Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Oyun böyüyür: ATƏT-in Minsk Qrupu qayıdacaqmı? - TƏHLİL

30-07-2021, 14:10

Oyun böyüyür: ATƏT-in Minsk Qrupu qayıdacaqmı? - TƏHLİL

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər hissəsində gərginlik davam edir. Azərbaycan və Ermənistan Rusiyanın atəşkəs çağırışını qəbul etdiklərini elan etdiyini açıqlasa da, ötən gecə və səhər saatları silahlar yenidən işə düşdü.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti atəşkəs çağırışa ilə bağlı belə bir məlumat yaymışdı: “Rusiya tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə 10: 00-dan (Moskva vaxtı ilə 09:00) atəşkəs elan edilməsi təşəbbüsünü qəbul etdik”, məlumatda deyilir. TASS xəbər verir ki, eyni zamanda Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan tərəfi tank və minaatanlardan da istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş etməyə davam edir. “Sputnik Ermənistan” isə xəbər yaydı ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sərhəddə atəşkəs barədə razılığını təsdiqləyib. Çərşənbə günü səhər tərəflər bir-birini təcavüzdə ittiham etdilər. İndiyə qədər Azərbaycan tərəfindən iki nəfər yaralanıb, Ermənistan tərəfində isə üç nəfər ölüb, 6 nəfər (sonuncu 29 iyulda cavab atəşi nəticəsində-red.) yaralanıb. Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, çərşənbə günü Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirdib, Rusiyanın sosial-iqtisadi inkişafı, Əfqanıstandakı və Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Paralel olaraq ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətində baş verən toqquşmanı pisləyən bəyanat yayıb. Açıqlamada tərəflərdən atəşkəs rejiminə riayət etmək çağırışı yer alıb: “Münaqişənin uzunmüddətli siyasi həlli üçün tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırırıq”. Açıqlama Dövlət Departamentinin rəsmisi Ned Prays tərəfindən verilib. Rusiyanın atəşkəs çağırışının ardınca ABŞ Dövlət Departamentinin bəyanat verməsi olduqca maraqlıdır. Üstəlik, Qərb dövlətləri, xüsusən ABŞ bu mövzuda verdiyi hər açıqlamasında ATƏT-in Minsk Qrupu çərçivəsinə qayıtmağı vurğulayır. Bu da sərhədlərdə gedən oyunun arxasındakı mahiyyəti açıqlayır. Moskva atəşin kəsilməsi çağırışı edir və sözdə də olsa, buna nail olur. ABŞ isə sanki atəşin kəsilməməsi, gərginliyin davam etməsi tərəfdarı kimi görünür. Açıq görünən budur ki, Vaşinqton bu vəziyyətin ATƏT-in Minsk Qrupunu oyuna qaytarmaq şəraiti yaratdığını düşünür.

BMT Baş katibinin sözçüsü Farxan Xak da qurumun Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatlığını açıqlayıb. Qurum təmsilçisi tərəflərə atəşi dayandırmaq çağırışı edib.

Ermənistan hakimiyyəti isə ordusunun törətdiyi təxribatları durdurmaq əvəzinə, növbəti dəfə avantürist bəyanatlarla çıxış edib. Baş nazir Nikol Paşinyan hökumətin iclasında Rusiya sərhədçilərinin dayaq nöqtələrini Azərbaycanla bütün sərhəd boyu yerləşdirməyi təklif edib. “Mövcud vəziyyəti nəzərə alaraq, hesab edirəm ki, hərbi toqquşma riski olmadan sərhədin demarkasiyası və delimitasiyasına imkan verən Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca möhkəm nöqtələrinin yerləşdirilməsi məsələsinə baxmağın mənası var”, Paşinyan bildirib. Baş nazirin sözlərinə görə, Ermənistan hökuməti bu mövzunu rusiyalı vəzifədaşları ilə müzakirə etməyi planlaşdırır.

Bundan əlavə, Ermənistan KTMT-yə Azərbaycanla sərhəd boyunca monitorinq missiyasının yerləşdirilməsi imkanını nəzərdən keçirməyi təklif edib. Azərbaycanla Rusiya və KTMT-ni üz-üzə qoymağa çalışan Paşinyan iddia edib ki, “Azərbaycan sərhəddəki təxribatları ilə KTMT-ni ləkələmək məqsədi daşıyır”. Ardınca o, şantaja keçib. Sitat: “Əgər KTMT tərəfindən belə bir missiyanın həyata keçirilməsi mümkün deyilsə, digər beynəlxalq formatlar, o cümlədən ATƏT-in Minsk Qrupu bizim üçün məqbul ola bilər”.

Göründüyü kimi, N.Paşinyan Ermənistanın Qərbə üz tuta biləcəyi barədə Kremlə mesaj verərək Rusiyanı sərhəd boyunca əsgərlərini yerləşdirməyə sövq etmək istəyir. Düzdür, bu arada Ermənistanda yerləşdirilən Rusiyanın 102-ci hərbi bazasının bir qrup hərbçisinin Azərbaycan-Ermənistan sərhədinə gəldikləri barədə Ermənistan KİV-ləri xəbər yayıblar. İddia olunur ki, onlar Basarkeçər rayonunun Kəlbəcər rayonu ilə sərhəd Yuxarı Şorca kəndinə gəlib və ərazidə mövqe qurublar. Amma hələlik bu məlumat təsdiqlənmir. Rusiya hələlik sərhədlərin dəqiqləşməməsi halında hərbçilərini bölgəyə yerləşdirməyə tələsmir. Ermənistan isə təxribatlarla bu işi sürətləndirmək istəyir. Bu istiqamətdə fəaliyyət göstərən rus şirkətinin əməkdaşlarının tez-tez evakuasiya olunması da Rusiyanı hərəkətə keçirmək niyyətindən irəli gəlir.

Qəribəsi budur ki, erməni ekspertlər də onlar üçün xilaskar rolunu oynayan Rusiyanı ittiham edirlər. “Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginlikdə maraqlıdır. Rusiya Ermənistana hər cür təzyiq göstərməyə çalışır”, - deyə, erməni mediası yazır. “Yenisabah.az”ın məlumatına görə, hökumətyönlü deputat Akop Aslanyan Rusiya və Türkiyənin Ermənistan-Azərbaycan sərhədinin Basarkeçər bölgəsindəki gərginlikdə maraqlı olduğunu iddia edib. Vurğulayıb ki, Rusiya Ermənistana hər cür təzyiq göstərməyə çalışır, çünki Zəngəzur dəhlizi onun maraqlarına uyğundur. “O, Ermənistanı Avropadan ayırmaq istəyir, çünki Rusiya və Türkiyə Ermənistanın İran, Hindistan və Çin vasitəsilə beynəlxalq tranzit yoluna çevrilməsinə qarşıdır”. Sonra Akop Aslanyan tarixi ekskursla bu imperiya dövlətinin heç vaxt Ermənistanla dost olmadığını sübut etməyə çalışıb.

İndiki durumla bağlı çoxsaylı suallar var. Fransanın İrəvandakı səfiri də həyəcanla bildirib ki, indi onları daha çox narahat edən Qarabağdakı vəziyyət yox, sərhəddəki durumdur. ABŞ-ın Ermənistandakı səfirini də bu narahatlıq Basarkeçərə gətirmişdi. Bir çox paytaxtların maraq dairəsinə çevrilib bu bölgə. Ortaya suallar çıxır, Kəlbəcərlə sərhəddə kimin sözü keçəcək? Moskvanın atəşkəsi, yoxsa Vaşinqtonun Minsk Qrupu oyunu gündəmdə qalacaq?

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, sərhəddə baş verən erməni təxribatınun Qərb və Rusiyanın Cənubi Qafqazda nüfuz dairəsinin artırılması məqsədilə edildiyi kimi versiya da var: “Fikir versəniz, əsas istiqamət məhz Kəlbəcər istiqaməti seçilib və Vardenisdən gələn yolun nəzarətə götürülməsi mühüm məsələdir. SSRİ dönəminin xəritələrinə uyğun olaraq Azərbaycan tərəfi qarın əriməsindən istifadə edərək, öz mövqelərini bərkitməklə və bizə məxsus yüksəkliklərdə mühəndis-istehkam işlərinin aparılması ilə məşğuldur. Ermənistan tərəfi isə buna imkan vermək istəmir və təxribata əl atır, atəşkəsi pozur. Məhz belə bir vaxtda ABŞ və Fransa səfirlikləri həmin ərazilərdə aktivliklərini artırır və ora hətta səfərlər də edirlər. Təbii ki, Qərbin maraqları var, həm də nüfuz məsələsidir”. Deputat qeyd etdi ki, ermənilər eyni zamanda sərhəddə KTMT-nin monitorinq missiyasının yerləşdirilməsi ideyasını irəli sürür və həm Rusiyaya, həm də Qərbə gərəkli olmağa çalışırlar: “Lakin bütün tərəflər başa düşür ki, əvvəl-axır Ermənistan dövlət sərhədini Rusiya hərbçiləri qoruyacaq və imkan olmayacaq ki, bura NATO və ya digərləri gəlsin. Çünki Rusiya buna imkan versə, onsuz da Əfqanıstan və ya digər ərazilərdə baş verən həbi-siyasi məsələlər birbaşa yenə onlara ciddi və mənfi təsir edəcək”. ATƏT-in Minsk Qrupu ilə bağlı cəhdlərə gəldikdə, A.Nağıyev bunları bildirdi: “Təbii, bunu da inkar etmək olmaz ki, 30 il heç bir iş görməyən qurum yenidən aktivləşmək istəyir və hazırkı vəziyyətdən istifadə edir. Zənnimcə, son söz yenə də Azərbaycanın və onun müttəfiqlərinindir və keçərli söz də bizimdir. Prezident İlham Əliyevin son müsahibəsində artıq hücum diplomatiyası deyil, hücum siyasətinin seçilməsi ilə bağlı fikirlər var. Bu, elə bizim seçdiyimiz ən ciddi və düzgün taktikadır”.

İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı bu haqda danışarkən “ayının min oyunu bir armudun başındadır”, deyimini xatırlatdı: “ABŞ-ın atəşkəslə bağlı verdiyi açıqlama və ”Minsk Qrupu çərçivəsində danışıqlara başlansın" təklifi də göstərir ki, sərhəd xəttində gərginliyin artmasına onların özləri maraqlı olublar və sifariş də elə Vaşinqtondan və Parisdən gəlib. Sərhəd xəttində baş verən olaylar, atəşkəsin pozulmasının və gələcəkdə gərginliyin artırılmasının ABŞ və digər maraqlı ölkələrin bölgəmizə müdaxilə imkanlarına hesablanması aydın olur. Gərginliyin süni surətdə və Ermənistan tərəfindən yaradıldığı şübhə doğurmur. Burada Rusiyanın maraqlı olması istisnadır. Rusiya onsuz da hərbi olaraq buradadır və o da haradasa hərbi kontingentini artırmaq, əlavə qüvvələr gətirmək istəyir. Amma bu istəyini Amerika və başqalarının bölgəyə daxil olması imkanları yaratmaq qədər etməkdə maraqlı görünmür". Q.Çaxmaqlı hesab edir ki, Putinin atəşkəs rejiminə əməl edilməsi çağırışı həm də Rusiyanın burada söz sahibi olmasına işarədir: “Açıq görünür ki, Rusiya ilə Qərb arasında rəqabət yaşanır. Rusiya onlara məsələnin içərisinə aktiv şəkildə daxil olmağa imkan vermək istəmir, bunun üçün Ermənistanı yerində oturtmağa və ona qulaqburması verməyə çalışacaqmı? Yaxın günlərdə görəcəyik. Azərbaycan ABŞ-ın başını çəkdiyi Qərb dövlətlərinin müdaxiləsinə dirəniş göstərmək üçün əvvəldən götürdüyü kursu davam etdirməlidir. Qarabağ problemi artıq yoxdur, varsa da o, Azərbaycanın daxili məsələsidir”.

İrəvanın Rusiya və KTMT-dən kömək almaq üçün növbəti cəhdlərinə gədikdə, Q.Çaxmaqlı bunları bildirdi: “Ermənilər də fürsətdən istifadə edərək öz maraqlarının təmin edilməsinə çalışacaqlar. KTMT-yə Ermənistanın çoxsaylı müraciətləri indiyədək nəticə verməyib. Buna təbii ki, Rusiya müsbət yanaşmayacaq. Rusiya əsgəri olaraq buradadır. KTMT-na nə ehtiyac? Zatən elə o təşkilat da Rusiyanın deyilmi? Bu, Paşinyan tərəfindən ona görə edilir ki, digər ölkələrin, məsələn, Fransanın etdiyi təklif də gündəmə gəlsin. Ermənistan rəhbəri öz ağlınca ”siyasət" aparır".

Rusiyanın bəzi addımları da Ermənistandakı və Qarabağdakı quldurlara davamlı təxribatlar törətmək üçün stimul verir. Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının bir hissəsində rəsmən “sülhməramlı” adıyla müvəqqəti olaraq fəaliyyət göstərən Rusiya hərbi kontingenti tərəfindən ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı növbəti dəfə hədsiz hörmətsizlik nümayiş etdirilib. Moderator.az Rusiya Müdafiə Nazilirliyinin “sülhməramlı” kontingentə aid bölməsində iyulun 29-na aid olan xəbərə diqqət çəkib. “Humanitar aksiya çərçivəsində Rusiya sülhməramlıları Stepanakert (Xankəndi-red.) şəhərindən Laçın şəhərinə və Aqavno (Laçın rayonunun Zabux kəndi-red.) kəndinə 100 km-lik yürüş etdilər. və çoxuşaqlı ailələrə mətbəx və ərzaq dəstləri bağışlayıblar. Saytın yazdığı kimi, aşkar göründüyü kimi, Rusiya MN -in rəsmi saytı Xankəndini həmişəki kimi ”Stepanakert" adlandırmaqla yanaşı, Laçını da “Dağlıq Qarabağın rayonu” adlandırıb. Üstəlik, həmin rayonun Laçın dəhlizi ərazisindəki Zabux kəndini də ermənilərin qoyduğu qondarma adla təqdim edib. Bundan əlavə, Rusiya hərbi kontingenti öz rəsmi missiyasından növbəti dəfə kənara çıxaraq 30 ilə yaxındır Laçın şəhərində və Zabux kəndində qanunsuz məskunlaşmış və aralarında Suriyadan, Livandan gətirilmiş silahlılar da olan və “buradan heç yerə getmək istəmirik” deyən ermənilərə humanitar (!) yardım edib. Rusiya tərəfi bu addımı ilə həm də Ermənistan sakinlərinin hələlik Azərbaycan dövlətinin birbaşa nəzarətində olmayan ərazilərimizdə qanunsuz məskunlaşmasına dəstəyini ifadə etmiş olub...

Yəqin ki, Azərbaycanın müvafiq qurumları rusiyalı həmkarlarına və sülhməramlı kontingentin rəhbərliyinə bağışlanmaz səhvlərini düzəltmək üçün tövsiyələrini verəcəklər.//“Yeni Müsavat”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram