Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda “mən daha güclüyəm” dartışması: - bəs real güc nəylə ölçülür?

10-09-2021, 16:28

Azərbaycanda “mən daha güclüyəm” dartışması: - bəs real güc nəylə ölçülür?

DogruXeber.az: - Müsavat Partiyasının başqanı Arif Hacılı mətbuata açıqlamasında rəhbəri olduğu partiyanın Azərbaycanda aparıcı müxalifət partiyası olduğunu bəyan edib. O bildirib ki, AXCP informasiya resursları baxımından Müsavatdan öndə olsa da, digər meyarlara görə Müsavata uduzur. Bunun səbəbini isə vaxtilə bu partiyanın nəzarətində olan qəzetin sonradan mövqeyini dəyişməsi ilə əlaqələndirib. Əlavə edib ki, Müsavat yeni media resursları yaradacaq.

Azərbaycanda müxalifətin zəif, siyasi poroseslərə təsir imkanlarının aşağı olduğu bir şəraitdə güclü partiya müzakirələri nə dərəcədə doğrudur? Ümumiyyətlə partiyaların gücünü hansı meyarlarla ölçürlər və Azərbaycanda buna cavab verən partiyalar varmı? Beynəlxalq təcrübə bizə bu məsələdə nə deyir?

“Turan” İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyev AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda güclü partiya yoxdur: “Partiyaların gücü ondadır ki, demokratik seçkilərdə qalib gəlsin. Ölkənin bütün regionlarında, hətta qəsəbə və kəndlərində təşkilatlansın. Kölgə kabineti formalaşdırsın. Bütün sahələr üzrə müvafiq komissiyaları mövcud olsun. Alternativ təkliflər planı hazırlasın. Qanun layihələri hazırlasın və ictimaiyyətə təqdim etsin. Eyni zamanda gündəmə təsir etsin, ictimai rəyə diqtə etsin”.

“Azərbaycanda belə bir partiya varmı? Təbii ki, yoxdur. Bu halda kimin güclü, kimin zəif olması barədə danışmaq da mənasızdır. Güclü də, zəif də heç nəyi dəyişmirsə, onda güclü olmağın heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, Azərbaycanda siyasi partiyalar insitutu faktiki olaraq mövcud deyil. “Siyasi partiyalar haqqında” qanun yenilənməlidir. Vaxtilə dövlət qeydiyyatından keçmiş, barmaqla sayılacaq üzvləri olan qurumlar da siyasi partiyalar olaraq cəmiyyətə təqdim edilir”, - deyə həmsöhbətimiz bildirib.

Politoloqun sözlərinə görə, vaxtilə Azərbaycanda nisbətən güclü partiyalar mövcud olub: “Düzdür, onlar da tam mənada güclü deyildi. Lakin müəyyən cəhdlər var idi. Həm təşkilatlanma, həm struktur, həm də informasiya resursları baxımından. Yeni Azərbaycan, Müsavat, Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Milli İstiqlal partiyaları bu qəbildəndir. Lakin sonradan onlar da zəiflədi”.

Ekspert cəmiyyətdə siyasi partiyalar insitutuna marağın tamamilə öldüyünü vurğulayıb: “Bunun da əsas səbəbi ölkədə siyasi rəqabət mühitinin olmaması ilə bağlıdır. Bu gün ölkədə 56 rəsmi partiyanın olduğu deyilsə də, onların heç birinin siyasi proseslərə təsir imkanı yoxdur. Əksər partiyalar vaxtilə mövcud olan siyahılar üzrə üzvlərinin sayını açıqlayır. Lakin kiçik bir təftiş aparılsa, onların ümumi üzvlərinin sayı 100-ü ötməyəcək”.

Əliyev əlavə edib ki, hakim partiya 700 min üzvünün olduğunu desə də, YAP da güclü partiya deyil: “Bu partiya indiyə qədər hansısa məsələyə etiraz edibmi? Halbuki, beynəlxalq təcrübədə iqtidarda olan partiyaların da hər hansı qanun layihəsi və qərara etiraz etdiyini görmüşük. Hakim partiya sadəcə inzibati resurslar hesabına şişirdilib və bu partiyanın da siyasi proseslərə təsir imkanı yoxdur”.

ABŞ-da prezident seçkilərində Barak Obamanın Seçki Qərargahının üzvü olmuş, türkiyəli siyasi texnoloq və professor Selman Arslanbaş AYNA-ya şərhində qeyd edib ki, siyasi partiyaları güclü edən səbəblər çoxdur: “Siyasi partiyaların fəaliyyətini şərtləndirən əsas amil demokratik mühitin mövcudluğudur. Əgər ümumi demokratik mühit hökm sürürsə, deməli, demokratik seçki mühiti də var. Partiyalar ya təkbaşına, ya da müttəfiqləri ilə birlikdə seçkilərə qatılır. Nəticədə onların gələcək müqəddəratı təyin olunur”.

“Misal üçün, ABŞ-da oturuşmuş siyasi sistem var. Prezident seçkilərinin qalibi ya Demokratlar, ya da Respublikaçılar Partiyasından olur. Lakin bu partiyaların özündən namizəd olmaq üçün böyük yol keçirsən. Türkiyədə isə müttəfiqlərlə birlikdə seçki kampaniyalarında iştirak təcrübəsi var. Siyasi partiyaların əsas fəaliyyəti seçkilərə yönəlməlidir. Bu, bütün dünyada belədir”, - deyə müsahibimiz söyləyib.

Siyasi texnoloqun dediyinə görə, hər bir partiyanın struktulaşmış təşkilatları olmalıdır: “Əvvəla, bütün əyalətlərdə müvafiq şöbələr mövcud olmalıdır. Digər yandan, hər bir sahə üzrə ayrıca bölmələri fəaliyyət göstərməlidir. Həmin bölmələr vasitəsilə qanunların qəbulu, qərarların təribatı və alternativ fikrin ortaya çıxması üçün təkliflər verilməlidir. O partiya güclü sayılır ki, onun hər sahə üzrə peşəkar ekspert komandası olsun. Yəni, sabah iqtidara yiyələnsə və koalision hökumətdə yer tutsa, ətrafında hazır kadr bankı olsun”.

Arslanbaş diqqətə çatdırıb ki, maliyyə, inzibati və informasiya resursları da mühüm faktorlardandır: “Postovet məkanında bu təcrübə geniş yayılmayıb və Rusiya başda olmaqla ictimai rəyə ciddi təsir edən siyasi partiyaların sayı yox dərəcəsindədir. Lakin müasir dünyada cəmiyyətlərin inkişafı həm də partiyaların inkişafından asılıdır. Partiyalar məktəb rolunu oynayır, siyasətçilər yetişdirir, rəhbərlikdə tez-tez dəyişiklər baş verir. Bu, demokratiyanın təməl qanunlarındandır”.

Mütəxəssisin sözlərinə görə, seçkilər dövründə partiya üzvlərinin rolu daha qabarıq formada nəzərə çarpır: “Həm ölkəboyu, həm də yerlərdə yaradılan seçki qərargahları əsasən partiya üzvlərindən təşkil olunur. Onlar ətrafında seçici kütləsi toplayır və bu da öz növbəsində ciddi seçici elektoratı deməkdir. Digər yandan, namizədin və ya namizədlərin təbliğat kampaniyasını onlar aparır, təşviqat, ideoloji, piar və digər aksiyaları təşkil edirlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram