zaman bir-birinin yanında olub. Dövlət başçılarının qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafına əvəzsiz töhfələr verir. Ölkələrimiz iqtisadi-siyasi sahələrdə çiyin-çiyinə bərabər çalışırlar. Bu birlik işğaldan azad edilən torpaqların bərpasında da mühüm rol oynayacaq, indiki məqamda əlaqələrimizi daha da gücləndirməliyik. Bizim birliyimiz dövlətlərimizin birliyinin daha da güclənməsinə xidmət edir.
Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Bir millət, iki dövlət” ifadəsi qardaşlıq şüarı kimi hər yerdə iftixarla səslənir. 44 günlük müharibə zamanı dost, qardaş Türkiyə Cümhuriyyətinin xalqımıza qəti dəstəyi Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsində əhəmiyyətli rol oynadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında səmimi münasibətlər də, şübhəsiz ki, qələbəyə öz töhfəsini vermiş oldu
Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə biz bu dəstəyi daim hiss etdik. Məxsusi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında çox böyük qardaşlıq dəstəyi, mənəvi dəstək kimi əhəmiyyətli rol oynadı. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

Vəfa Bayramova-Həsən bəy Zərdabi muzeyinin direktoru

Türkiyə və Azərbaycan arasında dünyada bənzəri olmayan və ürəklərdə yer alan müstəsna bir qardaşlığa şahidik

Şübhəsiz ki, bu qardaşlıq kökünü ortaq tarix və mədəniyyətdən alır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer edib, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur. “İki dövlətin qurucuları – ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” anlayışı bu qardaşlıq bağının əsasını təşkil edir, eyni zamanda, Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları bu qardaşlığı və ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və qorumaq üçün bir anddır. Məlum olduğu kimi, qədim Azərbaycan torpağı olan Qarabağın ermənilər tərəfindən təxminən 30 illik qanlı işğalı 44 gün davam edən Vətən müharibəsinin sonunda şanlı Qələbə ilə başa çatdı. Bu Qələbə Azərbaycan xalqı kimi Türkiyədəki vətəndaşlarımızı da çox sevindirdi. Türkiyə Vətən müharibəsində qardaşlıq borcunu yerinə yetirərək Azərbaycanı heç vaxt tək qoymadı. Türkiyə savaşın əvvəlindən sonuna qədər Azərbaycan xalqının yanında oldu və hər cür dəstək göstərdi. Biz inanırıq ki, artıq Qarabağda hər bahar xarı bülbüllər şəhidlərimiz üçün açacaq, onların ətrini Qafqazın incisi Qarabağdan bütün Türk dünyasına daşıyacaq. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, “Türkiyə dünən olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında oldu və bundan sonra da olacaq. Heç bir güc Türkiyə-Azərbaycan birliyini sarsıtmayacaq”. “İki dövlət, tək millət şüarı” ilə əl-ələ, çiyin-çiyinə bütün çətinliklərin öhdəsindən gələrək ölkələrimiz inkişaf edib, daha da irəliləyəcək və güclənəcək.
Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji dəyər qazanıb. Son zamanlar Azərbaycan-Türkiyə münasibətlərində bütün sahələr üzrə böyük irəliləyiş qeydə alınıb. İkitərəfli əməkdaşlığımız artıq yalnız Türkiyə və Azərbaycana fayda gətirmək hüdudlarını keçərək regional əməkdaşlığa yol açıb. Türkiyə və Azərbaycan bölgənin təhlükəsizliyinə və sabitliyinə töhfə vermək üçün bütün imkanlarını və güclərini birləşdirib.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi

Yüksək əməkdaşlıq və tərəfdaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətləri bu gün də bütün sahələri əhatə edən geniş formada inkişaf etməkdədir.
Dünya miqyasında Azərbaycanın ən böyük dəstəkçisi hər zaman Türkiyə dövləti olmuşdur. Türk dünyasında eləcə də, dünya çapında böyük nüfuza malik olan Türkiyə Cümhuriyyəti kimi bir dövlətin ölkəmizə hər cür dəstək verməsi, qardaş ölkənin, qəhrəman bir millətin xalqımıza, dövlətimizə münasibətinin əməli ifadəsidir. Bu qəti və aydın mövqe müstəqil Azərbaycan dövlətinə birmənalı dəstək, bədnam Ermənistana kəsərli cavab, dünya birliyi qarşısında isə açıq mövqe ifadə edən ciddi bir mesajdır.
44 gün davam edən, haqq savaşımızın tarixi qələbəsi ilə nəticələnən Vətən müharibəsi dövründə də qardaş ölkənin mənəvi və diplomatik dəstəyi bir an belə azalmadı. Beynəlxalq səviyyədə, böyük güclərin nə qədər təzyiqi olsa belə, Türkiyə öz mövqeyindən geri çəkilmədi.
Müharibədən sonrakı dövr ərzində bu əməkdaşlıq daha yeni iqtisadi perspektivlərlə davam edib, inkişaf etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini



Azərbaycan–Türkiyə münasibətləri bütün dünya üçün qardaşlıq,dostluq və tərəqqi nümunəsi kimi dəyərləndirilir

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edib. Müdrikcəsinə söylənilmiş bu fikir Azərbaycan və Türkiyə xalqları üçün birgə inkişaf yolu, irəliyə aydın baxış fəlsəfəsidir.
Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün qardaşlıq, dostluq və tərəqqi nümunəsi kimi dəyərləndirilir. Bu münasibətlərin inkişafında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub.
Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olub. 1992-ci il yanvarın 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılıb. Bu vaxtdan etibarən Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlayıb. Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açıb. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başlayıb. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib.
2003-cü ildə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət ayırıb. Ötən dövr ərzində Prezident İlham Əliyev Türkiyəyə dəfələrlə rəsmi və işgüzar səfərlərdə olub. Eynilə Türkiyə dövlətinin rəsmiləri, rəhbər şəxsləri, o cümlədən prezidentlər, baş nazirlər dəfələrlə Azərbaycanda səfərdə olublar. Fəxrlə deyə bilərik ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri artıq həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Türkiyə münasibətləri günü-gündən inkişaf edir və iki qardaş ölkə tarixi layihələrə imza atır.
Qırx dörd günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstək Türkiyə-Azərbaycan arasında qardaşlıq münasibətlərini bir daha bütün dünyaya bəyan etdi.
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi şərəfinə dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, habelə Azərbaycan Ordusunun müzəffər əsgərləri ilə bərabər Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin iştirakı Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir.
Rəşadətli Zəfərdən sonra Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın yeni mərhələsi başlayıb. Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma işləri üçün Türkiyə bütün imkanları ilə qardaş köməyi göstərir.
Bütün sınaqlardan şərəflə çıxan Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına, əbədiliyinə söykənərək bu fikri böyük inamla qeyd etmək istərdim ki, hələ qarşıdakı illərdə bu birlik əsasında daha böyük layihələr reallığa çevriləcək, bu layihələr öz növbəsində xalqlar, dövlətlər arasında körpünü daha da möhkəmləndirəcək, bir sözlə, bu birliyin işığı daha geniş coğrafiyanı əhatə edəcək.

Şahnaz Mustafayeva-Tarix Diyarşünaslıq muzeyinin direktoru



Tarix boyu belə qardaşlıq və dostluq görülməmişdir

İllər öncə bizim Dağlıq Qarabağ münaqişəmiz var idi. Münaqişə dövrü bir çox dövlətlərin iç üzü ortaya çıxdı. Biz bunun sayəsində yaxşını pisdən ayıra bildik. Ölkəmizin təcavüzə məruz qaldığını görən onlarla dövlətlər səsini çıxarmır, baş verən məsələlərə bitərəf yanaşırdılar.
Bu dövrdə arxamızdan vuranlarla bərabər, həmişə dəstəyini göstərənlər də oldu. Tarix boyu bir-birimizə dayaq olduğumuz, pis günümüzdə dəstəklədiyimiz, yaxşı günümüzdə sevindiyimiz qardaşımız Türkiyəmiz olub. Türkiyə hər zaman yanımızda durduğunu göstərir, ölkənin prezidenti bütün görüşlərdə Cənab Prezident İlham Əliyevə Qarabağ münaqişəsi üçün narahatlığını bildirirdi. Eyni zamanda işlətdiyi bütün ifadələrdə Azərbaycanın yanında durduğunu hiss etdirirdi.
44 günlük qələbəmiz dövründə də qardaş Türkiyənin dostluq dəstəyi hər kəsə sübut olundu. Bu dostluq pisləri yandırıb, yaxşıların qəlbində sevinc yaratdı.
Azərbaycan dövləti də bu qardaşlığı əvəzsiz qoymamış və qoymayacaqdır. Türkiyənin qatılmadığı sammitlərin birində Ermənistan prezidenti iclasın mövzusundan kənara çıxaraq qondarma erməni soyqırımını qabardaraq Türkiyəni tənqid hədəfinə çevirmək istəyib. Ancaq Prezidentimiz bunu cavabsız qoymamış, Türkiyə bu iclasda olmasa da, mən burdayam deyə bildirmişdi.
Həm siyasi məsələlərdə, həm dəyirmi masalar arxasında, həm də görülən və görülməyən zamanlarda bir-birlərinə dəstək olan bu qardaşlıq bütün insanlığa nümunədir. Tarix boyu belə qardaşlıq və dostluq görülməmişdir. Və tarix boyu bizim qardaşlığımız dünyaya nümunə olacaq.

Eldar Xəlilov-SXA-nin 25 saylı filialının böyük mütəxəssisi

Siyasi liderlərin nümunəvi münasibəti

Azərbaycan xalqını tanıyanlar bizim qonaqpərvər, mərhəmətli, dostpərvər olduğumuzu bilirlər. Hər zaman qonşu dövlətlərə, içərimizdə yaşayan fərqli millətlərin nümayəndələrinə qarşı mehriban və dostpərvər yanaşmışıq. Onlara qonaqpərvər yanaşaraq sülh şəraitində yaşamışıq.
Türkiyə xalqına isə münasibətimiz tamamilə fərqli, qardaşcasına olub. Xalqların göstərdiyi bu qardaşlıq isə illər boyu ölkə liderlərinin dostluğu, qardaş münasibəti, yoldaşlığının təcəssümüdür. İndi də ölkəmizin Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın davam etdirdiyi qardaşlıq vardır. Siyasətdən kənarda da bu dostluğu, qardaşlığı nümayiş etdirən liderlərimizin səmimiyyəti hər kəsə nümunə olmuşdur. Yazılan məqalələrdə, reportajlarda diqqət çəkilən bu qardaşlığı liderlərimiz təbliğ edir.
Cənab Prezidentimiz İlham Əliyev çıxışlarında, müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkə Türkiyəyə dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. Bir-birinə `qardaşım` deyən dövlətləri kimsə görməmişdir. Deyərdim ki, dünya bu dostluğu gördüyü üçün sevinməli, digər dövlətlər bu dostluqdan nümunə götürməlidir. Ancaq bu halda dünyamız firavan və salamat olacaqdır.
Bu qardaşcasına olan münasibət həmişə belə davam etməlidir və edəcəkdir. Xalq dostluğu, dəstəyi və xoş münasibəti görür. Bu dostluq gələcək nəsillərə aşılanmalıdır.

Vəfa Xəlilli-“Gəncliyə Dəstək” İB-nin sədri

Ölkələrimiz arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət etməlidir

Dost və qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında çox möhkəm və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır. Hər iki ölkə dünyanın bir sıra mühüm geosiyasi və geoiqtisadi proseslərinin cərəyan etdiyi mürəkkəb regionda etibarlı strateji tərəfdaşlar kimi münasibətlərin daim inkişafında və daha da gücləndirilməsində maraqlı olduğunu əməli addımlarla nümayiş etdirmişdir. Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri “Bir millət, iki dövlət” kimi xarakterizə edən böyük siyasi xadim ulu öndər Heydər Əliyevin bu münasibətlərin inkişafında misilsiz xidmətləri olmuşdur. Hazırda bu ölkələr arasında elə sahə yoxdur ki, o sahədə əməkdaşlıq edilməsin. İki qardaş ölkə kimi bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq aparılır. Ölkələrimiz arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət etməlidir. Türkiyənin dəstəyini Azərbaycan hər zaman hiss etmişdir. Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirmişdir. Bunun çox böyük mənəvi və siyasi əhəmiyyəti olmuşdur. Azərbaycan 44 gün ərzində ədaləti, öz ərazi bütövlüyünü bərpa etdi və 30 illik işğala son qoyuldu. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu, bizim birliyimizin, qardaşlığımızın təzahürüdür.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru



Ölkələrin iqtisadi potensialı qardaşlığımızın qüdrətini artırır.

Azərbaycan-Türkiyə münasibətlərini birmənalı olaraq tarixə düşmüş qardaşlıq nümunəsi adlandırmaq olar. Bu günlərdə bunun bir daha şahidi olduq. YAP və AKP sədrlərinin – dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcəkdir. Hər iki ölkənin hakim partiyaları – YAP və AKP arasında uzun illərdir davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. İyun ayının 2-də əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edə bilər. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcəkdir.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

Birgə iqtisadi lahiyələrin böyük geosiyasi əhəmniyyəti

Azərbaycanla Türkiyə arasında münasibətlər daha sıxdır. Bütün sahələr üzrə dərin əməkdaşlıq əlaqələri üzərində qurulan bu münasibətlər Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq davamlı inkişaf edir. Biz sarsılmaz qardaşlığımızı 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdik. Hər iki ölkə heç bir tərəddüd etmədən bir-birini dəstəklədi və bundan sonra da belə olacaqdır. Öz torpaqlarımızın işğalçı qüvvələrdən azad edilməsi uğrunda gedən döyüşlərdə Türkiyə qardaş dövlət və xalq olaraq daima yanımızda oldu.
Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq münasibətləri uzun illərə dayanan qardaşlıq bağlarının təcəssümüdür. Türkiyə və Azərbaycan arasında eyni zamanda tükənməz potensiala malik iqtisadi münasibətlər göz önündədir.
Regionda yeni reallığın yaranması səbəbindən Türkiyə ilə əməkdaşlıq iqtisadi baxımdan daha da inkişaf etdirilərək bütün sahələri əhatə etməyə başladı. Xüsusilə də nəqliyat və infrastruktur sahəsində yeni perspektivlər meydana çıxdı. Bununla bağlı xüsusi görüşlər keçirilməkdə davam edir.

Abbas Nağıyev – Dəli Quşçu kənd sakini, ağsaqqal



Azərbaycanla Türkiyə arasındakı qardaşlıq
münasibətlərinin qədim tarixi vardır

Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur.
Ulu öndər Heydər Əliyev isə öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: “Bir millət iki dövlət, Azərbaycan-Türkiyə.” Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri ilə ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir.
Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan edib. Hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən qardaş münasibətin təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq bu haqq savaşında bizə dəstək oldular.
Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır. Azərbaycan və Türkiyənin münasibətləri iki müttəfiq ölkə və ya dost ölkə anlayışlarından daha böyükdür.
Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik .Bir sözlə, Azərbaycan-Türkiyə qardaşlığı bütün sınaqlardan həmişə inamla və üzüağ çıxıb.

Abuzər Xəlilov – Aşağı Seyidlər kənd sakini, ağsaqqal

Siyasi münasibətlər

Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının çox geniş əlaqələri var. Partiyaların müxtəlif qolları da sıx əməkdaşlıq edirlər. Belə ki, partiyaların qadınlar, gənclər təşkilatları və yerli strukturlarının da yaxşı münasibətləri mövcuddur. Bu yaxınlarda AKP-nin qurultayında YAP nümayəndə heyətinin iştirak etməsi də münasibətlərimizin yüksək olmasının göstəricisidir.
Toplantı çərçivəsində YAP nümayəndə heyətinin üzvləri AKP-nin yeni rəhbərliyi ilə görüşərək gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Eyni zamanda, partiyalar arasında əlaqələrin gələcək perspektivləri ilə bağlı aparılan danışıqlar hər iki dövlət arasında qardaşlıq münasibətlərinin hakim partiyaların xətti ilə də yüksək səviyyədə olduğunun göstəricisidir. Sön dövrlərdə cənab prezidentimiz İlham Əliyev və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qazandıqları qələbə sonra ilk xarici rəsmi səfərini qarşılıqlı olaraq qardaşlara etmələri də çox təqdirəlayiq haldır.

Rəmzi Şirinov – YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram