Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qərbdən Azərbaycana qarşı böyük şəbəkə işə düşüb

28-09-2021, 16:18

Qərbdən Azərbaycana qarşı böyük şəbəkə işə düşüb

DogruXeber.az : - ABŞ Konqresinin Nümayəndələr Palatasında “Milli Müdafiə Səlahiyyətləndirmə Qanunu”na (National Defense Authorization Act) Azərbaycanla bağlı əsassız əlavələr edilməsi təklifi səsləndirilib. Təklifi ermənilərin ABŞ-da sıx yaşadıqları Kaliforniya Ştatından olan Tony Cárdenas, Adam Schiff və Brad Sherman gündəmə gətiriblər. Əlavələrin məzmunu budur ki, guya Azərbaycan 2020-cilin 27 sentyabrında Ermənistana təcavüz edib. Həmçinin, Türkiyə və Azərbaycan dövlətləri 44 günlük savaşın gedişində xarici muzdlulardan yararlanıblar. Azərbaycanın “qadağan olunmuş silah və sursatlardan istifadəyə yol verməsi” də iddialar sırasındadır. Daha bir əsassız iddia isə Azərbaycanın hərbi əsirləri azad etməməsi, savaşın gedişində minlərlə mülki Ermənistan vətəndaşını öldürməsiylə bağlıdır ( https://www.bayraqdar.info/?p=9217&fbclid=IwAR0x47fgvhchr6rTsIB6MFoWF3dcSUoQxyP2Znp9vPMnw_bWhpMY6fgMatE ).

Anti-Azərbaycan mahiyyəti daşıyan, qərəzli, əsassız əlavələri 3 nəfər müəllifdən başqa daha 13 konqresmen dəstəkləyib. Onların da sırasından 7-si Kaliforniya Ştatını təmsil edirlər.

Prosesə qatılmış 16 konqresmendən 10 nəfərinin erməni seçicilərinin təsir dairəsində olduğunu nəzərə alaraq, baş verənləri erməni təxribatı kimi də qiymətləndirə, erməni diasporu və lobbisinin adına yaza bilərik. Amma gündəmdə olan digər sinxron fəaliyyətlər başqa versiyalara da yol açır. Məsələ ondadır ki, sözügedən əsassız, qərəzli ifadələri dilə gətirənlər təkcə konqresmenlər deyillər. ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi də “Dağlıq Qarabağın statusu məsələsi”ni gündəmə gətirir, ATƏT-in Minsk qrupunun vasitəçiliyinin bərpa edilməsini istəyir.

Bu azmış kimi, əlavə edir ki, bu yöndə açıqlama onun şəxsi fikirləri deyil, dövlət katibi Entoni Blinkenə istinad edir: “ABŞ tərəfləri danışıqlar masasına qaytarmaq üçün əlindən gələni edir. Dövlət katibi Entoni Blinken Amerika tərəfinin mövqeyini dəfələrlə bəyan edib”.

Eyni məzmunlu bəyanatlar başqa bir Qərb dövlətindən, Fransadan da gəlir. ABŞ kimi Fransa da Qarabağ münaqişəsini bitməmiş elan edir, status məsələsini gündəmə gətirmək istəyir. Missiyası bitmiş, fiaskoya uğramış Minsk Qrupunun dirçəldilməsində, Azərbaycanda yaşayan ermənilərə xüsusi status alınmasında maraqlıdırlar. Fransanın Yerevandakı səfiri Con Lakot da ABŞ səfiri Linn Treysin mövqeyini təkrarlayıb. Lakot “Azadlıq Radiosu”nun Ermənistan xidmətinə müsahibəsində deyib ki, 10 noyabr tarixli bəyanat bütün məsələləri həll etmir: “Xüsusən hərbi əsirlərin azad edilməsi haqqında müddəası ümumiyyətlə yerinə yetirilmir”.

Azərbaycan tərəfinin etirazlarına baxmayaraq, ABŞ səfiri son 10 gün ərzində eyni məzmunlu açıqlamanı 3 dəfə təkrarlayıb. Göründüyü kimi, ABŞ və Fransa 30 il müddətində olduğu kimi, yenə də öz havasındadırlar.

Qərbdən yeni təzyiq kampaniyası başlayıb

Fakt odur ki, ABŞ və Fransa daxil olmaqla, Qərbdən Azərbaycana qarşı yeni bir təzyiq kampaniyası başlayıb. Bu kampaniyada dövlət strukturları ilə yanaşı, adının önünə “beynəlxalq” yarlığı yapışdırılmış “media”, “hüquq müdafiə”, “insan haqları” təşkilatları da rol alıblar. Onlar Azərbaycanı öz istəklərinə boyun əydirmək üçün bütün mexanizmləri işə salıblar. Qərbdə məskunlaşan beynəlxalq statuslu QHT-lərin, media qurumlarının, “Freedom House” , “Sərhədsiz Reportyorları”, "Human Rights Watch", "Amnesty International"ın açıqlamaları da bu kampaniyanın tərkib hissəsidir.

Yuxarıda adı keçən konqresmenlərin-Toni Kardenas, Adam Şiff və Brəd Şermanın- təkliflərində yer tutan iddialardan birinə diqqət yetirək. Deyirlər ki, “Azərbaycan hökuməti 200 nəfərə qədər erməni əsirini, girovları, həbs edilmiş şəxsləri saxlayır, onların saxlanılmasını əsaslandırmaq üçün statuslarını yanlış təqdim edir”. Konqresmenlər bu iddialarını “Human Rights Watch” və Kolumbiya Universitetinin İnsan Haqlarını Araşdırma İnstitutunun hesabatlarına istinadla əsaslandırırlar.

Qəribə karusel yaradıblar: “Human Rights Watch", "Amnesty International", “Freedom House” , “Sərhədsiz Reportyorlar” şər atırlar, böhtan atırlar, Konqres də onları təsdiqləyir. Konqressin siyasətini isə bu təşkilatlar öz gündəliklərinə daxil edirlər. Necə deyərlər, biri digərinə pas ötürə-ötürə keçinib gedirlər. Təcrübə göstərir ki, “Sərhədsiz Reportyorlar”, "Freedom House", "Human Rights Watch", "Amnesty International" və şəbəkəyə daxil olan digər təşkilatların məsələyə yanaşmaları eynidir, lazımi məqmlarda bir mərkəzdən koordinasiya edilə bilirlər. Onlar Fransa, ABŞ, Ermənistan və maraqlarında olan digər ölkələdə qeyri-demokratik proseslərə göz yumurlar, başqa ölkələrdə isə insidentləri zərrəbbinlə axtarırlar, olmayan faktları da uydurub siyahıya salırlar. Nəticə çıxır ki, bunların davası demokratiya, söz-ifadə azadlığı, insan haqları deyil, fərqli maraqları, fərqli prinsipləri var. Əgər belə olmasaydı min kilometrlərlə uzaqda yerləşən Azərbaycan üzərində çalışmaqdansa, öz ofislərindən yüz metr aralıda baş verən insidentlərə baxardılar. Onların Parisdə, Vaşinqtonda araşdırmalı olduqları, amma göz yumduqları çoxsaylı problemlər var. Bir neçə nümunə verək.

İki gün öncə məlumat yayıldı ki, Fransa Prezidenti Emmanuel Makron onun şəkillərini çəkib nümayiş etdirdiyi üçün Paris qalereyasının sahibini və şəkli çəkən jurnalisti məhkəməyə verib. Bu, Makronun media təmsilçilərinə qarşı qaldırdığı ilk iddia deyil, 3 il öncə də bənzər şikayətlə məhkəməyə üz tutmuşdu ( https://www.rfi.fr/en/france/20170815-macron-sues-photojournalist-invasion-privacy ). Ümumilikdə isə, Makron söz və ifadə azadlığına, demokratik dəyərlərə qarşı olan prezident kimi tarixə düşür. İfadə azadlığının, demokratik dəyərlərin məhdudlaşdırılması yönündə əməli addımlar daha çox onun prezidentliyi dövründə gerçəkləşdirilib.

Parisdə “Azadlıq yürüşü” niyə təşkil edilmişdi...

Məsələn, 2020-ci ilin noyabr ayında Parisdə demokratik dəyərlərin, söz və ifadə azadlığının müdafiəsini ehtiva edən "Azadlıq yürüşü" aksiyası keçirildi. Aksiya Fransanın aparıcı milli media təşkilatı olan SNJ (Jurnalistlərin Milli Həmkarlar Təşkilatı) tərəfindən elan edildi, digər milli təşkilatlar da - SNJ-CGT, CFDT- ona qoşuldular. Avropa Mətbuat və Media Azadlığı Mərkəzi, Beynəlxalq Jurnalistlər Federasiyası, Media Azadlığı İndeksi qismində beynəlxalq jurnalist təşkilatları aksiyanı dəstəklədilər. 10 min nəfərə yaxın KİV və QHT təmsilçisinin, sosial şəbəkə istifadəçisinin qatıldığı aksiyanın keçirilməsində məqsəd Fransa parlamentində müzakirəyə çıxarılmış “Qlobal təhlükəsizlik qanunu”nun və “Milli polis proqramı” layihələrinin qəbul edilməsinə mane olmaq idi.

Təşkilatların dəyərləndirmələrinə görə, sözügedən qanun layihələri ifadə azadlığının məhdudlaşdırılmasına, daha doğrusu, jurnalistlərin birdəfəlik susdurulmasına hesablanıb. “Fransanın təhlükəsizliyi üçün yeni çağırışlar” kontekstində əsaslandırılan layihə KİV və ifadə azadlığı ilə daban-dabana ziddir. Kütləvi tədbirlər, mitinq, nümayiş və etirazlar zamanı polisin şəkilini, videosunu çəkmək, aksiyaların dağıdılması zamanı yol verilən zorakılıqlardan bəhs edən yayımlar vermək cinayət hesab olunacaq. Bu yasaqlar təkcə qeyri-peşəkar xəbər istehsalçıları-sosial şəbəkə istifadəçiləri üçün deyil, peşəkar KİV nümayəndələri üçün də keçərlidir. Qanun polis əməliyyatını lentə alan və ya fotoşəkil çəkən hər bir jurnalistin tutulmasına, nəzarətinə götürülməsinə, məhkəməyə göndərilməsinə imkan verəcək. Eyni zamanda, qaydaları pozanlar 45 000 avro məbləğinə qədər cərimə ilə cəzalandırıla, yaxud, 1 illik həbs cəzasına məhkum edilə bilərlər.

Makron hakimiyyəti media ictimaiyyətinin etiraz tələbini nəzərə almaq, layihlərin geri qaytarılmasına çalışmaq əvəzinə, “Azadlıq yürüşü”nün iştirakçılarını polis zopası ilə qarşıladı, aksiyanı qan içində boğdu; yüzlərlə aksiya iştirakçısı xəsarət aldı, həbs edildi ( https://europeanjournalists.org/.../france-concerns.../ )

Bu azmış kimi, beynəlxalq jurnalist təşkilatlarının təmsilçiləri Fransanın daxili işlər naziri Gérald Darmanin ilə görüşərək problemləri yoluna qoymaq istəsələr də, daxili işlər naziri görüş iştirakçıları ilə qeyri-konstruktiv, köbud, saymazyana davrandı, onları kabinetdən qovdu. (https://europeanjournalists.org/blog/2020/11/27/france-tramples-on-press-freedom/ ).

Bu məzmunda xəbərlərin sayı yüzlərcədir, bəs edəcək qədər fakt göstərmək mümkündür. Uzlaşdıranda bir nəticə çıxır ki, son illər ərzində Fransada, o cümlədən, Fransanın aparıcı üzvlərindən biri olduğu Avropa Birliyi məkanında söz və ifadə azadlığını, demokratik dəyərləri məhdudlaşdırmaq istiqamətində bir tendensiya var. Ölkə daxilindəki milli təşkilatlar, həmçinin, beynəlxalq təşkilatlar müqavimət göstərmək, prosesin qarşısını almaq istəsələr də, nəticə qazanmırlar. Anlaşmayan, sual doğuran məqam isə budur ki, sadalanan faktların heç biri “Sərhədsiz Reportyorlar”ın, "Freedom House", "Human Rights Watch", "Amnesty International", CPJ, İMS –nin nə gündəlik xəbər lentində, nə də illik hesabatlarında görünmür. Əksinə, onların illik hesabatlarında Fransa dünyaya yenə də söz və ifadə azadlığının yüksək səviyyədə təmin olunduğu ölkələrdən biri kimi göstərilir.

Əgər adı keçən “reytinq təşkilatlarının” susqunluqları təkcə Fransa üzərində görünsəydi, münasibəti anlamaq olardı. Ehtimal edərdik ki, “Sərhədsiz Reportyorlar”ınmənzil qərargahının Parisdə yerləşməsi onun əl-qolunu bağlayır, yerli şərtləri nəzərə almağa məcbur edir. Amma iş bu qədər bəsit deyil. “Sərhədsiz Reportyorlar” və üzv olduğu şəbəkə Fransa ilə yanaşı, bir sıra digər ölkələrə, məsələn, Ermənistana qarşı da eyni münasibəti sərgiləyirlər. Ermənistanda baş verən hadisələr də eyni prinsiplərlə gizlədilir, “Sərhədsiz Reportyorlar”ın bəyanatlarında, gündəlik xəbər lentində, illik hesabatlarında görünmürlər. Lap yaxında, avqust ayında Ermənistanda fəaliyyət göstərən Məlumat Azadlığı Mərkəzinin rəhbəri Şuşan Doydoyan bəyanat yayaraq bildirdi ki, dövlət qurumlarında media işçiləri üçün akreditasiya şərtləri dəyişdirilir və qeyri-demokratik vəziyyətə salınır. Yeni şərtlər müstəqil fikirli jurnalistlərin dövlət qurumlarına girişini, məxsusən, ölkə parlamentində fəaliyyətini imkansız edir. Yeni qərar təhlükəsiszlik amilləri ilə əlaqələndirilsə də, əsassız xarakter daşıyır və sair (https://news.am/arm/news/660773.html // https://www.rferl.org/a/armenia-journalists-obstructed-parliament/31429031.html ).

Mövzu Ermənistana gələndə susurlar…

Ondan əvvəl isə Ermənistan Jurnalistlər Birliyinin sədri Satik Seyranyan ölkədə söz, ifadə, media və internet azadlığının boğulduğunu ifadə edən kəskin bəyanat yaymışdı. Baxın, axtarın, bu və bənzəri olan digər xəbərləri “Sərhədsiz Reportyorlar”ın saytında tapacaqsınızmı? İş təkcə “Sərhədsiz Reportyorlar” la da bitmir, onu konkret nümunə olaraq göstəririk: "Freedom House", "Human Rights Watch", "Amnesty International" və şəbəkəyə daxil olan digər təşkilatların da məsələyə yanaşması eynidir. Mövzu Fransa, ABŞ, Ermənistan olunca susurlar, Azərbaycan, türkiyə və hədəfdə olan digər dövlətləri isə top atəşinə tuturlar. Onların hədəfində konkret ölkələr var, yalnız hədəfdə olan ölkələri izləyir, ən kiçik insident üzərində kampaniya keçirirlər. Məqsəd qeydə alınmış insidentin nəticələrini aradan qaldırmaq, hüququ pozulanın haqqını bərpa etmək də deyil. Niyyət hədəfdə olandövləti gözdən salmaq, öz tələblərini qəbul etdirməkdir. Necə ki, indi edirlər. "Freedom House" və “Sərhədsiz Reportyorlar”ın ölkəmizə yönəlik son kampaniyaları barədə ötən yazımızda məlumat vermişdik, hesabatların qondarma, uydurma faktlar üzərində qurulduğunu əsaslandırmışdıq(https://virtualaz.org/uzbeuz/192435 ). Maraqlananlar linkdə tanış ola bilərlər.
Qısaca deyək ki, “Freedom House” bu ilin mart ayında “Media azadlığı indeksini”, sentyabrın 21-də isə “İnternet Azadlığı- 2021” hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın adı 35 balla internetin azad olmadığı ölkələr sırasında yerləşdirilib. Ermənistanı isə 71 balla internetin azadolduğu ölkələr sırasında verib. Təşkilat mart ayında açıqladığı hesabatda da eyni mövqeni sərgiləmişdi. Ermənistanı söz və ifadə azadlığının təmin edilməsinə görə yarım-azad, Azərbaycanı isə qeyri-azad ölkə kimi göstərmişdi.

“Sərhədsiz Reportyorlar” da bu günlərdə aktivdir, Azərbaycanda blogerlərin, sosial şəbəkə istifadəçilərinin basqıya məruz qalması barədə qondarma xəbərlər yayır, bəyanatlar verir. Konqresdə otaya çıxan antiAzərbayan təklif, ABŞ-ın və Fransanın Ermənistandakı səfirlərinin açıqlamaları, paralel şəkildə “Freedom House” və “Sərhədsiz Reportyorlar”ın hesabatları…Bu sinxronluq təsadüfidirmi?

I Avropa Oyunlarından çıxan nəticə

“Freedom House” və “Sərhədsiz Reportyorlar”ın fəaliyyətinə söykənib ümumilkdə beynəlxalq təşkilatların qınanmasının, ittiham olunmasının əleyhinəyəm. Fransada “Azadlıq yürüşü”nə dəstək verən beynəlxalq təşkilatlardan gətirdiyimiz nümunələr deməyə əsas yaradır ki, prinsiplərini qoruyan, missiyasını vicdanla yerinə yetirən beynəlxalq təşkilatlar vardırlar, sayları da çoxdur. İnsan haqılarının qorunmasına, söz, ifadə, vicdan azadlığının təmin edilməsinə, demokratik dəyərlərin inkişaf etdirilməsinə töhvə verirlər. Lakin onların əməyi, mübarizəsi ilə qurulan imici asanlıqla xərcləyən, şəxsi maraqlarına qurban verən təşkilatlar da az deyil, şəbəkələşib mövqe tutblar. Şəxsi maraqları naminə xırda maxinasiyalar qurmaqdan başlamış, “geosiyasi oyunlar”da alət olmağa qədər çoxçeşidli müstəvidə görünürlər.

Məsələn, 2011-ci ildə Misirdə demokratikləşmə eyforiyası ilə alovlanan inqilabi hərəkat qısa zaman kəsiyində bütün Yaxın Şərqi bürüdü. Bu prosesin önündə “Müsəlman qardaşları” hərəkatı görünsə də, “inqilab infrastrukturu” adlandırılan və bilavasitə Vaşinqtondan maliyyələşdirilən qeyri-hökumət təşkilatları əsas rol oynadılar. Misirin təhlükəsizlik qüvvələri ABŞ vətəndaşlarının iştirakı ilə fəaliyyət göstərən QHT-lərin ofislərində axtarış apardıqdan sonra 21 nəfər Amerika vətəndaşını həbs etməli oldular. Bu ofislərdən hərbi əməliyyatlara xas formada hazırlanmış inqilab planları, əmək və vəzifə bölgüsü protokolları, hətta Misirin gələcəyinə dair maraqlı sənədlər çıxdı. Həmin sənədlərdə Sudan kimi, Misirin də bir neçə hissəyə bölünməsi, ölkənin cənubunda Nubiya, şərqində Kopt xristian dövlətlərinin yaradılmasını əks etdirən xəritələr aşkar olundu.

Bu sənədlərin QHT ofisində tapılması nədən xəbər verir?

QHT-lər və KİV-lər Qərbin əlində təzyiq aləti kimi

Bənzər detallar daha öncə Gürcüstanda baş verən “qızılgül inqilabı”, Ukraynada yaşanan “narıncı inqilab” zamanı da ortaya çıxmış, yerli və beynəlxalq QHT-lərin, KİV qurumlarının siyasi oyunlarda alət kimi istifadə olunmaları faktını təsdiqləmişdi.

Faktlar sübut edir ki, ABŞ nəinki yeni müstəqillik qazanmış, kiçik, zəif dövlətləri, ümumilikdə Avropa məkanını belə vasitələrlə idarə edir. O, İkinci Dünya müharibəsindən ötən 70 il ərzində Avropa məkanını sadə mexanizmlərlə əldə saxlayıb. ABŞ-ın bu məkanda maraqları təhlükəyə düşəndə peyk QHT-lərin, KİV qurumlarının “prinsipiallıq duyğusu” da baş qaldırır. Hədəfə çevirdiyi dövlətlərdə söz, ifadə, vicdan azadlığının, insan haqlarının pozulmasına dair qondarma kampaniyalar aparırlar. Milli hökumətləri fakt qarşısında qoymaq, güzəştlərə sövq etmək üçün səfərbər olunurlar.

Belə proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb. Avropada yüzlərlə “milli QHT” və beynəlxalq statuslu təşkilatlar var ki, onlar öz fəaliyyətlərini istisnasız olaraq Vaşinqtonla koordinasiya edir, okeanın o tayından gələn tapşırıqları yerinə yetirirlər. Məkanı Avropa, ürəyi Amerika olan bu peyk təşkilatlarıdan Azərbaycana qarşı da istifadə olunub. Azərbaycanda keçirilən I Avropa Oyunları zamanı gerçəkləşdirilən kampaniyalar buna əyani misaldır.

Diqqət yetirək: Böyük Britaniyanın dünyaya beynəlxalq statuslu təşkilat kimi təqdim etdiyi QHT-lər arasında “Artikl XlX” ilk cərgədə dayanır. Bu təşkilat Böyük Britaniya QHT-si olaraq digər ölkələrdə, o cümlədən Azərbaycanda da layihələr həyata keçirib, vətəndaş cəmiyyəti institutlarına nüfuz edib. 2012-2015-ci illər aralığında, Azərbaycanda “Avroviziya mahnı müsabiqəsi” və I Avropa Oyunları keçirilən zaman “Artikl XlX”un əsas siması qismində Rebekka Vinsent önə çıxarıldı.

Amma Rebekka Vinsent ABŞ vətəndaşıdır. O, Azərbaycanda ABŞ səfirliyində çalışıb. Sonradan “Artikl XlX”un nümayəndəsi kimi ən böyük anti-azərbaycan kampaniyalardan birinin- 2012-ci ildə fəallıq göstərən Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupunun koordinatoru, 2015-ci ildə yaradılan “İnsan haqları uğrunda idman” koalisiyasının isə fəallarından biri olub. Bu koalisiyaların yönləndirməsi ilə Avropa KİV-lərində ciddi bir anti-Azərbaycan kampaniyası aparılıb. Doğma dilində cümlə qoşa bilməyən “Azərbaycan QHT fəalları” təşkilatlandırılaraq dünyanın ən nüfuzlu nəşrlərinə - “The Guardian”, “The Independent”, “The Teleqraph”, “Deutsche Welle” və digər bu kimi nüfuzlu media orqanlarının səhifələrinə çıxarılıblar, ölkəmizə qarşı müsahibələr veriblər. Aydınlıq yaransın deyə qeyd edək ki, adı çəkilən KİV qurumlarının birbaşa “Artikl XlX”un və ya Rebekka Vinsent şəbəkəsinin təsirində olduğunu iddia etmirik. Sadəcə bu KİV-lərdə maraq doğuracaq informasiyaların quraşdırılıb onların istifadəsinə çatdırılması üçün tam bir mexanizm yaradılmışdı.

Məsələn, Avropa oyunları günlərində Rebekka Vinsent şəbəkəsinin Bakıda keçirməyi planladığı təxribatçı etiraz aksiyasını koordinasiya etmək üçün “Platform London” təşkilatının əməkdaşı Emma Hyuz Bakıya göndərilmişdi. O, Bakı hava limanında sənəd çatışmazlığı səbəbindən saxlanılanda, özünü Afrikada nəşr edilən “Red pepper” qəzetinin Avropa təmsiçisi qismində təqdim etmiş, jurnalist vəsiqəsini göstərmişdi. Hansı ki, araşdırmalardan sonra “Amnesty International” və “Platform London”un fəallarından biri olduğu üzə çıxmışdı. Rebekka Vinsent şəbəkəsi bu hadisəni “The Guardian” səhifələrində “İdman oyunlarını işıqlandırmaq üçün Bakıya gələn jurnalist hava limanında saxlanıldı” kimi təqdim etmişdilər.

ABŞ emissarı olan Rebekka Vinsent mərkəz rolunda Böyük Britaniyada məskunlaşmış “Artikl XlX” u göstəməklə, Almaniya, Fransa, İsveç, Danimarka və bəzi digər Avropa ölkələrinin hüquq müdafiə təşkilatlarını, məxsusən, “Sərhədsiz Reportyorlar”, "Human Rights Watch", "Amnesty International", İMS və digərlərini öz ətrafında toplaya, Qərb mediasında total antiazərbaycan kampaniyası apara bildi. Bu zaman ABŞ-ın mediası və vətəndaş cəmiyyəti institutları müşahidəçi kimi göründülər. Yəni ABŞ bu prosesə birbaşa deyil, Avropadakı resursları vasitəsilə rəhbərlik etdi.

Həmin dövrdə antiazərbaycan kampaniyasına qoşulmuş milli vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların maliyyə mənbələri araşdırılarkən nəticələr ABŞ donorlarına bağlandı. Onların əksəriyyətinin büdcəsinin USAID vasitəsilə ABŞ Dövlət Departamentinə bağlı olduğu üzə çıxdı.
Bəlli oldu ki, ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqoryevs öz səxavət kisəsindən layihəyə 2 milyon dollar pul ayırıbmış. Azərbaycan dövlətinin çevik tədbirləri bu şəxslərin əməllərinin və əsl niyyətlərinin tez bir zamanda ifşa olunmasını təmin edə bildi. Hansı ki, kələfin ucu elə dolaşdırılmışdı ki, sonuna çıxmaq hər kəsə nəsib olmasın.Azərbaycan üzərində oynanılan oyunlar isə bu sxemin aydın dərk edilməsinə yardım göstərdi.

ABŞ Avropada təkcə QHT sektoru üzərində deyil, dövlətlərarası təşkilatlar üzərində, xüsusən, adları insan haqları müdafiəsi üzrə çəkilən təsisatlarda da təsir imkanlarına malidir. ATƏT-in təsisçiləri sırasında olan və onun büdcəsinin əhəmiyyətli hissəsini ödəyən ABŞ bu təşkilatda öz maraqlarını kifayət qədər keçirə bilir.

Təsadüfi deyil ki, ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri təşkilatın rəhbərindən daha güclü şəxs hesab olunur. Xüsusilə qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Media Ofisi ABŞ-ın nəzarətindədir və onların rəhbərləri ya Vaşinqtondan təyin olunur, ya da bu təyinatlar Vaşinqtonla razılaşdırılır. 2015-ci ildə ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Daniyel Boyenin qurumun Azərbaycandakı layihə əlaqələndiricisi Aleks Şahtaxtinskiyə qarşı davranışı bu mülahizəni təsdiq edən faktlardan oldu. Həmin dövrdə AŞ PA-nın insan haqları üzrə komissarı olan Nils Mujneks milliyyətcə latış idi, amma Los-Ancelesdə, latviyalı emiqrant ailəsində doğulub-böyümüş biri kimi tanınırdı. Bütün şüurlu həyatını Amerikada yaşayıb, orada təhsil alıb. 1992-ci ildən başlayaraq öz tarixi vətəni ilə əlaqə qurub və 1992-1995-ci illərdə Soros Fondunun Latviya bölməsinin direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Azərbaycana qarşı kəskin çıxışlar ilə yadda qaldı. O, BMT İnsan Hüquqları Ali Komissarlığının məruzəçisi Devid Kaye (ABŞ vətəndaşı) ilə eyni məzmunlu məqaləni paylaşaraq, “ I Avropa Oyunlarını”tənqid hədəfinə çevirmişdi.

Tarix təkrar olunur: nələr olacaq, necə olacaq?

I Avropa Oyunlarını zamanı ABŞ-dan Azərbaycana qarşı belə total hücumun başlanmasının səbəbləri vardı. 2015-ci il fevralın 18-də dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana gəlmiş, Prezident İlham Əliyevlə görüşmüşdü. Xanım Nulandın keçirdiyi görüşlərin nəticəsi olaraq verdiyi açıqlamalardan hiss olunurdu ki, o, Bakıdan əlidolu dönməyib, istədiklərini ala bilməyib. Bu baş vermədikdə isə, antiazərbaycan kampaniyası yenidən alovlandırıldı. I Avropa Oyunlarını onlar üçün sadəcə bir bəhanə, səbəb idi. Ondan istifadə edən həm ABŞ, həm də Avropa QHT-ləri, mediası Azərbaycana qarşı total hücuma keçdilər.

2015-ci ildə aydın şəkildə göründü ki, ABŞ insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumları, aparıcı beynəlxalq təşkilatları, tam nəzarətdə saxlayır. Bu güc Vaşinqtona imkan verir ki, qısa zamanda istənilən dövləti, onun hakimiyyətini hədəfə götürsün.

Bu gün üçün görünən fakt odur ki, ABŞ və Qərbdən Azərbaycana qarşı yeni bir təzyiq kampaniyası başlayıb. Azərbaycanı bu təzyiqlərə boyun əydirmək üçün əlavə mexanizmləri işə salıblar. ABŞ Konqresinin, ABŞ-ın Ermənistandakı səfirinin açıqlamaları buna işarədir. Qərb QHT və media qurumlarının, “Freedom House” , “Sərhədsiz Reportyorları”ın açıqlamaları da bu kampaniyanın tərkib hissəsidir. Real istəkləri nədir? Yəqin ki, tezliklə aydınlaşacaq.
Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri //virtualaz.org//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram