Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Nazirlik diplomları tanımır, məzunlar məhkəmə çəkişmələrində qalıblar - PROBLEM

Nazirlik diplomları tanımır, məzunlar məhkəmə çəkişmələrində qalıblar - PROBLEM
18-06-2021, 20:04 122 dəfə baxılıb

Nazirlik diplomları tanımır, məzunlar məhkəmə çəkişmələrində qalıblar - PROBLEM

DogruXeber.az: - Bakı İslam Universitetində (BİU) təhsil almış 3550 nəfərin diplomu tanınmır. AYNA-ya müraciət edən şikayətçilərin sözlərinə görə, bu problem 5 ildir ki, mövcuddur, ancaq həllini tapmır: “Elə məzun var ki, 2016-cı ildə dövlət qulluğuna imtahan verib, qəbul olub, onu sırf diplom səbəbilə geri qaytarıblar, işə qəbl etməyiblər. Elə məzun da var, bu diplomla ikinci ali təhsil də alıb, üstəlik, bu diplomla müxtəlif dövlət orqanlarında çalışıb. Maraqlıdır ki, eyni sənədlə müraciət edən bir vətəndaş işə qəbul olunduğu, heç bir problem yaranmadığı halda, başqalarının diplomu tanınmır”.

Şikəyət məktubunda bildirilir ki, dövlət nümunəli hesab olunmayan bu diplomlar indiyə kimi Təhsil Nazirliyinin mərkəzi sistemində mövcud olub: “Məsələnin digər tərəfi Bakı İslam Universitetinin Bakı korpusunun binası birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin təklifi, təşəbbüsü və sərəncamı ilə tikilib. Bu binanın açılışı da Prezident tərəfindən edilib. Prezidentin sərəncamıyla tikilən, açılışı Prezident tərəfindən olan bir binadan məzun olan şəxslərin diplomu dövlət nümunəli hesab olunmur”.

Şikayətçi vətəndaşlar qeyd edirlər ki, bəzilərinin problemi həllini tapsa da, əksəriyyəti hələ də gözləyir: “Məzunlar bir-bir problemlə qarşılaşdıqca müxtəlif dövlət orqanlarına, məhkəmələrə müraciət ediblər. İşə qəbul əsnasında onların diplomlarına fərqli münasibət bəslənildiyi kimi, eyni problemlə müraciət edib, eyni əsaslarla iddiaçı olan məzunlara məhkəmələrin də yanaşması fərqli olub. Məsələn, 2016-cı ildə dövlət qulluğuna imtahan verib, təqdim olunan test mərhələsindən yüksək nəticə toplayan, lakin diplom səbəbilə işə qəbul edilməyən tələbə Universiteti və ya Təhsil Nazirliyini məhkəməyə verib, uzun zaman məhkəmə prosesi gedib, bir nəticə hasil olmayıb. Bu məzundan bir neçə ay sonra başqa bir məzun Təhsil Nazirliyini məhkəməyə verib, 3 il məhkəmə prosesi gedib və 2019-cu ildə həm Apellyasiya, həm də Ali məkəmələrin qərarı ilə adama dövlət nümunəli diplom təqdim edilib”.

“Bundan əlavə, hazırda yeni açılmış İlahiyyat İnstitutunda müəllim olaraq çalışan, vaxtilə BİU-nun məzunu olmuş 3 şəxsin diplomu tanınır. Qanun bir vətəndaşın lehinə işləyir, digərlərinin əlehinə. Təhsil Nazirliyinin indiyə kimi gətirdiyi əsas bu olub ki, Universitetin 2010-cu ilə kimi lisenziyası olmayıb. Halbuki 2010-cu ilə kimi qanunvericilikdə dini orta və ali ixtisas məktəblərinin lisenziyalaşması tələb olunmur”, - deyə məktubda yazılıb.

Problemli məsələ ilə bağlı AYNA-ya danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, BİU 1989-cu ildən fəaliyyət göstərir və o vaxt Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlayıb: “Sonra 1991-ci ildə bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu yaradılıb. 1994-cü il tarixli qərara əsasən, Bakı İslam İnstitutunun adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adlandırılıb. Yenidən 1997-ci il tarixli qərar ilə Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçib. 2009-cu ildə Təhsil Nazirliyi Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib. Həmin razılığa əsasən, universitetdə bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılıb. Bakı İslam Universitetində iki fakültə - İslamşünaslıq və Şəriət fakültələri mövcud olub. Universitetdə həm dini, həm də dünyəvi fənlər tədris olunub. Təhsil əyani və qiyabi şöbələrdə aparılıb. Universitetdə Şəriət və “Quran” elmləri, İctimai (dünyəvi) elmlər və Dillər kafedraları fəaliyyət göstərib. Bütün bunlar onu göstərir ki, Bakı İslam Universitetinin bütün fəaliyyəti rəsmi qaydada, dövlət qeydiyyatı vasitəsi ilə olub”.

Ekspert bildirib ki, 2009-cu ilə kimi “Dini etiqad azadlığı” haqqında qanunun maddələri arasında orta və yaxud ali dini ixtisas məktəblərinin lisenziyalaşdırılması haqqında bənd olmayıb: “Universitet də “Dini etiqad azadlığı” haqqındakı qanunun 10-cu maddəsinə əsasən fəaliyyət göstərib, yəni müstəqil fəaliyyət prinsipinə əsasən. 2009-cu ildə Prezidentin qanunvericilikdə etdiyi dəyişikliyə əsasən, ali və orta dini ixtisas məktəbləri lisenziyalaşdırılıb. İlk mərhələdə lisenziya alan ali məktəblərdən biri də İslam Universiteti olub”.

“Yaranan problem budur ki, Bakı İslam Universitetinə 2009-cu ildən əvvəl, yəni hələ universitetə qəbulun daxili imtahan yolu ilə aparıldığı dövrlərdə qəbul olmuş məzunların diplomları bu gün heç bir dövlət orqanı tərəfindən tanınmır. Bu təhsil ocağına əvvəlki illərdə tələbələr daxili imtahanlar vasitəsilə, daha sonra TQDK tərəfindən keçirilən imtahanlar vasitəsilə qəbul olunub. 5 və 4 il tam olaraq ali təhsil alıblar. Dövlət imtahanları keçirilib və diplom müdafiəsi qanuna müvafiq formada həyata keçirilib. Hətta Universitetin oğlan məzunları 1 il müddətində hərbi xidmətlərini də keçiblər”, - deyə Əsədov vurğulayıb.

“Təhsil Nazirliyi yanlış olaraq deyir ki, Bakı İslam Universiteti 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərib, tələbə qəbulunu daxili müsahibə yolu ilə aparıb və məzunlara verilən diplom blankları Təhsil Nazirliyi tərəfindən təqdim edilməyib. Qeyd etdiyim ki, 2009-cu ilə qədər Bakı İslam Universitetinin bu qeyd olunanlara ehtiyacı yox idi. Təhsil Nazirliyi bildirir ki, Bakı İslam Universitetinə qəbul yalnız 2010-cu ildən mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Ona görə də 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir. Amma bu, ciddi şəkildə səhvdir”, - deyə o söyləyib.

Həmsöhbətimizin fikrincə, 1989-cu ildən qəbul olan hər kəsin diplomu tanınmalıdır: “Problemin həlli yoluna qaldıqda, burada bir həll yolu var - 2009-cu ilə qədər bitirmiş məzunlara məxsus diplom blanklarının yeni dövlət nümunəli təhsil sənədi ilə əvəz edilməsi və yeni diplomlaırn tələbə məzun sisteminə daxil edilməsi. Təhsil Nazirliyi diplom sifariş verir və məzunlar əvvəlki diplomlarını təqdim edib yeni dövlət nümunəli diplomlarını alırlar və məsələ həll olunur. Bu qədər sadə! Bu problemi həll etmək üçün maksimum 3 gün vaxt lazımdır. 1 gün diplomları çap etməyə, 1 gün məzunlara məlumat verməyə, 1 gün də diplomları verib onları tələbə məzun sisteminə daxil etməyə”.

Qeyd edək ki, Təhsil Nazirliyinin mətbuat xidmətinə problemlə bağlı sorğu göndərmişik. Sorğumuzda Bakı İslam Universitetinin bir qrup məzununun niyə dövlət nümunəli diplom ala bilməməsinin, problemin hansı formada və nə vaxta həllini tapacağını öyrənməyə çalışmışıq. Lakin günlərdir sorğumuzu cavab ala bilmirik.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram