Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

BOK-la Cüdo Federasiyası arasında separat razılaşma - Maşurenko “sevgisinin” səbəbi bəlli oldu

4-08-2021, 17:41

BOK-la Cüdo Federasiyası arasında separat razılaşma - Maşurenko “sevgisinin” səbəbi bəlli oldu

DogruXeber.az: - Ölkədə Rövnəq Abdullayevin rəhbərlik etdiyi iki idman növü var - futbol və cüdo - ikisi də bərbad vəziyyətdə. Futbolumuzun hansı gündə olduğu 7-dən 77-yə hamıya məlumdu. Bu barədə çox yazılıb, çox danışlıb. Cüdonun isə son illər dərənin dibinə yuvarlandığını Tokio Olimpiadası göstərdi.

Sadıqov Vanqa ola bilmədi, arzusu gözündə qaldı

Olipiadanın startı ərəfəsində federasiya rəsmiləri, vitse-prezident Sadıq Sadıqov hər fürsətdə Yaponiya paytaxtında hər çəkidə təmsil olunacaqlarını böyük pafosla qeyd edir, “gündoğar” ölkədən az qala bir qucaq medalla dönəcəklərinə inandığını bildirirdi. Ancaq, amma, lakin... Təəssüf ki, “Neftçi”nin sabiq prezidenti, klubda başqan olarkən ölkənin ən köklü klubunu az qala reket yuvasına döndərən Sadıq bəyin Vanqalığı baş tutmadı, istəyi, arzusu gerçəkləşmədi. Yüzminlərlə pul xərclədiyi cüdoçuları onun başını aşağı elədi, çox güvəndiyi ukraynalı baş məşqçi Ruslan Maşurenko Həcı Sadığı namərdcəsinə kürəyindən vurdu. Ukraynalı məşqçi dumanlı beyinlə Yaponiyaya yollandı və bir gün “paxmeldən ayılıb” gördü ki, lələ köçüb, yurdu qalıb. Olimpadaya gətirdiklərinin hamısı döyüş meydanından məğlub ayrılıb. Və bununla da federasiya vitse- prezidentinin arzularını puça çıxarıb. Hansı arzularını? Sadıq bəy neçə illərdi Tokio Olimpiadasını gözləyirdi. Gözləyirdi ki, heç olmasa, iki cüdoçu uzaq şərqdən qızıl medalla dönəcək. Bu “qızıl”ların böyrünə bir gümüş, bir bürünc də əlavə edib ölkə başçısının qarşısına çıxacaq. Həmin görüşdə idmanımızın günü-gündən inkişaf etdiyini, 44 günlük Vətən müharibəsində igid döyüşçülərimizin qazandıqları böyük qələbənin davamını Yaponiya gətirdikləıri söyləyəcək. Arada fürsət tapıb qohumu Rövnəq Abdullayevin diqqət və qayğısı hesabına bu zirvələrə çatdıqlarını vurğulayacaq. Və bütün bunların qarşılığı olaraq ölkə başçısı Sadıqovu “Şöhrət” ordeni ilə təltif edəcəkdi. Ancaq bunların heç biri olmadı, yaşanmadı. Təəssüf ki, Həci Sadıq xəyallarını idmançıların gücü ilə yox, BOK-la danışıqlar əsasında reallaşdırmaq istəyirdi. Maşurenko vitse-prezidenti, yumşaq desək, pis vəziyyətdə qoyub vətəni Ukraynaya qaçdı. Yaponiyaya yollanan “7 oğul” isə əli ətəyindən uzun, suyu süzülə-süzülə Sadıq bəylə eyni təyyarədə Tokiodan Bakıya qayıtdı.

Zorlamada ittiham olunan Peter Zayzenbaherin gedişindən sonra yığmaya müvvəqqəti olaraq Fərhad Məmmədov baş məşqçi təyin olundu. Ancaq onun sözügedən postda qalması uzun çəkmədi. Və 2017-ci ilin noyabrında cüdo millisinin “sükanı arxasına” Ruslan Maşurenko gətirildi.

BOK-la Cüdo Federasiyası arasında separat razılaşma

2000-ci ildə keçirilən Sidney Olimpiadasında bürünc medal qazanan Maşurenko Azərbaycana gələnə qədər öz ölkəsində Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsini icra etmişdi. Azərbaycan isə ona məşqçi kimi nəyə qadir olduğunu göstərməyə poliqon kimi seçilmişdi. Sanki Azərbaycan yığması onun üçün laboratoriya, azərbaycanlı cüdoçular isə təcrübə dovşanı idilər. Məhz onun gəlişindən sonra daim texnikası, özünəxas güləşi ilə seçilən cüdoçularımız cüdoçudan çox bodibildinqçilərə bənzəməyə başladılar. Fiziki yükləməyə üstünlük verən, öz aləmində məhz bununla yaponları üstələyəcək yığma formalaşdıracağını düşünən məşçi hesablamalarında yanlışlığa yol vermişdi. O səhv də Tokioda özünü göstərdi. Cüdoçularımız o qədər ağır və yorğun görünürdülər ki, sanki aylardı yuxu üzünə həsrətdilər, qidalanmalarında problem var. Əslində isə pandemiyanın qızğın, insanların küçəyə çıxması qadağan olunan vaxtda belə cüdo yığması təlim-məşq toplanışları keçirir, Azərbaycanın şərqindən vurub, qərbindən çıxırdı. 3 gün cənubda məşq edib, 5 gün şimalda hazırlıq keçirdi. Və bütün bunların nəticəsi kimi də kişi cüdoçularımızdan “0” medal. Maşurenkonun zəif mütəxəssis olduğunu hələ 2018-ci ildə Bakıda keçirilən dünya çempionatı göstərmişdi. “Doğma divarlar” arasında bir qızıl medal qazana bilməyən yığmanın qazancı bir gümüş və bir bürünc medal olmuşdu ki, bu da çox uğursuz nəticə kimi qəbul olunmuşdu. Buna baxmayaraq, Həci Sadıq və federasiya prezidenti Rövnəq Abdullayev ukraynalıya güvənməkdə davam etdilər, onunla Tokioda uğur qazanacaqlarına inandılar. Bəs Maşurenkoya belə sonsuz inam nədən yaranmışdı, niyə rəhbərlik ona bu qədər güvənirdi? Bu sual çoxlarına maraqlı olsa da, cavabını bilənlər az idi. Barselona Olimpiadasının qalibi, köməkçi məşqçi kimi Yaponiyaya gedən, geri qayıtdıqdan sonra istefaya göndərilən Nazim Hüseynov bizimlə söhbətdə sandığı açıb, içindəki pambığı tökdü və məşqçi kimi özünü sübut etməyən birinin nəyə görə Azərbaycan yığmasında söz sahibi olduğunu açıqladı: “Pandemiya başlayandan yığma ilə heç bir təlim-məşq toplanışına yollanmamışam. Komanda ilə ancaq Ruslan Maşurenko və Elxan Məmmədov səfərə çıxırdı. Uğursuzluqda Elxanın da heç bir günahı yoxdu. Bütün məsuliyyət Ruslanın boynundadı. Mən hələ 2018-ci ildə Bakıda keçirilən dünya çempionatından sona onun yığmadan qovulmasını istəmişdim. Bilirsiz ki, paytaxtımızda keçirilən dünya çempionatında qazancımız bir gümüş və bir bürünc medal olmuşdu. Buna görə onu baş məşqçi postunda saxlamağın nə mənası vardı? Sadəcə, Maşurenkonun arxasında BOK dayanmışdı. Məhz ordakı “day-day”larının hesabına burda çalışırdı. Bizimkilər də ona arxayın idi ki, Ruslana görə Olimpiadada cüdoçularımızı çox sıxmayacaqlar. Təəssüf ki, hər şey alt-üst oldu. Bizim ən böyük problemimiz o idi ki, idmançılarımız bütün güclərini təlim-məşq toplanışlarına sərf etdilər. Tokioya isə artıq güc qalmamışdı”.

Əl əli yudu, ancaq qayıdıb üzü yumadı...

Bəli, necə deyərlər, bu yerdə xoruzun quyruğu göründü. Sən demə, Abdullayev-Sadıqov “cütlüyü”nün Ruslan sevgisinin arxasında BOK-la gizli danışıq dururmuş. Loru dillə desək, əl əli yuyar, əl də qayıdıb üzü. Yəni BOK-un tapşırığı ilə Maşurenko cüdo yığmasının başına gətirilir, əvəzində Tokioda hakimlər bizim idmançılara kömək etməliymişlər. Ancaq növbəti dəfə avropalılar verdikləri vədə əməl etməyiblər ki, bu səbəbdən Bakıya dönən kimi federasiya rəhbərliyi BOK-un acığına Maşurenkonu qovub. Ona görə köməkçiləri də “yanıblar”. Nazim bəylə yanaşı, Elxan Məmmədov da istefaya göndərilməsinə münasibət bildirib: “Nə etmək olar, belə alındı. Nəticəyə cavabdehlik daşıyan baş məşqçi var. Yəqin ki, Ruslan Maşurenko Bakıya gəlib hesabat təqdim edəcək. “Köməkçi kimi məsuliyyət hiss edirəm” sualına gəlincə, millidə işlədiyimiz 2 ildə Avropa çempionatından 8, dünya çempionatından 4 medal gətirmişik. Kişilər arasında Olimpiadaya 7 lisenziya qazanılmışdı ki, bu günə kimi Azərbaycanın cüdo tarixində belə şey olmamışdı. Olimpiada fərqli turnirdi. Ola bilsin, püşktama zamanı cüdoçularımız ağır qruplara düşdülər və bu da psixoloji cəhətdən onlara təsir göstərdi. Olimpiadaya hazırlıqla bağlı heç bir problemlə üzləşmədik. Təlim-məşq toplanışları vaxtında təşkil olundu, federasiya rəhbərliyi lazım olan hər şeyi etdi. Yığmadan uzaqlaşdırılmağımıza gəlincə, rəhbərlik belə qərar veribsə, mən nə deyə bilərəm”. Göründüyü kimi, Məmmədov birbaşa olmasa da, dolayı yolla Olimpiadadakı uğursuzluğa görə Maşurenkonun məsuliyyət daşıdığını vurğulayır. Məhz Ruslanın Bakıya gəlib hesabat verməli olduğunu söyləyir. Bəs ukraynalı məşqçi Bakıya gələcəkmi? Çətin ki, gəlsin. Burda çalışdığı 4 ilə yaxın müddətdə başı eyş-işrətə qarışan, milyonları sağa-sola xərcləyən, federasiya rəhbərliyinin yarıtmaz idarəçiliyindən sui-istifadə edib, ölkəmizdə ənənəsi olan cüdonu bərbad günə qoyan Maşurenko çətin ki, birdə Bakıya ayaq bassın. O istədiyinə nail oldu, bank hesabına yetərincə pul yatırtdı, Abdullayev-Sadıqov “cütlüyü”nü uşaq kimi aldadıb Ostap Bender kimi yeni qurbanlar axtarmağa yollandı. Bizim rəsmilər 4 ildən sonra başa düşdülər ki, BOK-dakıların əllərini yudular, ancaq onlar “gündoğar ölkə”də qayıdıb bunların üzünü yumadılar.

Siyasət dəyişməli, yığmada nəsildəyişmə olmalıdı

Federasiya rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində cüdoçularımız bir Olimpiadanı boşa verdilər. İndi gələcəyə boylanmalı, millinin “sükanı arxasına” bacarıqlı, adı heç bir qarşdurmalarda hallanmayan baş məşqçi gətirilməlidi. Yığmada nəsildəyişmə olmalıdı. Gənclərə yol açılmalı, onlara etimad göstərilməlidi. İdmançı necə yetişir, püxtələşir? Təbii ki, yarışlarda, məsul turnirlərdə. Bu səbəbdən də artıq yeni yarışlara yeni adları göndərmək lazımdı. Maşurenkonu yola salan federasiya boş qalan postu Elçin İsmayılova tapşırıb. Məhz İsmayılov etimadı doğruldub, yerli mütəxəssislərə olan güvəni geri qaytarmalıdı. Elçin bəy çox çətin, eyni zamanda çox şərəfli missiyanı həyata keçirmək məcburiyyətindədi. O sələfi kimi intriqalara getməməli, ağa “ağ”, qaraya “qara” deməyə özündə cürət tapmalıdı. O da yığmanın heyətini tapşırıqla formalaşdırsa, güclünü qoyub zəifi beynəlxalq yarışlara aparsa, layiq olan cüdoçuları təlim-məşq toplanışlarından kənarda saxlasa, baş məşqçi kimi fəaliyyəti uzun sürməyəcək, idmançı və gənclər yığmasında məşqçi kimi çalışdığı müddətdə qazandığı hörməti qısa vaxtda itirəcək.// Hurriyyet.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram