Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“İndiki nazir öz yarıtmaz fəaliyyəti ilə Əbülfəz Qarayevin atasına rəhmət oxutdurur” - ETİRAZ

19-10-2021, 11:31

“İndiki nazir öz yarıtmaz fəaliyyəti ilə Əbülfəz Qarayevin atasına rəhmət oxutdurur” - ETİRAZ

DogruXeber.az: - “Hürriyyət”in “Səmimi söhbət” rubrikasının qonağı bir zamanlar parodiyaçı kimi tanınan, peşəkar teatrşünas və jurnalist Seymur Elsevərdir.

-Seymur, xoş gördük səni. Biz tələbə yoldaşı olmuşuq, aramızda illərin səmimiyyəti var, o üzdən “siz”li-“biz”li danışmayaq. Ümidvaram, oxucularımız buna görə bizi qınamazlar.

- Xoş gününüzə gəlim. Dəvətə və diqqətə görə təşəkkür edirəm. Doğru deyirsən. Çox illər əvvəl İncəsənət Universitetində tanış olduq və tanışlığımız illərin dostluğuna dönüşdü.

- Ola bilsin gənclər səni o qədər də yaxşı tanımır, çünki nə vaxtdı efirlərdən uzaq düşmüsən, amma orta nəslin nümayəndələrinə yaxşı tanışsan. Çünki illər əvvəl demək olar ki, televiziya ekranlarının qəhrəmanı idin və bir parodiyaçı kimi geniş seyrçi auditoriyasının sevgisini qazanmışdın. Amma ekranlarda birdən–birə parladığın kimi, elə ani bir gedişlə də ekranlardan getdin. Buna səbəb nə oldu?

- Doğrusu, haqqımda deyilənlər məni bir az təəccübləndirdi. Özümü heç vaxt ulduz saymamışam, o üzdən parladığımı da düşünmürəm. Amma qəbul etmək olar ki, özümə görə tamaşaçı auditoriyam vardı, etdiyim parodiyalar maraqla qarşılanırdı. Amma sonradan efirlərə dəvət olunmadım, üstəlik, reallığımız budur ki, parodiya sənəti ölkəmizdə qeyri-ciddi bir məşğuliyyət kimi qəbul olunur. Halbuki, dünyada belə deyil, heç bizə qonşu olan Rusiyada da belə deyil. Orada kifayət qədər yüksək ranqlı dövlət məmurlarını parodiya edirlər və bu onlar tərəfindən çox normal qarşılanır. Parodiya ustalarının konsertləri anşlaqla keçir, onlara təzyiq göstərilmir, fəaliyyətlərinə qadağa qoyulmur. Amma eşitdiyimə görə, bizdə parodiyaçılar müəyyən basqılarla, əngəllərlə qarşılaşıb.

-Sənə qarşı da təzyiqlər olub?

- Xeyr, düzü, mən heç bir basqı ilə üzləşməmişəm. Çünki parodiya etdiyim insanların böyük əksəriyyəti sənət adamları olub, parodiyalarımı da çox normal qəbul edirdilər. Parodiya etdiyim tanınmışlar arasında unudulmaz şairimiz Zəlimxan Yaqubun, mərhum aktyorumuz Mikayıl Mirzənin mənə qarşı çox xoş, səmimi münasibəti vardı.

- Ümumiyyətlə, parodiya janrına maraq səndə hardan yarandı?

- Əslində, bu bacarıq məndə uşaqlıqdan vardı. Məktəb illərində müəllimlərimi, sinif yoldaşlarımı parodiya edərdim. O dövrdə “İfaçılıq sənəti” adlı televiziya verilişi çox populyar idi. Aparıcısı da görkəmli musiqişünas və tədqiqatşı Firudin Şuşinski idi. Dövrünün tanınmış xanəndələri, musiqiçiləri haqda özünəməxsus, xırıltılı səslə danışan Firudin müəllimin əlində qırmızı təsbeh, sanki saçlarına daraq dəyməmiş bir görkəmdə efirə çıxması sovetlər dönəmi üçün çox qeyri-adi hal idi. İzləyicilərinə isə adətən: “Günaydın, köhnə dostlar” deyə müraciət edərdi. O zamançün “günaydın” ifadəsi də qəribə səslənirdi. Sonradan bildim ki, Firudin Şuşinski türkçü imiş. İllər sonra, artıq jurnalist kimi fəaliyyətə başlayanda onunla şəxsən tanış olub, haqqında məqalə yazdım. Amma məktəb illərində diqqətimi çəkən sırf onun xarici görünüşü, səsi və müraciət forması idi. Odur ki, hər verilişdən sonra gəlib sinifdə onu təqlid edirdim. Mədəni Maarif Texnikumunun rejissorluq, sonradan isə İncəsənət Universitetində teatrşünaslıq fakültələrində təhsil alanda da tələbə yoldaşlarımı, müəllimlərimi sevə-sevə yamsılayırdım. Bir müddət sonra musiqili parodiyalara meyl etməyə başladım. Mənim qəhrəmanlarım əsasən müğənni və xanəndələr idi. Onların arasında Niyaməddin Musayev, Nazim Ağayev, Alim Qasımov, Polad Bülbüloğlu, Qədir Rüstəmov kimi tanınmış ifaçılar vardı.

- Anladığım qədər, bu bir hobbi idi. Bəs necə oldu ki, səni parodiyaçı kimi efirlərə dəvət etməyə başladılar?

- Düzünə qalsa, bunun necə baş verdiyini artıq xatırlamıram. 20 il əvvəl baş veən bir olay yadıma düşdü. O vaxt Murad Dadaşova zəng vurub Zəlimxan Yaqubun səsi ilə danışmışdım, o da Zəlimxan müəllimlə danışdığını zənn etmişdi. Zəlimxan Yaqub olmadığımı deyəndə çox təəccüblənmişdi, nəticədə bir verilişə dəvət aldım. Ondan sonra müxtəlif telekanallara dəvət olunmağa başladım. Hətta AzTv-də də çıxışlarım oldu. O zaman artıq Mədəniyyət Nazirliyi şəbəkəsində işləyirdim, mətbuatla da əlaqəmi kəsməmişdim, qəzetlərlə əməkdaşlıq edirdim. Etiraf edim ki, efirdən tanındıqdan sonra parodiya etmək qabiliyyətimdən bir müddət əlavə qazanc mənbəyi kimi də istifadə etdim. Yeni ailə qurmuşdum, uşaqlar balaca idi, aldığım əmək haqqı ailəmi dolandırmağa kifayət etmirdi, o üzdən müxtəlif tədbirlərə, toy şənliklərinə getməyə başladım. Özü də təkcə Bakı ilə yanaşı, bir sıra rayonlardan da dəvət alırdım.

- Bəs, belə gəlirli sənətdən necə uzaqlaşa bildin?

- 10 ildən artıq parodiya sənəti ilə çörəl pulu qazandım. Sonra uşaqlar böyüdü, demirəm ki, pula ehtiyacım olmadı, heç indi də bunu deyə bilmərəm, pula hər zaman ehtiyac var. Amma yavaş-yavaş yaşa doldum, həm də, açığı, gördüm ki, qatıldığım tədbirlərin mühiti, oradakı kontinqent, mənə olan münasibət məni sıxıb qıcıqlandırır, odur ki, əsəblərimi qorumaq xatirinə bu sənətdən uzaqlaşmağa qərar verdim. Necə deyərlər, ac qulağım, dinc qulağım.

- Qeyd etdiyin kimi, əsas ixtisasın teatrşünaslıqdır, illərdir teatr sənəti, taleyini teatra bağlayan sənətkarların həyat və yaradıcılığından bəhs edən məqalələr yazırsan, verilişlər hazırlayırsan, bununla paralel uzun illər Mədəniyyət Nazirliyində reklam şöbəsinə rəhbərlik etmisən. Amma sonra necə oldusa, faktiki işsiz qaldın. Hazırda heç bir dövlət müəssəsində çalışmırsan, azad sənətkar kimi qələminlə çörək pulu qazanırsan. İşsiz qalmağına səbəb nə oldu?

- Mən ixtisasım baxımından teatr nəzəriyyəçisi, tarixçisi və tənqidçisiyəm, bu sahələrin hər birində özümü qələmlə ifadə edirəm. Vaxtilə mədəniyyət evində, teatrda fəhləlik etmişəm. Sonra isə fəaliyyətimi mətbuatda davam etdirmişəm. Düşünürəm ki, məni daha çox qələm adamı kimi mətbuatdan tanıyırlar. Qismət elə gətirdi ki, o zaman mədəniyyət naziri olan Polad Bülbüloğlu haradasa 22 il əvvəl mənə iş təklif etdi, mən də təklifi qəbul etdim. Bndan əvvəl isə ölkənin tarixində Akademik Milli Dram Teattrının ilk mətbuat katibi vəzifəsini icra edirdim, İncəsənət Universitetinin “kino sənəti” kafedrasında saat hesabı dərs deyirdim.

- Elmi dərəcən var?

-Xeyr, hələ ki, müdafiə etməmişəm. Hərçənd, elmi işim demək olar ki, hazırdır, amma nədənsə hələ də uzadıram. Əslində səbəbi bəllidi: ailə qayğıları, işsizlik, maddi çətinlik həvəsdən salıb məni. Həm də bizim ölkədə təəssüf ki, alimə layiq olduğu qiymət verilmir...

- Bir az mövzudan yayındıq deyəsən. İşsiz qalmağından danışırdın...

- Bəli, dediyim kimi, o vaxtkı mədəniyyət naziri nazirlikdə iş təklif etdi, mən də qəbul etdim. Nazirliyin Məlumat-reklam müəssəsinin direktoru vəzifəsinə təyin olundum. Altı ilə yaxın Polad Bülbüloğlunun dövründə işlədim, sonra isə Əbülfəz Qarayevlə işləməli oldum. O zaman deyirdilər ki, Əbülfəz Qarayev təsadüfi insandır, mədəniyyət sahəsinə yaddır, belə təyinat olmaz. Amma indiki nazir öz yarıtmaz fəaliyyəti ilə Əbülfəz müəllimin atası Mürsəl kişiyə tez-tez rəhmət oxutdurur.

- Hansı fəaliyyətindən narazısan?

- Fəaliyyəti var ki, razı, yaxud narazı olum?!

- Amma bir məsələni unutmaq olmaz ki, pandemiya ilə əlaqədar demək olar, bütün mədəniyyət müəssisələri fəaliyyətsiz qaldı, mədəniyyət tədbirləri keçirilmədi. Belə olan halda nazirin fəaliyyətsizliyindən danışmaq nə dərəcədə doğrudur?

-Ümumi fəaliyyətsizlik sanki müəyyən mənada ona bəraət qazandırır, amma mən daha çox yeni nazirin kadr siyasətini nəzərdə tuturdum. Bir az yumşaq desək, bu cür kadr siyasətini heç cür anlaya bilmirəm.

- Neçə ildir işsizsən?

- 2016-cı ildən azad sənətkar kimi fəaliyyət göstərirəm. Rəhbərlik etdiyim təşkilat əvvəllər nazirliyin tərkibində fəaliyyət göstərən, amma tam təsərrüfat hesablı, yəni özü-özünü maliyyələşdirən dövlət qurumu idi. Sovetlər dönəmində Mədəniyyət Nazirliyi, dövlət teatrları çap, reklam istiqamətində olan işləri sifariş verirdi, sözügedən qurum da həmin sifarişlərin hesabına maliyyələşirdi. Amma mən sözügedən müəssisədə işə başlayanda artıq bu düzən pozulmuşdu. Çox çalışdıq, nəticədə təşkilatın fəaliyyətini az da olsa dirçəltdik. Bir müddət kiçik kollektivlə birtəhər işlədik. Amma bir müddət sonra vəziyyət dəyişdi. Azad bazar şəraitini bəhanə gətirən nazirlik və aidiyyəti qurumlar kənara çəkildi və bizim fəaliyyətimiz demək olar ki, iflic vəziyyətinə düşdü. O zaman mədəniyyət naziri Polad Bülbüloğlu idi. Yaranmış vəziyyətə etiraz etməyim nazirlik rəsmlərinin ürəyincə deyildi. Hiss edirdim ki, əlində imkan olsa, məni işdən kənarlaşdırar, amma bunu edə bilmədiyi üçün başqa çarə tapdılar. O zaman İncəsənət Baş İdarəsi vardı. Onun o zamankı rəisi hazırda teatrlardan birinin direktorudur, kifayət qədər tanınmış simadır, adını çəkmirəm, bilənlər bilir, necə deyərlər, eldən ayıbdır. Həmin şəxs rəhbərlik etdiyim təşkilatın respublika statusunu şəhər statusu ilə əvəzlədi. Söz verdi ki, bütün şəhər təşkilatları bizə çap və reklam sifarişləri verəcək, biz də özümüzü daha yaxşı dolandıra biləcəyik. Adını belə qoydular, əslində isə bizi özlərindən bir köynək uzaqlaşdırmaq istədilər. Qələm sahibi olduğumu bildiklərindən müəssisəni birdəfəlik bağlamaqdan çəkindikləri üçün belə etdilər.
(Ardı var)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram