Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Terrorçuların təxribatları onu göstərir ki, sülh prosesi asan olmayacaq” - FAKT BUDUR!

16-10-2021, 10:57

“Terrorçuların təxribatları onu göstərir ki, sülh prosesi asan olmayacaq” - FAKT BUDUR!

DogruXeber.az : - Azərbaycanın Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin nəzarət zonasındakı qanunsuz erməni silahlı birləşmələri son günlər yenidən təxribatlara start veriblər. Belə ki, oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb. Azərbaycan Müdafiə Nazirliyindən verilən xəbərdə qeyd edilir ki, atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.

Erməni silahlı dəstələri eyni zamanda, oktyabrın 14-də növbəti dəfə terror aktı törətdilər. Həmin gün saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid oldu. Hər iki təxribat-terror hadisəsi ilə bağlı sülhməramlıların komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.

“Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır. Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək”, - deyə Azərbaycan Müdafiə Nazirliyi açıqlamasında qeyd edib.

Dünən səhər saatlarında isə qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb. Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər: “Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır”.

Onu da qeyd edək ki, erməni terrorçularının təxribatları ilə yanaşı, tərəflərdən – Azərbaycan, Ermənistan və Rusiyadan yekun sülhlə bağlı mesajlar verilib. Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında Azərbaycan Prezidenti xatırladıb ki, müharibə və münaqişə tarixdə qalıb: “Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq. Həmçinin Ermənistanla sülh sazişinə dair danışıqlara başlamağa da hazırıq". Prezident deyib ki, Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır: “Ümid edirik ki, Ermənistan bu tarixi şansı əldən verməyəcək”.

Elə həmin konfransda Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması perspektivindən və kommunikasiyaların açılmasından danışıb: “Regional kommunikasiyaların açılması ilə bağlı yaxın vaxtlarda konkret nəticələr əldə olunmasını inanırıq. Kommunikasiyaların açılması sayəsində Azərbaycanın Naxçıvanla dəmiryolu və avtomobil yolu əlaqəsi alacaq”. Ermənistan Baş naziri İrəvanın sərhədlərin delimitasiyasına hazır olduğunu da söyləyib.

Rusiya Prezidenti Vladimir Putin isə iclasda Qarabağ məsələsinə toxunarkən hazırkı vəziyyətlə bağlı rusların deyimlərindən sitat gətirib: “Qarabağla bağlı bütün məsələlər Rusiyanın müdrik kəlmələrinin doğru olduğunu bir daha təsdiqəyir: "“Pis sülh, yaxşı müharibədən üstündür”, “hər dava sülhlə bitir” və s.”. “Rusiya sülhməramlıları Qarabağda atəşkəs rejiminin qarantıdır. Rusiya sülhməramlı kontingentin köməyi ilə humanitar yüklər çatdırılır, ərazilər minalardan təmizlənir”, - deyə Rusiya lideri vurğulayıb.

Erməni terrorçularının təxribatları davam etdirdiyi məqamda verilən sülh mesajlarının perspektivləri maraq doğurur. Proseslərin gedişatını AYNA-ya müsahibəsində proqnozlaşdıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, məsələyə iki aspektdən baxmaq lazımdır – birincisi, Ermənistan-Azərbaycan arasındakı münasibətlər, ikincisi, Azərbaycan ərazisində qalan erməni terrorçuları aspektindən:

-Gəlin, ilk öncə onu dəqiqləşdirək ki, Qarabağda sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərimizdəki erməniləri separatçı yox, terrorçulardırlar. Çünki onlar faktiki olaraq terrorçuluq edən başıpozuq qrupdur. Dediyim kimi, birinci mövzu Ermənistanla Azərbaycana aiddir. Müharibə bitib, postkonflikt dövrüdür. İki ölkə arasında danışıqlar, diplomatik görüşlər və s. olacaq. İkinci mövzu ərazimizdə olan erməni terrorçuları məsələsidir ki, orada yaşayan ermənilər qərar verməlidirlər. Yəni qərar vermə mərhələsi yaxınlaşır. Ermənilər ya Azərbaycan Konstitusiyasını qəbul edib ölkəmizin vətəndaşı kimi yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Bu reallığı qəbul etməyən bəzi radikal ünsürlər, terrorçular vəziyyəti gərginləşdirmək istəyirlər. Baş verən təxribatlar onu göstərir ki, terrorçu qruplar fəallaşıblar.

Bir məsələni diqqətə almaq lazımdır ki, orada reinteqrasiya prosesi Azərbaycanla yanaşı, sülhməramlıların və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi tərəfindən aparılmalıdır. Monitorinq missiyasının əlində texniki vasitələr var ki, bu vasitələrlə vəziyyətə daimi nəzarət edirlər. Kim haradan çıxıb, hansı əməli törədib, missiya bunu müəyyən edə bilir. İstər gündüz olsun, istər gecə, nəzarət imkanları var. Monitorinq Mərkəzi təxribat törədən terror qruplarını müəyyənləşdirməli, məsuliyyətə cəlb etməlidir. Fəaliyyət bu istiqamətdə aparılmalıdır.

- Amma biz bu fəaliyyəti müşahidə etmirik...

- Mən deyə bilmərəm ki, Monitorinq Mərkəzi son təxribatlarla bağlı fəaliyyətə keçməyib, yaxud da araşdırma başladılıb. Onu bilirəm ki, Monitorinq Mərkəzinin texniki vasitələri, PUA-ları mövcuddur ki, müşahidə aparırlar. Bu avadanlıqlarla dəqiqləşdirə bilərlər ki, bu terrorçular hansı nöqtədə, məntəqədədirlər, oraya necə gəliblər və s. Bununla konkret cinayətkar terrorçular müəyyənləşdirilməlidir, məsuliyyətə cəlb edilməlidir. Bunu Birgə Monitorinq Mərkəzindən tələb etməliyik. Ora balaca bir bölgədir, cinayətkarları tapmaq üçün texniki imkanlar da var. Hətta PUA-lar istənilən yerdə, istənilən vaxtda həmin terrorçuların şəkillərini, videolarını çəkə bilir. Yəni kimsə deyə bilməz ki, təxribatı törədənin kim olduğunu bilmir. Həmin terrorçular kimlərdir, konkretləşdirilməli, yerləri müəyyənləşməli və məsuliyyətə cəlb edilməlidir.

- Bəs Azərbaycan necə - öz ərazisində terrorçuları zərərsizləşdirmək üçün əməliyyatlara başlaya bilərmi?

- Təbii ki, məsələ birlikdə müzakirə edilməli, terrorçu şəbəkəsi aşkarlanmalı, zərərsizləşdirilməlidir. Bilmirəm əməliyyatlara Azərbaycan hərbçiləri cəlb olunacaq, ya yox?! Bəlkə də sülhməramlılar özləri bunu həyata keçirəcəklər. Amma yenə də deyirəm, terrorçular barədə dəqiq məlumat olmalıdır. Belə məlumat da mövcuddur, texniki vasitələr var. Kimsə bəyanat verir ki, “yerini bilmirik”, “kimlər olduğunu konkret bilmirik”, - doğru deyil. Bu bəhanələr keçən əsrin üslubudur. Bəs Monitorinq Mərkəzi nəyə lazım idi? Orada Rusiya və Türkiyənin zabitləri var, daim xidmət aparılır. Ola bilməz ki, təxribatı kimlərin törətdiyini, haradan törətdiyini müəyyənləşdirmək mümkün olmasın.

- Liderlər sülhlə bağlı müsbət mesajlar ötürürlər. Təxribatlar fonunda sülhün əldə edilməsi, sülhə doğru addımlar mümkündürmü?

- Biz cənab Prezidentin bəyanatına baxsaq görərik ki, bünövrə olmalıdır, onun əsasında da sərhədlərin delimitasiya və demarkasiyası aparılmalıdır. Delimitasiya və demarkasiya texniki prosesdir. Amma sülh sazişi üçün Ermənistan-Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Yəni delimitasiya və demarkasiya prosesi üçün şərait yaradılmalıdır. Təbii ki, ədalətli sülh bərqərar olunmalıdır, hansı ki, Azərbaycan hər zaman bunun tərəfdarı olduğunu bəyan edib. Verilən bəyanatlar, terrorçuların təxribatları onu göstərir ki, sülh prosesi heç də asan olmayacaq. Amma biz başa düşməliyik ki, hərbi faza bitib, artıq siyasi-diplomatik faza başlayıb. Bu fazaya məxsus çətinliklər və problemlər ola bilər. Məsələn, terrorçuların həmlələri çətinliklər, problemlər yarada bilər. Baxın, Türkiyədə neçə ildir ki, terrorçularla mübarizə davam etməkdədir. İstisna deyil ki, gələcəkdə Azərbaycan ərazisindəki terrorçu erməni ünsürləri ilə mübarizə aparacaq.

- Yəni ki, sülh müqaviləsi bağlansa belə, Qarabağdakı terrorçularla mübarizənin illərlə davam etməsi ehtimalı var...

- Təbii ki... Yenə deyirəm, postkonflikt iki dövlətə - Azərbaycan və Ermənistana aid olan məsələdir. Amma terrorçuların zərərsizləşdirilməsi məsələsi Azərbaycanın daxili işidir. Və heç bir xarici ölkə, xüsusən də Ermənistan bu məsələyə müdaxilə edə bilməz. Biz Rusiya və Türkiyəni dəvət etmişik ki, terrorçular mövzusunun həllində bizə yardım etsinlər. Bu ölkələrdən başqa heç kəs söz sahibi ola bilməz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram