Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?

22-09-2021, 08:39

“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?

DogruXeber.az : - “Hazırda Rusiya da daxil olmaqla, bütün ölkələrdəki erməni lobbisinin əsas istəyi Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoymaqdır”. Bunu Rusiya “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib. İ.Korotçenkonun sözlərinə görə, bu gün erməni lobbiçiləri hər yerdə təxribatla məşğuldur. Korotçenko qeyd edib ki, erməni lobbisinin bəzi ölkələrin xüsusi xidmət orqanlarındakı güclü mövqelərini, İrəvanda qisas almaq istəyən şəxslərin olduğunu nəzərə alsaq, bu planın bu və ya digər şəkildə hazırlandığı və həyata keçirilə biləcəyini istisna edə bilmərik: “Azərbaycanı ləkələmək, Rusiyaya qarşı qoymaq, Rusiya media məkanında Azərbaycan haqqında mənfi informasiya mühiti formalaşdırmaq və Azərbaycandan düşmən obrazı yaratmaq - hazırkı mərhələdə əsas vəzifələrdir”.

Rusiya ilə münasibətləri korlamaq istəyən qüvvələr olsa da, bəzi hallarda Moskvanın addımlarında da şübhəli məqamlar nəzərə çarpır. Bugünlərdə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hərbi gəmiləri Bakıya qeyri-rəsmi səfərə gəlib. Sentyabrın 20-də isə həmin gəmilər Azərbaycanı tərk ediblər. Sentyabrın 18-də Rusiya Müdafiə Nazirliyi yaydığı informasiya bülletenində qeyd edib ki, sentyabrın 17-də Şuşa istiqamətində Dağlıq Qarabağın silahlı birləşmələrinin postlarına üç dəfə atəş açılması qeydə alınıb: “Erməni tərəfinin verdiyi məlumata görə, atəş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqelərindən atılıb. Atışma nəticəsində Dağlıq Qarabağın silahlı birləşmələrinin iki hərbçisi yaralanıb”.

Azərbaycan Müdafiə Nazirliyi isə cavabında həmin açıqlamanın təəccüb və təəssüf doğurduğunu bildirib. Qurum qeyd edib ki, hadisə Rusiya sülhməramlılarının iştirakı ilə araşdırılıb. “Qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyil”.

Bəzi siyasi, hərbi ekspertlər hesab edirlər ki, bu iki hadisə heç də təsadüf deyil və bunun arxasında Azərbaycan və Rusiyanın fikir ayrılığı dayanır. Bəzi politoloqlar isə iddia edir ki, Rusiyanın 44 günlük müharibədə əsas gözləntilərindən biri bölgədəki mühüm dəhlizləri və kommunikasiyaları ələ keçirmək idi. Söhbət Laçın və Zəngəzur dəhlizlərindən gedir. İndi Rusiya yalnız Laçın dəhlizinə nəzarət edir. Bu isə Rusiyanın geosiyasi maraqlarını nəinki təmin etmir, heç ona yardımçı da olmur.

Bəs, erməni lobbisinin Azərbaycanla Rusiyanı qarşı-qarşıya qoymağa gücü çatarmı? Rusiyanın həqiqətənmi nəzərdə tutduğu geosiyasi maraqları tam təmin edilməyib? Buna daha çox kimlər mane olur?

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, erməni lobbisinin əsas vəzifələrindən biri də dünya güclərinin, xüsusi olaraq Cənubi Qafqaza təsir imkanlarına malik olan dövlətlərin maraqlarından istifadə edərək o dövlətləri Azərbaycanla üz-üzə qoymaqdır: “Buna uzun müddət nail olublar. Azərbaycanın torpaqlarının zəbt olunmasında və 30 ilə yaxın işğalda saxlanmasında Ermənistanın arxasında dayanan həmin dövlətlərin siyasi, hərbi maraqlarından da istifadə olunub. Bütün bunların arxasında isə ermənilərin həmin ölkələrdəki güclü lobbiləri dayanırdı. Ermənilər Rusiyada, Fransada, ABŞ-da həddən artıq güclü lobbiyə malikdir. Keçən il 44 günlük müharibə zamanı da biz açıq gördük ki, bu lobbinin imkanları əsasən hansı istiqamətlərdə güclüdür. Hətta Fransanın hakimiyyətinə, prezidentinə, parlamentinə çox ciddi təsirə malikdirlər. O cümlədən Rusiya Xarici İşlər Nazirliyində, Dumada, müxtəlif nazirliklərdə, xüsusilə də Rusiyanın mediasında erməni lobbisi özünə ciddi təsir imkanları əldə edə bilib və Rusiyanın Azərbaycana yönəlik siyasətinə təsir edə bilirlər. Son zamanlar isə Azərbaycana qarşı fəaliyyətlərini daha da gücləndiriblər, bütün güclərini Rusiya ilə Azərbaycanın münasibətlərinin pozulmasına yönəldiblər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan diplomatiyası yerində durmayıb, Rusiyada fəaliyyət aparılır və erməni lobbisinin təbliğatına qarşı iş aparır. Biz nəzərə almalıyıq ki, Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti arasında çox yaxşı münasibətlər var. Bu münasibətlər Rusiyada güclü erməni lobbisinin təsirini kifayət qədər neytrallaşdırır. Lakin lobbi çalışır ki, heç olmasa prezidentdən aşağı instansiyaların mövqeyinə təsir edə bilsinlər. Buna da müəyyən məqamlarda nail ola bilirlər. Rusiyanın hərbi dairələrinin təmsilçilərinin, XİN sisteminə aid şəxslərin, Duma üzvlərinin dilindən vaxtaşırı anti-Azərbaycan çağırışlarının edilməsində bu amilin təsiri şübhəsizdir. Azərbaycan xarici siyasəti erməni lobbisinin bu fəaliyyətini mümkün qədər neytrallaşdırmağa çalışır”.

M.Sadəddinov vurğuladı ki, atıq erməni lobbisinin əl-qolunu müəyyən qədər bağlayan, onların bir sıra məqsədlərini neytrallaşdıran daha bir reallıq mövcuddur: “Bu gün Rusiyanın Cənubi Qafqazda ümumi strategiyasını götürsək, artıq Cənubi Qafqazda yeganə geopolitik oyunçu deyil. Burada artıq yeni güclü oyunçu var. O da Türkiyədir. Türkiyənin Cənubi Qafqazda mövcudluğu Rusiyanın siyasətinə təsir göstərir. Bu da təbii ki, Azərbaycanın maraqlarına cavab verir. Cənubi Qafqazda bir çox məsələlər Türkiyə Prezidentinin və Rusiya Prezidentinin birgə müzakirələri nəticəsində həll olunur. Erməni lobbisini ən çox narahat edən məqamlardan biri də Rusiya ilə Türkiyənin anlaşma içərisində olmasıdır. 30 il ərzində erməni lobbisinin fəaliyyəti həlledici nəticələri verməyibsə, bu vəziyyətdə ümumiyyətlə nəticə verməyəcək. Rusiyanın maraqlarını Azərbaycanla toqquşdurmaq cəhdlərinin perspektivi yoxdur. Bu gün Rusiyanın maraqlarının təmin olunmasına Ermənistan və İran daha çox maneə yaradır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram