Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Fond pulu, dərs saatı üçün alınan pullar - Direktorun məhkəməsində müəllimlər dindirildi

15-09-2021, 15:14

Fond pulu, dərs saatı üçün alınan pullar - Direktorun məhkəməsində müəllimlər dindirildi

DogruXeber.az: - Hələ təhsil naziri Ceyhun Bayramovun zamanında işdən çıxarılan, Siyəzən şəhər 6 nömrəli məktəb-litseyin direktoru Yeganə Əliyevaya cinayət işi açılıb.

Mənimsəmə və rüşvət almaqda ittiham olunan Yeganə Əliyeva barəsində həbs qətimkan tədbiri seçilməyib.

Musavat.com xəbər verir ki, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilən Yeganə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.

Xatırladaq ki, həmin məktəb-litseyin və direktor Yeganə Əliyevanın adı məktəbin bir qrup müəlliminin 2019-cu il martın 29-da Təhsil Nazirliyinə kollektiv şikayəti ilə bağlı gündəmə gəlmişdi. Etiraz edən müəllimlər deyirdilər ki, direktor məktəbdə ucdantutma rüşvət yığır, korrupsiya əməlləri ilə məşğuldur və pedaqoji kollektivin üzvlərini təhqir edir.

Onlar işlədikləri məktəbdə qanunsuz olaraq “fond pulu” adı altında haqq yığılmasından, külli miqdarda dövlət əmlakının direktor tərəfindən talanmasından şikayət edirdilər.

Bildirirdilər ki, direktor Yeganə Əliyevanın heç kimə məhəl qoymamasına, müəllimlərdən pul tələb etməsinə etiraz edirlər.

Şikayətçi Elşən Məhərrəmov deyirdi ki, direktor məktəbdə şagirdlərdən qaz pulu alır, parta, kompüterlər uşaqlara pulla satılır: “Daxili Nəzarət Şöbəsindən məktəbimizə komissiya gələndən sonra bizə dedilər ki, pulumuz çox çıxıb 1000 manat pul yığıb verməlisiniz. Bu kollektiv bezib artıq. Hər ay “fond pulu” adı ilə 50 manat pul alırlar bizdən.

Elə müəllimlər var öz pulu ciblərindən verirlər. Verməyəndə isə iclas edib, bizi təhqir edir. Qanunsuz olaraq işdən çıxarır. Dəfələrlə prokurorluğa getmişik, Daxili Nəzarət Şöbəsinə şikayət etmişik, xeyri yoxdur. Direktorun arxasında Hadı Rəcəbli və başqa vəzifəlilər durur. Deyir, kimə deyirsiniz deyin, heç kimdən qorxmuram. Ona havadarlıq edirlər. Əlimizdə deputat Hadı Rəcəbli ilə şəkilləri var...”

Məhkəmə araşdırması zamanı məlum olub ki, iki il əvvəl məktəb direktorunun əməllərindən şikayət edən müəllimlər bu iş üzrə şahid qismində tanınıblar.

Sonuncu məhkəmə prosesində şahidlər ifadə verib.

Şahid Ülkər Niftəliyeva məktəbin ibtidai sinif müəlliməsidir.

O, ifadəsində hər ay fond pulu adı ilə maaşlarından 5-10 manat direktora pul verdiyini deyib.

Ülkər Niftəliyeva həmçinin hər dərs ilinin əvvəlində dərs saatlarının artırılması üçün pul tələb edildiyini də təsdiqləyib: "İmkanım olanda az miqdarda vermişəm. Amma çox zaman bu pulu ödəməkdən boyun qaçırmışam".

Onun istintaqda verdiyi ifadəsindən məlum olub ki, dərs saatlarının artırılması üçün 2017-ci ildə 200 manat, 2018-ci ildə isə 350 manat direktora pul verib. Şahid həmin ifadəsini təsdiqləyib.

Digər şahid Zahirə Sadırova da məktəbin müəlliməsidir. İngilis dilini tədris edən Z.Sadırova deyib ki, uzun müddət keçdiyi üçün baş verənləri tam xatırlamır.

Amma hakim xatırladıb ki, istintaqda çox geniş ifadə verib.

Sual-cavab zamanı məlum olub ki, müəllimə Z.Sadırova da dərs saatlarının artırılması üçün direktor Yeganə Əliyevaya pul verib.

O deyib ki, 2009-cu ildən həmin məktəbdə çalışır və hər il pul verib: "Son iki ili xatırlayıram. 500 manat direktora pul vermişəm".

Prosesdə məktəbin Nataşa adlı müəlliməsi də ifadə verib. Rus dili dərsini tədris edən Nataşa müəllimə məktəbdə müəllimlərdən fond pulu yığıb.

Müəllimə bunu belə izah edib: "Məktəb təzə açılanda çatışmazlıqlar var idi. İclasda kimsə təklif etdi ki, öz aramızda pul yığaq və bu işləri görək. Direktor dedi ki, mən yığım. Mən istəmədim, çünki gənc kollektiv idi, mənim o zaman 50 yaşım var idi. Kimdənsə pul yığacaq deyildim. Yeganə xanım xahiş etdi ki, bu işi mən görüm. Məktəb yeni açılmışdı, yeni kollektiv idi. Buna görə razılaşdım. Amma mən kimdənsə sinif-sinif düşüb pul yığmamışam. Kim istəyirdisə könüllü olaraq verirdi. Mən də siyahı ilə direktora verirdim. Həmin pullar məktəbin təmirinə, abadlığa xərclənib. Güllər alınıb, həyətə torpaq gətirilib, boya işləri görülüb. Hər ay bu cür işlər görülürdü".
Digər şahid İlhamə Əbilova dindirilən zaman məlum olub ki, direktor Yeganə Əliyeva dərs ilinin əvvəlində bəzi siniflərin bağlanacağını deyib. Siniflər bağlanmasın deyə müəllimlərdən pul alıb.

İlhamə Əbilova direktora pul verdiyini təsdiqləyib. Amma deyib ki, həmin pulu borc olaraq veribmiş.

Prosesdə uşaqları əlil olan və məktəbə gedə bilməyən iki valideyn də şahid qismində dindirilib. Məlum olub ki, hər iki valideyn istintaq zamanı dindiriləndə deyiblər ki, məktəbdən xəstə uşaqlarına dərs demək üçün müəllimə göndərilməli olduğu halda göndərilməyib.

Amma hər iki valideyn məhkəmədə fərqli ifadə veriblər. Deyiblər ki, müəllimlər evə gəliblər, amma özləri işdə olduğu üçün onları görməyiblər.

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib.

Növbəti prosesdə prokuror Y.Əliyevaya cəza istəyəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram