Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Xankəndi tam nəzarətsiz bölgə halına gəlib - NƏ ETMƏLİ?

14-09-2021, 14:38

Xankəndi tam nəzarətsiz bölgə halına gəlib - NƏ ETMƏLİ?

DogruXeber.az: - İrana məxsus yük maşınları Azərbaycan hökumətinin icazəsi olmadan erməni separatçılarının yerləşdiyi ərazimizə getməyə davam edir. Bu ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. 11 iyul - 8 avqust tarixlərində İrana məxsus 35 maşın 70 dəfə laçın dəhlizinə daxil olub və çıxıb. Bundan sonra 11 avqustda İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılaraq nota verildi və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olundu.

Amma Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Qarabağ bölgəsinə qanunsuz daxil olduğunu göstərən eksklüziv videogörüntülər yayıldı. Məlum oldu ki, 11 avqustdan 10 sentyabradək xüsusən yanacaq və sürtkü yağları ilə dolu 58 yük maşını müxtəlif məqsədlər üçün Xankəndiyə daxil olub. Daha sonra isə onlardan 55-i geri qayıdıb. İranlılar və ermənilər müxtəlif hiylələrə də əl atırlar. Misal üçün, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün onlara erməni qeydiyyat nömrələri vurulur. Ancaq nömrələrin təkrarlanması və yük maşınlarına dəfələrlə vurulması diqqətdən qaçmayıb. Diqqət çəkən məqamlardan biri də İran tırlarından bir neçəsinin üzərində “Təbriz” yazının yer alması olub. Yük maşınlarının Xankəndiyə nə daşıdığı və nə üçün bu qanunsuzluğun edildiyi bəlli olmasa da, Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı komandanlığına İran maşınlarının Qarabağa buraxılmaması üçün müraciət edib. Buna cavab olaraq Azərbaycan polisi Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan postunda İrana məxsus yük maşınlarının yoxlanılmasına başlayıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, cənub və şimal qonşularımızın zaman-zaman ölkəmizə qarşı xoşagəlməz davranışlarının şahidi olmuşuq. Partiya təmsilçisinə görə, bu mənada, Rusiya sülhməramlılarının və İranın Qarabağda qanunsuz əməllərini ortaya qoyan məlum qalmaqallı görüntülərin yayılmasına təəccüblənməyə dəyməz:

“Cənubda molla rejimi, şimalda rus şovinizmi hər zaman Azərbaycana düşmən mövqedə olublar. Hələlik İran tərəfi, o cümlədən Rusiya sülhməramlıları bu qalmaqallı olaya heç bir reaksiya verməyib. Hər ikisi susur. Susmaları da anlaşılandır. Çünki bu görüntülərin ortaya çıxması ilə necə deyərlər, tərəflərin ikisi də suç üstündə yaxalanıb. Ancaq onların susqunluğu sonsuza qədər davam edə bilməz. Ən yaxın qonşu saydıqlarımız bu görüntülərə nəsə bir aydınlıq gətirməlidirlər. Bu görüntülər haqlı olaraq cəmiyyətimiz tərəfindən təpki ilə qarşılanmaqdadır. Eyni zamanda bu görüntülərdən ortaya bir sıra suallar da çıxır ki, istər İran tərəfi, istərsə də Rusiya tərəfi bu sualları mütləq cavablandırmalıdır”.

S.Əsədliyə görə, İran günün günorta çağı və Rusiya sülhməramlılarının gözləri qarşısında Azərbaycanın bəlli bir ərazisinə “humanitar yardım” adıyla qaçaqmalçı yüklər daşıyır:

“İrana bu səlahiyyəti kim verib? Bəllidir ki, rəsmi Bakı İrana belə bir səlahiyyət verməyib. İranla Azərbaycan arasında bu barədə hər hansı bir anlaşma imzalanmayıb. Bəs o zaman İran tərəfi hansı hüquqi bazaya əsaslanaraq, Azərbaycan dövlətinin başı üzərindən bu cür özbaşınalıqlara yol verir? Sülhməramlıların bu işdə marağı nədir? İran və Rusiyanın Xankəndi üzərindən şübhəli işbirliyi qurması geosiyasi maraqlardan irəli gəlir, yoxsa söhbət narkotrafik təşkil etməklə külli miqdarda “çirkli pullar” əldə etməkdən gedir? Göründüyü kimi ortada bir yığın suallar və mübahisəli məqamlar var. Ancaq bütün hallarda görünən budur ki, faktiki olaraq İran da, Rusiya da beynəlxalq hüquq normalarını və sülhməramlılıq prinsiplərini pozaraq separatçıları ayaqda saxlamaq üçün birgə səylərini davam etdirirlər. Bu, separatizmə açıq-aşkar dəstək verilməsinin təsdiqidir”.

Siyasi şərhçi bəyan edib ki, İran və Rusiya koordinasiyalı şəkildə Dağlıq Qarabağda erməni separatizmini yaşatmağa və canlandırmağa qərar veriblər: “Onların Azərbaycanın razılığını almadan “Laçın dəhlizi”ndən Xankəndinə “yardım” daşınmasını təmin etmələri ölkəmizin suverenliyinə qarşı sayğısızlıqdır. İran bu hərəkəti ilə 44 günlük müharibədən əvvəl olduğu kimi indi də Azərbaycanın ərazi bütövlüyünü pozmağa davam edir. Bizim üçün Rusiya tərəfinin də bu məsələyə necə münasibət bildirəcəyi çox maraqlıdır. Çünki bu son qalmaqallı görüntülər Rusiya sülhməramlı heyətinin İranın yük maşınlarını tamamilə qeyri-qanuni olaraq Azərbaycan ərazisinə buraxmaqla 10 noyabr Bəyanatının müddəalarını açıq-aşkar pozduğunu təsdiqləyir. Rusiya sülhməramlı kontingentinin İranın erməni separatçılarına dəstək verməsinə göz yumması bağışlanmaz və qəbuledilməzdir”.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov da “Şərq”ə deyib ki, həqiqətən də Xankəndinə gedən yolun Azərbaycanın nəzarətindən kənarda saxlanılması acınacaqlıdır:

“Azərbaycan öz suveren hüquqlarını və ərazi bütövlüyünü qorumağa məcburdur. Nə Rusiya, nə də İran Azərbaycanın suveren hüquqlarına hörmət qoyur. Baxmayaraq ki, Rusiya 10 noyabr bəyanatını imzalayan qarantör ölkədir, təəssüf ki, ilk günlərdən rəsmi Moskva atdığı imzaya əməl etmir. Xankəndi tam nəzarətsiz bölgə halına salınıb. İrandan qanunsuz yükdaşımaların qarşısını Rusiya almayacaq, bunu gözləmək sadəlövhlükdü. Azərbaycan öz başının çarəsinə özü baxmalıdır. İrana qarşı daha sərt mövqe ortaya qoymalıyıq. Səfirimiz məsləhətləşmələr üçün Bakıya çağrılmalıdır. Bütün diplomatik etiraz formalarından istifadə edilməlidir. Azərbaycanın İrana qarşı təsir rıçaqları var. Xüsusən, soydaşlarımız ciddi faktordur. Bu təsirlər işə salınmalıdır ki, fars rejimi daha çox həyasızlıq etməkdən çəkinsin. İranın hərəkətləri beynəlxalq hüquq normalarına da ziddir. Artıq diplomatik skandal üçün kifayət qədər əsas var. İran terroru dəstəkləyən dövlətdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram