Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Camaat gündəlik çörəyi güclə tapır” - GİLEY

26-07-2021, 12:01

“Camaat gündəlik çörəyi güclə tapır” - GİLEY

DogruXeber.az: - Göyçayın Şəkili kəndində yaşayan 32 yaşlı Rüqsarə Rəhimova və ailəsi köhnə bələdiyyə otağında məskunlaşıb. Həyat şəraiti ağır olan ailənin başqa böyük yükü də var. Üç uşaq anası olan Rüqsarə Rəhimova xərçəng xəstəliyindən əziyyət çəkir.

“Xəstəlik hamı üçün adiləşib”

Ailə keçən ilin payızında Göyçay Rayon İcra Hakimiyyətindən köhnə tikilidə məskunlaşmağa icazə alıb. Deyirlər ki, burada qışı çətinliklə başa vurublar. Qaz çəkdirmək mümkün olmayıb, odun yandırmaqla birtəhər keçiniblər. Bu il yayın əvvəlində isə Rüqsarə Rəhimovanın xərçəng xəstəliyinə yoluxduğu məlum olub. Qadının süd vəzisində bədxassəli törəmə aşkar edilib:

“Şişlər çox böyükdü. Ağrılar yarananda dəqiq səbəbini bilmirdik. Əvvəlcə rayonda yüngül müalicə kursu keçdim. Sonra Milli Onkologiya Mərkəzində analizlər xəstəliyi üzə çıxardı. Həkimlər 6 kimyaterapiya kursuna ehtiyac olduğunu bildirdi. Bundan sonra isə əməliyyatın qaçılmaz olduğunu dedilər. Şişin sinədən uşaqlıq yoluna istiqamət aldığını bildirirlər. Kimyaterapiyanın çoxluğunu da belə izah edirlər ki, məqsəd aşağıya doğru axının qarşısını almaqdır”.

Şəkili kənd sakini ilə danışanda o, ilk kimyaterapiya proseduruna hazırlaşırdı. Deyir ki, indi xəstəlik hamı üçün adiləşib. İnsanlar, hətta ölümə aparan xəstəliyə də ciddi yanaşa bilmir. Çünki xəstələrin sayı çoxdur, hamı batır.

“Müalicəyə gücümüz çatmır”

Rüqsarə Rəhimovanın həyat yoldaşı Samir Həmidov çox çətinliklə pul qazandığını bildirir. O, günəmuzd işləyir. Samir Həmidov metal əşyaların toplanması ilə məşğul olan yerdə qaynaq işləri görür. Günə qazancı 15-20 manat olur. Bununla ailəni yarıac-yarıtox dolandırmaq mümkündür. Amma müalicədən danışmağa dəyməz.

“Evə başqa pul gəlmir. Müalicəyə gücümüz çatmır. Axıra qədər gedə bilməyəcəyik. Anam da xəstədi. Gözündən əməliyyat olunmalıdı. Ayaqları tutulur. Bağırsaqlarından müalicə alır. Yenə aparmalıyıq, imkanımız çatmır”, - Samir Həmidov problemləri dilə gətirir.

Ailə köhnə tikilidə tək yaşamır. Bələdiyyənin otaqlarından biri də psixi problemlərdən əziyyət çəkən başqa şəxsə verilib:

“Bura keçən ilin oktyabrında gəlmişik. Əlbəttə, şəraitsizlikdi. Adicə hamam yoxdu. Taxtadan bir şey düzəltmişik. Bundan artıq nəsə etmək mümkün deyil. İndi daha çox xəstəliklə mübarizə haqda düşünürük”.

“Camaat gündəlik çörəyi güclə tapır”

Samirin qardaşı Fariz Həmidov həmişə bu ailənin fikrini çəkdiyini deyir. Ondan daha bir qardaşı Zaurun 1993-cü ildə Birinci Qarabağ Müharibəsində həlak olduğunu öyrənirik:

“Meyiti də tapılmadı. 2006-cı ildə şəhid adı verildi. Başqa bir qardaşım Qarabağ Müharibəsi əlilidi. Samirin də vəziyyəti göz qabağındadır. Onun balaları mənim balalarımdır. Canımı da verərəm. Üç manat, beş manat bacardıqca kömək eləyirik, amma bununla düzəlmir”.

Fariz Həmidov danışır ki, bu il Şəkilidə camaat kənd təsərrüfatından xeyir götürə bilməyib. Demək olar, hamı pis dolanır:

“Mənim 3-4 ton məhsulum batıb getdi. İndi heç kimi qınamalı deyil. Hamı kömək eləmək istəyər. Camaat indi elə vəziyyətdədi ki... Gündəlik çörəyi güclə tapırlar”.

Fariz Həmidov indi bədbin düşünməyin mənası olmadığını bildirir. Onun fikrincə, istənilən halda axıra qədər mübarizə aparmaq lazımdır.

“Xəstəliklər nədən yaranır? Daha çox yaxşı qidalanmağa güc çatmamasından, istirahət eləyə bilməməkdən. Mən danışıb pis oluram həmişə. Bu dəqiqə sosial vəziyyətin ağırlığından xəstəliklər baş alıb gedir. Qardaşımın həyat yoldaşı üçün bir neçə gün əvvəl bankda kart açdırmışıq. Az-çox yardım eləyənlər var. Birinci kimyaterapiya prosedurunun pulunu karta yığılan pulun hesabına düzəltmişik. 300 manat verəcəyik. Amma irəlidə hələ çox iş var”, - Fariz Həmidov belə deyir.

Əməliyyatdan söz düşür. Fariz Həmidov qohumlarından birinin xeyli xərc çəkməyə məcbur qaldığını xatırlayır. Kədərli şəkildə əlavə edir ki, əməliyyat üçün onların da böyük məbləğə ehtiyacı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram