Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Sosial şəbəkələrin statusunu dəqiq müəyyən etməliyik" - deputat

22-09-2021, 09:04

"Sosial şəbəkələrin statusunu dəqiq müəyyən etməliyik" - deputat

DogruXeber.az : - Milli Məclisdə medianın və sosial şəbəkələrin mövcud durumu müzakirə olunacaq. Bu məsələ parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib. Qeyd edilib ki, sessiya müddətində Ombudsman və Medianın İnkişafı Agentliyinin iştirakı ilə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi həyata keçiriləcək. Eyni zamanda komitədə sessiya müddətində diffamasiya haqda qanunvericilik sahəsində dinləmələrin keçirilməsi də nəzərdə tutulub. Məlumat üçün bildirək ki, sosial şəbəkələrin tənzimlənməsi üçün dünyanın əksər ölkələrində çoxsaylı təkliflər irəli sürülüb, modellər təqdim edilib. Lakin modern dünya üçün uyğun olacaq vahid model formalaşmayıb.

Ayrı-ayrı ölkələrdə, xüsusilə Çin, İran və digərlərində tətbiq edilən modellər sosial şəbəkələrin tənzimlənməsindən daha çox, onların fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəlib. Bu da mütərəqqi dünya tərəfindən məqbul sayılmayıb. Tənzimləməni demokratik prinsiplər çərçivəsində ehtiva edən təşəbbüslər isə Almaniyadan gəlib. Amma “alman modelinin” özü də yarımçıq qalıb və sosial şəbəkələr üçün xarakterik olan problemləri tam əhatə etməyib. Struktur, yayım çevrəsi, məsuliyyət standartları barədə tam təsəvvür formalaşdırmayıb. Türkiyədə 2020-ci ildə qəbul edilən qanun daha əhatəli və mütərəqqi sayılır. Türk modeli sosial şəbəkələrin məhdudlaşdırılmasına deyil, standartların müəyyənləşdirilməsinə yönəlib. Lakin bu model də ideal hesab olunmur. Güman edilir ki, Azərbaycanda da yaxın dönəmdə dünya təcrübəsindən yararlanaraq, sosial şəbəkələrlə bağlı bütün məqamları əhatə edən yeni qanunvericilik təşəbbüsü ortaya çıxacaq.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Şərq”ə vurğulayıb ki, sosial şəbəkələr müasir informasiya kommunikasiyası dünyasında öncül yerdədir. Deputatın sözlərinə görə, feysbuk, tvitter və s. tipli platformalar yutubla müqayisədə bir qədər geri qalsa da, istər idarəetmə, istər siyasi və sosial həyatda gündəlik ünsiyyət platforması kimi alternativsizdir:

“Dünya miqyasında bu fenomenlə rəqabət aparmaq faktiki olaraq qeyri-mümkündür. Sosial şəbəkələrin bəşəriyyətin həyatına daxil olması yalnız əlaqələri asanlaşdırmayıb, imkanları genişləndirməyib. Eyni zamanda idarəetmələr üzərində çox böyük təzyiqlər, ictimai təsirlər də yaradıb. Müxtəlif xarici dairələr çox asanlıqla istənilən ölkənin informasiya mühitinə düşür, orada hökmranlıq edə bilirlər. Bu vasitə ilə dövlətlərin içərisində arzuladıqları şəraiti formalaşdırırlar. Vətəndaş cəmiyyətlərini ayağa qaldırırlar, etnik-milli separatizmə səbəb olurlar və s. Bunlar reallıqdır, hansısa sovet yanaşması deyil. Digər məqam isə etik dəyərlərin kütləvi olaraq pozulmasına cəhd edilməsidir. Şəbəkə içərisində elə mühit formalaşıb ki, orada milli ənənələr, cəmiyyətləri ayaqda saxlayan mənəvi prinsiplər qoruna bilmir. Əksinə, bu dəyərləri devolvasiyaya uğradacaq siyasət yürüdülür. Ona görə də Avropa ölkələrində bir sıra tənzimləyici addımlar atıblar”. Z.Oruc qeyd edib ki, Qərb ölkələrində cəmiyyətlərin keçdiyi yol, inkişaf səviyyəsi elə bir durum formalaşdırıb ki, orada siyasiləşmiş sosial şəbəkə mühiti bizdən çox fərqlidir: “Bu, əsla hamının üzərinə total nəzarət qoymaq, buxovlama tədbirləri həyata keçirmək anlamına gəlmir. Sosial şəbəkələrin statusunu dəqiq müəyyən etməliyik. KİV, media quruluşu olub-olmamasını aydınlaşdırmalıyıq. Media qurumlarının fəaliyyətləri hüquqi platformaya dayanır. Sosial şəbəkə isə hələ də tənzimlənməmiş qalmaqdadır. Bizə Komitə üzvlərindən, kənar ictimai-siyasi fəallardan, şəbəkə istifadəçilərindən müraciətlər edilir. Hesab edilir ki, baxışları vahidləşdirməyə, bir-biri ilə uzlaşdırmağa, daha düzgün, obyektiv yekuna gəlməyə ehtiyac var. Bu yöndə səriştəli müzakirələr reallığı dəqiq görməyə imkan verəcək. Həm də müvafiq addımların atılmasını əsaslandıracaq”.

Milli Məclis üzvü bildirib ki, media sahəsində bütün strukturların sosial şəbəkə hesabları var və onlar fikir, söz azadlığının ayrılmaz tərkib hissəsinə çevrilib:

“Normal, hüquqi cəmiyyət qurmaq üçün bütün qüvvələrin üzərinə öhdəliklər düşür. Kimsə özünü kənarda qoymamalıdır. Həmin fəaliyyət sahəsi müxalifətin, mərkəzçi qüvvələrin, dindar kəsimin, o cümlədən ateistlərin də maraqlarını bu və ya digər formada əhatə edir. O baxımdan bu sferanı müəyyən qədər diqqət mərkəzində saxlamaq lazımdır. Məsələnin Komitədə müzakirəsinə qərar verərkən məhz bu amilləri nəzərə almışıq. Əminik ki, kimsə süngüsünü götürüb parlament üzvlərinin üzərinə hücum çəkməyəcək. Çünki burada qəti şəkildə hansısa senzuradan, basqıdan, şəbəkələrin cilovlanmasından söhbət getmir. Sadəcə olaraq dünya praktikasına uyğun tənzimləyici addımlar atılmalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram