Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İranın Azərbaycan siyasəti: “Sulduz tələsi” və “Qarabağ hiyləsi…” - TƏHLİL

15-09-2021, 16:08

İranın Azərbaycan siyasəti: “Sulduz tələsi” və “Qarabağ hiyləsi…” - TƏHLİL

DogruXeber.az: - 1918-ci ildən başlayaqmı? Yoxsa “boğulmamaq lazımdır” deyib, daha dərin sulara qərq olmaqdan yan keçək?

Ən yaxşısı SSRİ-nin son illərində baş verən mətləbləri xatırlatmaqla başlayaq. Dünyanın ən qəddar “xalqlar həbsxanası” özünün son illərini yaşayır. Belə bir zamanda həm regionda, həm də dünyada ciddi siyasi dəyişikliklərin baş verəcəyi ehtimalları artır və müəyyən zaman sonra reallaşır: Almaniya yenidən vahid halda birləşir, SSRİ parçalanır, SSRİ-dən dəstək alaraq diktaturalaşmış dövlətlərdə inqilab dalğaları (Hərçənd bunu Çexoslovakiya haqqında demək doğru olmaz) yüksəlir. Həmin ölkələr müxtəlif müstəqil dövlətlərə parçalanır.

SSRİ, Yuqoslaviya, Çexoslovakiya kimi dövlətlərin dağılmasından sonra, dünyanın ümumi siyasi mənzərəsi tamamən dəyişmişdir. Bu sırada Cənubi Qafqazda da yüz il əvvəlki müstəqil ölkələr – Azərbaycan, Gürcüstan ölkələri və Ermənistan proyekt dövləti yenidən müstəqilliklərini əldə etmişdi. Gürcüstan ilk başlarda etnik və digər qarşıdurmalar yaşamamış, sonralar Rusiya imperializmi əleyhinə Qərb dövlətləri ilə “gözlənilməz və nizamsız” əlaqələr qurduğu üçün cəzalandırılmışdır.

Azərbaycan isə özünün sahib olduğu coğrafi mövqeyi, enerji ehtiyyatları, sosial kimliyi və s. kimi əhəmiyyətli tərəflərinə görə, müstəqilliyinin ilk günlərindən “cəzalandırılmağa” başlanılmışdır. Azərbaycana qarşı birbaşa müdaxilə etmək fürsəti olmayan imperialist qonşular, onu erməni milli məsələsi ilə təkrar işğal etmişdir. Bu işğal nəticəsində Azərbaycan özünün ən münbit, coğrafi və müdafiə baxımından ən əhəmiyyətli, milli kimliyi nöqteyi-nəzərindən isə əsas mənəvi hissəsini – Qarabağı itirmişdir.

Bu elə bir zərbə idi ki, illərlə Azərbaycanın dirçəlişini əngəlləmiş, onu qonşuluğunda olan imperial dövlətlərin basqısı altında saxlamışdır. Ancaq Azərbaycan xalqı bütün çətinliklərin öhdəsindən gələrək, həm milli, həm də dövlət inkişafı olaraq əhəmiyyətli məsafə qət etmiş, sonda işğala qarşı layiqli cavab vermişdir.

Rusiyanın anti-Azərbaycan qərarları ilə paralellik təşkil edən İran dövlətinin Azərbaycan siyasəti bir çox mətləblərdə eynilik təşkil edir. Bura Qarabağın işğalını, Azərbaycan dövlətinin inkişafını əngəlləmək kimi bir çox məsələləri aid edə bilərik. Ancaq bu iki ölkənin Azərbaycan məsələsində əsas ortaq nöqtəsi Azərbaycanı öz sərhədlərinə daxil etmək, yəni işğal etmək niyyətləridir.

Günümüzdə işğal məfhumu ənənəvi işğaldan fərqlənir: 21-ci əsrdə işğalın əsas şərti coğrafi sərhədləri aradan qaldırmaq deyil, digər ölkələri özündən asılı hala salıb, onun sahib olduğu enerji qaynaqlarını sömürmək, coğrafi əhəmiyyətli bütün ərazilərinə nəzarət etmək, transmilli şirkətlər vasitəsilə ölkə iqtisadiyyatında pay sahibinə çevrilmək, siyasi elitasını tərəfinə çəkərək beynəlxalq aləmdə öz xeyrinə qərarlar verdirmək, dini və milli amilləri öz maraqlarına uyğun idarə etmək, ölkə ordusunu müxtəlif rütbəli məmurlarla nəzarətdə saxlamaq və s. kimi hallardır.

İranın anti-Azərbaycan yanaşmaları hələ 1918-ci ildə, Azərbaycan dövləti müstəqilliyini elan edəndə başlayır. 1980-1990-cı illərdə bu siyasət yenidən canlanır.

Mətləbə keçməzdən əvvəl qeyd etmək istəyərdim ki, İranın anti-Azərbaycan yanaşmaları seçim deyil, məcburiyyətdir. Yəni İranda iqtidarda qərarlaşan farş şovinizmi öz milli maraqlarını qorumaq üçün Azərbaycana qarşı addımlar atmağı seçməyib, buna məcbur qalıb.

İndi mətləbə keçək və bu məcburiyyətin səbəblərini izah edək:

1. Müstəqil Azərbaycan dövləti “Şimali Azərbaycan” dövləti olaraq adlandırılmadı, əksinə bütün Azərbaycana məxsusluq bildirən ümumi “Azərbaycan” adını aldı. Bu İran dövlətinin sərhədləri daxilində qalan Cənubi Azərbaycan məsələsi üçün də milli duyğuları yenidən oyandıran güclü səbəb, fars şovinizmi üçün ciddi təhlükə idi.

2. İran dövləti ilə SSRİ-nin əlaqələri yaxşı idi. İran bu səbəbdən şimal sərhədlərini təhlükəsiz hiss edirdi və diqqətini dənizdən, şərqdən, İraqdan və Türkiyədən gələcək təhlükələrə yönəldə bilir, həmçinin bu təhlükələrə qarşı dünyanın ən güclü dövlətindən – SSRİ-dən dəstək alırdı. İndi isə, İranı Rusiya ilə sərhəddən məhrum edən Azərbaycan dövləti var idi ki, Azərbaycan milli maraqlarını əsas götürərək, ABŞ və Türkiyə, hətta sonralar Pakistanla çox geniş əlaqələr qurmuş, İranın əsas düşməni sayılan İsrail ilə münasibətlərini inkişaf etdirmişdi. İran Azərbaycanı öz sərhədləri olaraq qəbul etdiyi zamanda önündə sürətlə güclənən Azərbaycan görmüşdü və bu onun anti-Azərbaycan addımlarını daha da sürətləndirdi.

3. Azərbaycan həm də Xəzərdə İran üçün istənilməz qonaq idi. İran Xəzərin statusu məsələsində Azərbaycanın haqlarına göz dikmiş, dəfələrlə ultimatum və hərbi gedişlər edərək, Azərbaycanı Xəzərdə “boğmağa” çalışırdı. 2001-ci ildə baş verən hadisələri nə İranın Azərbaycandakı “humanist” agentləri unudub, nə də Azərbaycan xalqı…

4. Bir vaxtlar ABŞ-ın İranı “mühasirəyə” salmaq planları var idi. Bu mühasirə həlqələrindən biri də Azərbaycan olacaqdı. Ancaq Azərbaycan qonşuluq ənənələrini nəzərə alaraq bu planlarda yer almadı. Belə bir razılaşma olmuş olsaydı, ən azından Azərbaycan-ABŞ müttəfiq əlaqələri qurulmuşdu. Hazırda Azərbaycan-ABŞ əlaqələri isə heç bir halda balans siyasətindən kənara çıxmır. Həmin balans isə Qərbi Avropa dövlətləri, ABŞ, Rusiya, Çin, İran kimi ölkələrin hər biri ilə eyni siyasi istiqamətə fokslanıb: Mehriban qarşılıqlı əlaqələr. İran isə Azərbaycana qarşı iddialarından əl çəkməyərək, onu öz nəzarəti altına almaq ümidlərinə uyğun olaraq balans siyasətini, asılılıq siyasəti ilə əvəzləmək istəyir. Bu da onun anti-Azərbaycan siyasəti yeritməsində bir digər faktordur.

5. Avropa və Asiyanı birləşdirəcək əsas tranzit yol potensialına İran və Azərbaycan sahibdir. İran özünün radikal və şovinist siyasəti ilə dünyanın bir çox ölkələri ilə əlaqələrini korlayıb. Bu səbəbdən də, dünya ölkələri tranzit daşınmalarda Azərbaycan amilini önə çıxarır. İran tranzit yolun bir başlanğıcı olan Çin ilə ideal əlaqələrə sahib olsa da, yolun digər sonluq nöqtəsi sayılan Avropa ilə yaxşı əlaqələr qura bilməyib. Azərbaycan isə hər iki tərəflə balanslıdır. Tranzit daşınmalar isə ən az enerji ehtiyatları qədər ciddi mövzudur. Burada milyardlarla dollarlıq gəlir var. İran özünün bol enerji qaynaqlarını düzgün istifadə edə bilmədiyi vaxtda, tranzit yükdaşımalardan gözlədiyi gəliri də itirir. Bu isə cənub qonşumuzun Azərbaycana olan qəzəbini artıran ciddi amildir.

6. İranda hazırkı iqtidar kifayət qədər radikal dini cərəyandır. Onun terrorist qruplaşmalara dəstək verdiyi də sirr deyil. İslam dinin fərqli məzhəblərindən olan şiə etiqadlı bu qrup özünə dünyada ikinci “şiə dövləti” simasında müttəfiq tapa bilmir. Sadəcə Azərbaycan belə bir sosial bazaya malikdir. Azərbaycan cəmiyyəti hər nə qədər dindən uzaq yaşasa da, əhalinin böyük əksəriyyəti şiə məzhəbinə aid olduğunu söyləyir. Azərbaycan dövləti isə bütün dinlərin sekulyar yaşayacağı, dövlətlə dinin ayrı olmasının vacibliyini anlamış, buna görə də siyasətdə dindən kənar olmağı bacarmışdır. İran bu minvalla potensial şiə əqidəli “Azərbaycan İslam Respublikası”nı da itirib. Hətta bəlli məsələdir ki, Azərbaycanda xeyli sayda İran tərəfdarı radikal dini cərəyan üzvləri var və əksəriyyəti İrandan dəstək alır. Bu isə anti-Azərbaycan siyasətinin növbəti örnəyi, eyni zamanda təzyiq vasitəsidir.

Yuxarıda çəkilən hər 6 məcburiyyətin uydurma olmadığını İranın öz siyasi gedişləri də sübut edir.

Məsələn, Azərbaycan xalqının mənəvi paytaxtı olan Şuşanın işğalı birbaşa İran dövləti ilə bağlıdır. 1992-ci il 6-7 may tarixlərində İranın vasitəçiliyi ilə atəşkəs razılığı əldə edilir. 8-i günü isə Ermənistan atəşkəsə tabe olmayaraq Şuşanı işğal edir. İran tərəfi isə bu dərəcədə ciddi məsələdə Ermənistanı dəstəkləməkdə davam edib. Ona görə ki, sonrakı mərhələlərdə də İran tərəfi daima atəşkəs çağırışları edib, ancaq necəsə heç bir halda Ermənistan tərəfinin 8 may günü etdiyi hərəkətləri görməyib. Digər tərəfdən İran MBT səsvermələri zamanı Qarabağ probleminə aid və Azərbaycanın lehinə olan bəzi məsələlərdə də bitərəf mövqe nümayiş etdirib. Halbuki İran özü də Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıyır. Xəzər dənizində Azərbaycana qarşı edilən hərbi təzyiqlər barəsində isə artıq yuxarıda məlumat verdim.

Bütün bunlar keçmişdə yaşanan nümunələrin sadəcə bir neçəsidir.
Həşim Səhrablı
www.yenicag.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram