gundem / siyaset
13.09.2021, 13:42
“Gəncləri təcrübəsiz olduğu , 45-50 yaşdan yuxarı insanları isə dinamikaya uyğun olmadığı üçün işə götürmürlər” - FAKT BUDUR!
DogruXebər.az : - Bir çox iş elanlarına fikir versəniz görərsiniz ki, yaş tələbi maksimum 35-ə qədərdir. 35-dən yuxarı yaşı olan insanaların isə iş tapması olduqca çətin bir hal alıb.
İşəgörürənlərin yaş həddini bu qədər az qoymasının isə iki səbəbi var. Birincisi, qıvraqlıq, çeviklik, ikincisi isə yaşı az olan işçilərə daha az əmək haqqı verilməsidir. Danılmaz faktdır ki, ölkədə insanların yaşının az olmasından, təcrübəsiz olmalarından süi-istifadə edilərək, haqları mənimsənilir. Təbii ki, təcrübə toplamaq, az da olsa, gəlir əldə etmək istəyən gənclər isə buna göz yummağa məcbur olurlar. Bu səbəbdən də işəgötürənlər yaşlı nəslin nümayəndələrinə yox, gənc nəslə üstünlük verirlər.
Belə olan halda pensiya almağa yaşı düşməyən yaşlı nəsil nüməyəndələri məcburdurlar ki, acından ölməmək, dərmanlarını qarşılaya bilmək üçün ya yaşlarına uyğun olmayan ağır işlərdə çalışsınlar, ya da diplomlarını bir kənara atıb, kiməsə nökərçilik etsinlər.
İqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Azərbaycanda 45 yaşdan yuxarı insanların iş tapması ciddi problemdir.
“Çünki uzun illərdir ölkəmizdə işəqəbulla bağlı iki önəmli problem var. Birincisi odur ki, gəncləri işə qəbul etmirlər ki, təcrübəsizsən. İkincisi isə 45-50 yaşdan yuxarı insanları da qəbul etmirlər ki, şirkətin və ya təşkilatın dinamikasına uyğunlaşmanız çətin olacaq.
Beynəlxalq təcrübəyə əsaalansaq deyə bilərik ki, insanın kariyerasının pik nöqtəsi 45-50 yaşdır. Bizdə isə bu yaşlarda ümumiyyətlə işə qəbulla bağlı problemlər var. Bu da iş yerlərinin az olması, rəqabətli mühitin zəifliyi ilə əlaqədardır. Bunun isə əsas səbəbi hətta gənclərimiz belə dövlət və hökümət işində çalışmaq istəmələridir.
5-6 il öncə bir araşdırma aparılmışdı və məlum olmuşdu ki, Amerikada universitet tələbələrinin cəmi 4 faizi gələcəkdə dövlət, hökümət işində çalışmağı düşünür. Yerdə qalan tələbələr isə böyük şirkətlərdə məsələn, Apple, Google, Facebook və s. bu tipli şirkətlərdə kariyera qurmaq istəyirlər. Avropada dövlət işində çalışmaq istəyən tələbələr 9 faizə yaxındır. Araşdırmanın nəticəsinə görə, Azərbaycanda bu rəqəm 84-85 faiz civarında idi. Yəni, bizim tələbələrin 84-85 faizi dövlət işində işləmək, müxtəlif üsullarla qazanc əldə etmək istəyirlər. Normal, rəqabətli mühit, şirkətlər, yüksək maaşlar olsaydı , insanlarımız vergidə, gömrükdə, nazirliklərdə işləməyi hədəf kimi qoymazdı qarşısına. Əksinə biznesdə kariyera qurmağı planlaşdırardı”.