Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sığorta şirkətlərinin özbaşınalığı: bundan imtina edilə bilməz! - NƏ ETMƏLİ?

19-10-2021, 17:02

Sığorta şirkətlərinin özbaşınalığı: bundan imtina edilə bilməz! - NƏ ETMƏLİ?

DogruXeber.az: - Avtomobil sürücüləri bəzi hallarda icbari sığorta üçün müraciət etdiklərində imtina ilə qarşılaşırlar. Sürücülərin şikayətlərinə görə, əksər sığorta şirkətləri əsasən taksi fəaliyyətində istifadə edilən avtomobilləri qeyri-rəsmi şəkildə sığortalamaqdan imtina edirlər. Və sürücülərə elə qeyri-rəsmi formada da bildirilir ki, “taksi işləyən maşınlar çox tez-tez qəza keçirirlər, onları sığorta etmək şirkətə sərf etmir”.

Azərbaycan qanunlarına əsasən, bütün avtomobillər icbari tibbi sığorta olunmalıdırlar. Və bu sığortanı da qanuni şəkildə lisenziyası olan şirkətlər həyaka keçirməlidirlər: bu, o şirkətlərin borcu və işidir.

Problemlə bağlı AYNA-nın suallarını ekspertlər cavablandırıblar:

Sığorta üzrə ekspert Hikmət Allahverdi bildirib ki, hazırkı qanunvericiliyə görə, avtomobillərin fəaliyyət sahəsindən asılı olmayaraq, müştəriyə imtina edilə bilməz: “İcbari Sığorta Bürosuna üzv olmayan şirkətlər icbari sığorta edə bilmirlər. Üzv olan və avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını həyata keçirmək hüququ olan şirkətlər var ki, onlar hazırkı qanunvericiliyə görə, avtomobillərin fəaliyyət sahəsindən asılı olmayaraq, müştəriyə imtina edə biləzlər. Amma son bir il yarımdır ki, imtina hallarına rast gəlinir”.

H.Allahverdi bildirib ki, bu problemlə daha çox kiçik həcmli motoru olan avtomobil sahibləri üzləşirlər: “Söhbət burada təkcə taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdən getmir. Sadəcə daha çox taksi xidməti göstərən avtomobillər kiçik həcmli motorlulardır. Həmin avtomobillər iki motora qədərdirlər. Bir çox hallarda da taksi fəaliyyəti üçün onlara üstünlük verilir. Çünki ekonom avtomobillərdir, yanacağı az istifadə edirlər”.

“Bu dəqiqə Azərbaycandakı avtomobil parkının böyük hissəsi iki motora qədərdir. Bütün dünya da bunu dəstəkləyir ki, az yanacaq sərf etmək üçün kiçik həcmli motora sahib avtomobillərə üstünlük verilsin”, - deyə ekpert söyləyib.

Ekspert qeyd edib ki, bu imtina birbaşa müştərilərə olunmur, vasitəçilər vasitəsilə müştərilərə imtina cavabı verilir: “Prosesə gəldikdə isə, belə olur: deməli, icbari sığortanın satışını şirkətlər vasitəçilər vasitəsilə həyata keçirirlər. Hər hansısa sığorta şirkəti bu avtomobilləri sığorta etdikdə həmin agentliklərə cərimələr tətbiq edirlər. Əvvəllər bu komissiya haqqı verilməməsi ilə həyata keçirilirdisə, indi komisiya verilməməkdən əlavə həmin agentliklərə cərimələr tətbiq edirlər. Buna görə də sığorta vasitəçiləri müştərilər müraciət etdikdə imtina etməli olurlar”.

“Digər tərəfdən qanunvericilik qaydaları sığorta şirkətlərinə tələb qoyur ki, onlar öz veb-səhifələrində müştərilərə onlayn platformaları əlçatan etməlidirlər ki, müştəri istəyəndə birbaşa şirkətin veb-səhifəsindən öz avtomobilinin icbari sığortasını həyata keçirə bilsin. Bu şirkətlər həmin sistemlərə çıxışı bağlayıblar. Yəni siz sığorta şirkətinin saytına daxil olub 1.5 mator hər hansı bir avtomobili icbari sığorta etmək istəsəniz, axırda hansısa səhvlər ortaya çıxacaq, siz müqaviləni yekunlaşdıra bilməyəcəksiniz. Məsələnin ən böyük problemli tərəfi də budur”, - deyə ekspert vurğulayıb.

H.Allahverdi qeyd edib ki, mövcud qanunvericiliklə sığorta şirkətlərinin imtinası tam qanunsuzdur: “Bu, istehlakçıların hüquqlarının pozulmasıdır, çünki hər hansı bir şəxs avtomobilini müstəqil şəkildə sığortalaya bilmir. Nəzərə almalıyıq ki, avtomobilin icbari sığortası dedikdə, bu, həmin avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortasıdır. Bu sığorta olmazsa, avtomobilə həm cərimələr tətbiq olunur, digər tərəfdən də sığortasız avtomobil qarşı tərəfə zərər vurarsa, həmin adamın da zərərləri açıqda qalır”.

Ekspert əlavə edib ki, bütün bunlara baxmayaraq, sığorta şirkətlərini də qınamamaq lazımdır: “Çünki bu qiymətlər – avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qiymətləri 2011-ci ildə hər bir şirkət üçün müəyyən olunmuş vahid qiymətlərdir. Yəni şirkətlər müstəqil qiymət siyasəti apara bilmirlər. 2011-ci ildən bu yana isə ən azı iki dəfə devalvasiya olub. Eyni zamanda, avtomobillərin ehtiyat hissələrinin Azərbaycanda istehsalı yoxdur, hər biri xaricdən idxal olunur. Ehtiyat hissələrinin qiyməti də ən azı iki dəfə qalxıb. Bundan əlavə sığorta haqqı aşağı düşüb”.

Ekspert söyləyib ki, hazırkı vəziyyətdə sığorta qiymətlərinin artırılması daha müvafiq addım olar: “Əvvəllər 1.5 matora qədər avtomobili ilk dəfə sığortalayan adam 50 manat sığorta haqqı ödəyirdi və bunun qarşılığında müqavilə bağlamış sığorta şikrəti il ərzində 5 min manat maddi zərərlərə, 50 min manat isə sənədə vurulan zərərlərə görə təzminat daşıyırdı. Hazırda isə avtomobilini sığorta edən adamın 45% endirimi var və bu da təxminin 28029 manat edir ki, müştəri bu məbləğlə eyni təminatı əldə edir. Sığorta şirkətinin isə risk baş verdiyi zaman daşıdığı təminat məbləği eyni qalıb. Hətta sığorta haqqı aşağı düşməsə belə, qəzadan sonra ortaya çıxan zərər məbləği yüksəlib. Əvvəl xırda bir toxunuşda 200-300 manat zərər ortaya çıxırdısa, indi bu məbləğ 1000 manatdan aşağı olmur. Bu baxımdan qiymətlərin artırılması daha müvafiq olar deyə düşünürəm”.

Daha bir sığorta eksperti İlkin İbrahimov deyib ki, bir sıra avtomobil markaları var ki, sığorta şirkətləri sığortalamaqdan boyun qaçırmırlar, amma lisenziyalı sığorta agentlərinə sığorta faizi verməkdən boyun qaçırırlar: “Onlar qeyd edirlər ki, icbari sığorta fəaliyyəti haqqında qanunda qeyd olunub ki, 0-15 % aralığında lisenziyalı sığorta agentliklərinə faiz verə bilərlər. Həmin faizi sığorta şirkətləri müəyyən edir. Onlar da bunu əsas gətirərək qeyd edirlər ki, bu marka avtomobillərə taksi fəailiyyəti ilə məşğul olduqlarına görə sığortalamırlar. Yox, əgər sığortalamaq istəyirlərsə, o zaman biz sizə komissiya verməyəcəyik. Çünki zərər daha çoxdur. Təbii ki, bu da narazılıqla qarşılanır. Sığorta şirkətlərini başa düşmək olar, onlar zərərə düşürlər, buna görə komissiya vermirlər. Lisenziyalı agentlikləri də başa düşmək olar, onlar da qeyd edirlər ki, bununla bağlı komissiya verilməlidir”.

Ekspert məsələnin çıxış yolunu sığorta qiymətininin qaldırılmasında görür: “Bu gün görürük ki, hətta dövlət rüsumu haqqında qanunda oktyabrın 1-dən məhkəmələrə verilən iddialar üzrə rüsumlar qaldırılıb. Ən optimal yol icbari sığortalar haqqında qanunda nəzərdə tutulmuş sığorta haqlarının qaldırılmasıdır”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov da belə şikayətlərə rast gəldiyini söyləyib: “Bir sıra sığorta şirkətləri dövlətin qoyduğu qanunun əksinə özlərindən yeni qaydalar icad edirlər. Sığorta haqqında qanunu pozurlar. İcbari Sığorta haqqında qanunda qaydalar var və orada yazılıb ki, Azərbaycan Respublikasında olan bütün növ avtomobil nəqliyyat vasitələri, yəni mühərrik həcmi 50 kub santimetrdən yuxarı olan bütün növ avtomobillər icbari sığortalanmalıdır. Hər hansı sığorta şirkəti modelindən və markasından asılı olaraq sığortalamırsa, bu qaydaları pozmuş olur”.

Ekspert düşünür ki, bu cür sığorta şirkətlərinə qarşı dövlət sanksiyalar tətbiq etməlidir: “Həmin sığorta şirkətlərinin lisenziyası əlindən alınmalıdır. Həmin sürücülər ilk növbədə, Dövlət Sığorta şirkətinə müraciət edə bilərlər. Bundan əlavə həmin sığorta şirkətini icbari sığorta etməkdən imtina etdiyinə görə məhkəməyə verə bilərlər. Bu halda həmin sürücülərin əlində iki əsas var: birincisi, həmin sığorta şirkətləri Azərbaycan Respublikasının İstehlakçıların Müdafiəsi haqqında Qanunu pozmuş olublar. İkincisi, inhisarçılıq haqqında qanunu pozurlar. Buna görə də hər iki maddə ilə sürücülər yaxşı bir vəkilə müraciət edərək həmin sığorta şirkətlərini məhkəməyə verərək dəymiş mənəvi zərərə görə onlardan kompensasiya ala bilərlər. Yaxşı olardı ki, narazı sürücülər mütəşəkkil birləşərək həmin sığorta şirkətlərini məhkəməyə versinlər”.

İcbari Sığorta Bürosundan AYNA-nın sorğusuna cavabda bildirildi ki, Avtomobil Vasitəsi Sahiblərinin Mülki Məhsulliyətinin İcbari Sığortası ilə bağlı müraciət alan sığorta şirkətləri icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz: “Bu hal mövcud sığorta qanunvericiliyində öz əksini tapmışdır:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 907. İcbari sığorta müqaviləsinin məcburiliyi

907.1. İcbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan

şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək

hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur.

907.2. İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta

etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi

bağlamaqdan imtina edə bilməz.

İcbari sığortalar haqqında Qanunda maddə 23. Sığortaçının hüquq və vəzifələri

23.3. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz

Sığorta fəaliyyəti haqqında Qanunda maddə 3. İcbari və könüllü sığorta

3.4. İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz.

Qanunun yuxarıda göstərilən müvafiq bəndlərinə uyğun olaraq əgər vətəndaş AVSMMİS (Avtomobil Vasitəsi Sahiblərinin Mülki Məhsulliyətinin İcbari Sığortası) ilə bağlı sığorta şirkətinə müraciət edirsə onun bu istəyi təmin olunmalıdır”.

“Sürücülər bu halla qarşılaşanda nə etsinlər?” sualın isə cavab belə olub: “Bu halda vətəndaşlar sığorta sektorunda dövlət tənzimlənməsini və nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmək hüququna malikdirlər. Məlumat üçün ünvan və əlaqə nömrələrini qeyd edirik:

Azərbaycan Respublikası Mərkəzi Bankı

AZ1014, Azərbaycan Respublikası,Bakı şəh., R.Behbudov küç. 90

Əlaqə: (+994 12) 966 –qaynar xətt

(+994 12) 493-11-22

(+994 12) 493-55-41

mail@cbar.az”

Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev isə bildirdi ki, onlarda olan məlumata görə, hazırda belə bir problem yoxdur: “Hazırda belə bir problem yoxdur. Mərkəzi Bank tərəfindən mütəmadi olaraq tədbirlər görülməkdədir. Əgər hansısa sığortaçı icbari sığorta müqaviləsi bağlamaqdan imtina edərsə, Mərkəzi Bankın “Qaynar xətt”inə müraciət etmələri tövsiyə olunur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram