Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Hindistan-İran-Ermənistan “üçlüyü”nə qarşı Türkiyə- Azərbaycan-Rusiya ortaqlığı... - və üstəlik Çin...

23-10-2021, 13:53

Hindistan-İran-Ermənistan “üçlüyü”nə qarşı Türkiyə- Azərbaycan-Rusiya ortaqlığı... - və üstəlik Çin...

DogruXeber.az: - Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Zəngəzur dəhlizindən danışıb. O deyib ki, hər iki tərəf (Azərbaycan və Ermənistan) əldə etdiyi razılaşmaları uzunmüddətli olaraq qəbul edəcək.

Putin deyib ki, burada hamının marağı var. O, Zəngəzur dəhlizi haqda fikirlərini belə açıqlayıb: “Azərbaycan Naxçıvanla normal əlaqəni qurmaqda, kommunikasiyaların açılmasında maraqlıdır və bu, Ermənistanın qarşısında duran ilkin vəzifələrdən biridir - effektiv iqtisadi mühit yaratmaq, bölgədə, effektiv qarşılıqlı əlaqə - gələcəkdə Azərbaycanla da yaratmaq, prinsipcə, Ermənistan bunda maraqlıdır, Türkiyə ilə münasibətlərini normallaşdırmaq, onları müasir hala gətirmək”.

Beləliklə, V.Putin yaxın gələcəkdə Cənubi Qafqazda gedəcək proseslərin təxmini təsvirini vermiş olub. Rusiya prezidentinin açıqlamalarını həm də Azərbaycan və Türkiyə üçün mühüm əhəmiyyətə malik layihə olan Zəngəzur dəhlizinin reallaşacağının anonsu hesab etmək olar.

Maraqlıdır ki, Putinin çıxışından saatlar öncə Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunda Zəngəzur dəhlizinin açılmasından danışıb: “Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil”.

Prezident həmçinin Zəngəzur dəhlizi ilə yüklərin Naxçıvan və Türkiyəyə, oradansa Avropaya daşınacağını qeyd edib.

Onu da bildirək son aylarda Zəngəzur dəhlizinə qarşı çıxan Ermənistan Şimal-Cənub nəqliyyat dəhlizinin öz ərazisindən, amma Azərbaycandan kənar marşrutla keçməsinə nail olmaq üçün fəaliyyətlərini gücləndirib. Bu fəaliyyətlərdə ona ən böyük dəstəyi İran verir. Azərbaycanla təhdid dilində danışmağa üstünlük verən Tehran hakimiyyəti Avropaya çıxışda Türkiyə və Bakıdan olan asılılığını aradan qaldırmaq üçün Ermənistan ərazisindən Gürcüstana, oradan isə Qara dənizə çıxmağı hədəfləyir.

Aydındır ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri bilavasitə Çindən Avropaya və əksinə yükdaşımalar üçündür. Bu baxımdan, yüklərin məhz hansı marşrutla daşınacağına böyük ölçüdə Çinin qərar verdiyi şübhəsizdir. Elə buna görə də yükdaşımaların öz ərazisindən reallaşmasında maraqlı olan dövlətlərin hamısı Pekinlə münasibətlərini inkişaf etdirməyə çalışır.

Çin isə öz növbəsində öz maraqlarına cavab verəcək marşrutların olmasında maraqlıdır. Söhbət həm marşrutların təhlükəsizliyindən, həm də çoxvariantlılığından gedir. Dəniz yolları ilə yükdaşıma marşrutları böyük ölçüdə ABŞ və müttəfiqlərinin nəzarəti altındadır. Çinin dəniz yollarına nəzarəti təmin etmək istiqamətindəki fəaliyyətlərinin ciddi bir nəticə verdiyini söyləmək hələ çox tezdir: Cənubi Çin dənizindəki bulanıq sular hələ uzun müddət durulmayacaq. Digər tərəfdən isə mövcud dəniz yolları ilə yükdaşımalar təklif olunan quru yollarından daha uzun vaxt tələb edir, eyni zamanda ilin müəyyən dövrlərində hərəkət məhdudlaşır.

Cənubi Qafqaz regionu yükdaşımaların ən əlverişli marşrutlarından biri hesab olunur. Buna görə də Çindən Avropaya doğru yüklərin öz ərazisindən ötürülməsini təmin etmək istəyən həlqə ölkələri - Əfqanıstandan tutmuş Türkmənistana, Qazaxıstana qədər Cənubi Qafqazdan keçən marşrutlarda maraqlıdılar.

Cənubi Qafqazda isə indiyədək açar ölkələr rolunda Azərbaycan, xüsusilə də Gürcüstan çıxış edib. Vətən Müharibəsindən sonra regionda yaranan tamamilə fərqli situasiya Azərbaycanı önə çıxarıb. Ermənistanla kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə düşməsi ilə Azərbaycan region ölkələri arasında sürətlə irəli çıxacaq. 10 noyabr bəyannaməsinin məhz Zəngəzur dəhlizinin açılmasına yol açacaq bəndinin icrasına Ermənistanın müqavimət potensialının yüksək olmadığı ilk başdan məlum idi. Rəsmi İrəvanın Azərbaycan üzərindən açılacaq pəncərədən imtina etməsi üçün alternativi yox dərəcəsindədir. Ölkənin alternativ yol kimi İrandan gələcək yükləri ötürəcək infrastrukturu yoxdur. Bu infrastrukturun mühüm hissəsi olan Şimal-Cənub avtomobil magistralının tikintisinə 2 milyard dollar investisiya qoyuluşu tələb olunur. Buna nə Ermənistanın özünün, nə də İranın imkanı çatır. Hətta imkanı çatsa belə, İran Rusiyanın başı üzərindən Ermənistanda belə böyük layihəni əldə edə bilməz. Eyni sözləri Çinlə bağlı da deyə bilərik.

İnfrastruktura yönəlik böyük investisiya layihələrini Pekin yalnız o ölkələrdə maliyyələşdirir ki, onları iqtisadi-siyasi baxımdan özündən asılı vəziyyətə salmaq imkanları olsun. Ermənistana münasibətdə isə Çinin Rusiyanın üzərindən keçib İrəvanı öz təsirinə salması, yaxud salmaq istəməsi real görünmür. Ermənistan elə yağlı tikə deyil ki, Çin ona görə Moskva ilə konfliktə getsin.

Son vaxtlar Ermənistanın Şimal-Cənub yolunun maliyyələşdirilməsi üçün Avropa Birliyinə ümidlərinin artdığı açıq hiss olunur. Yaxın 4 ildə Ermənistana 5 milyard avro yatırım etməyi planlaşdıran Avropa Birliyinin planlarının nə qədər uğurlu olacağı böyük şübhə altındadır. Hər halda, Rusiyanın Avropa və ABŞ-ın Ermənistanda nüfuzunu kəskin artıracaq bu planın reallaşmasına rahatlıqla yol verəcəyi ehtimalını yüksək qiymətləndirmək mümkün deyil.

Zəngəzur dəhlizinə qarşı Ermənistanın dolayı dəstək aldığı ölkələr sırasına Hindistanı da əlavə etmək lazımdır. Azərbaycanın Pakistanla sıx müttəfiqlik münasibətlərində olması Hindistanın Avropaya yükdaşımalarda bizim ölkəmizi marşrut olaraq seçməsini xeyli dərəcədə əngəlləyir. Hindistan bir tərəfdən Pakistan, digər tərəfdən isə Çinlə kəskin münasibətlərdədir. Buna görə də Çinin 99 illiyə icarəyə götürdüyü Pakistanın Qvadahar limanından asılılığını azaltmağa çalışır. Buna görə də İranın Çahabar limanına investisiya qoymaqla onun imkanlarını artırmaq istəyir. Azad iqtisadi zona olan Çahabar limanının yükötürmə gücü 8,5 milyon tondur. Bu, Hindistandan getdikcə artan yükdaşımalar üçün kiçik həcmdir. On il əvvəl Hindistan limanın genişləndirilməsi üçün İranla müqavilə imzalayıb, lakin Tehrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar üzündən onu reallaşdıra bilmir. Son vaxtlar İranla Qərb arasında nüvə danışıqlarında pozitiv irəliləyişlərin müşahidə olunması, eyni zamanda Çinin İranla 300 milyard dollarlıq müqavilə imzalayaraq onu özündən asılı vəziyyətə gətirməsi Hindistanın aktivləşməsinə səbəb olub. Rəsmi Dehli İran və Ermənistan üzərindən yükdaşımaları Pakistanın müttəfiqi olan Azərbaycandan keçən marşruta qarşı canlandırmaq istəyir. Bir neçə gün əvvəl Hindistanın xarici işlər nazirinin İrəvana rəsmi səfəri zamanı da əsas diqqət məhz Şimal-Cənub nəqliyyat dəhlizinə yönəldilmişdi.

İranın da regionda getdikcə qızışan geoiqtisadi proseslərdən öz gözləntiləri var. Bu gözləntilər arasında yükdaşımalarda güclənməsini özünə təhdid hesab etdiyi Azərbaycan və onun strateji müttəfiqi Türkiyədən asılılığı aradan qaldırmaq xüsusi önəm daşıyır. Tehran yaxşı anlayır ki, Zəngəzur dəhlizinin işə salınması Azərbaycanın regional planda güclənməsini daha da sürətləndirəcək. Müstəqil Azərbaycanı milli zəmində özünə böyük təhdid kimi qəbul edən fars rejimi buna yol verməməyə çalışır. Eyni zamanda İran Hindistanla münasibətlərini dərinləşdirməklə 2020-ci ildə kiçik partnyor rolunda Çinlə imzaladığı sazişin öz müstəqilliyinə yarada biləcəyi təhdidləri önləmək niyyətindədir. Çinin buna nə qədər imkan verəcəyini zaman göstərəcək. Amma Pekinin Cənubi Qafqazda öz maraqlarının olduğu da şübhəsizdir. Çin bölgənin hər üç dövləti ilə iqtisadi əməkdaşlığı genişləndirir. 2018-ci ildən etibarən Gürcüstan, Azərbaycan və Ermənistanla ticarət əlaqələri sürətlə artıb. 2020-ci ilin yekununa əsasən Çinlə Ermənistan arasında ticarət dövriyyəsi 964,5 milyon dollar təşkil edib - İrəvanın ikinci böyük ticarət tərəfdaşı olub. Ermənistanda Şimal-Cənub magistralının 160 km-lik hissəsinin tikintisində Çin şirkəti iştirak edir. Son illərdə dəfələrlə şirkətin problemləri yaranıb və tikinti işlərində fasilələrə səbəb olub. Ötən il fantastik bir layihə barədə məlumatlar açıqlanıb. Həmin məlumatda Çinin yaxın 15 ildə Ermənistanda “Ağıllı şəhər” layihəsinin icrasına 10-15 milyard dollar investisiya yatıracağı bildirilirdi. 15 min nəfərlik şəhərin planlama işlərinə 2021-ci ildə başlanacağı deyilsə də, hələlik bu barədə heç bir məlumata rast gəlinməyib. Erməni ekspertlər layihəni qeyri-real, perspektivi olmayan “söz-söhbət” kimi qiymətləndirirlər.

2017-ci ildə Çinlə Gürcüstan arasında sərbəst ticarət anlaşması imzalanıb. Anlaşma Gürcüstan məhsullarının Çin bazarına sərbəst girişini təmin edir. Ümumiyyətlə, Çinlə Gürcüstan arasında son 10 ildə 20 razılaşma, 10-dan çox əməkdaşlıq memorandumu imzalanıb. 2020-ci ildə Gürcüstanla Çinin ticarəti 1,2 milyard dollara çatıb.

Azərbaycana gəlincə, 2015-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə 1 milyard 300 milyon dollar, 2018-ci ildə 1 milyard 310 milyon dollar, 2019 və 2020-ci illərdə 2,2 milyard dolar olub. Bu ilin 7 ayında isə bu göstərici 966 milyon 308,8 min dollar təşkil edib.

Göründüyü kimi, hələlik Çin Cənubi Qafqazda hansısa ölkəyə ağırlıq salmağa tələsmir. Bu isə Pekinin çoxlu alternativlərlə işləməyə üstünlük verməsindən irəli gəlir. Böyük ehtimalla, Çin bölgə dövlətlərindən hansı irəli çıxsa, daha əlverişli transit şərtləri təklif etsə, onunla əməkdaşlıq etmək niyyətindədir. Bu baxımdan, Azərbaycanın imkanlarının daha geniş olduğunu söyləmək olar. Belə ki, Azərbaycan Xəzər dənizi və İran istiqamətindən gələcək yükləri ötürmək üçün öz ərazisində zəruri olan bütün infrastrukturu yaradıb. Azərbaycanın Xəzər sahilindəki Ələt limanının ötürücülük gücü 15 milyon tondur, zəruri halda 25 milyon tona qədər artırmaq mümkündür. Digər tərəfdən, Azərbaycan İrandan dəmiryolu ilə gələcək yükləri ötürmək üçün stansiya və anbarları da tikib başa çatdırıb. Hətta Bakı İranın dəmiryol sisteminin artacaq yükləri ötürmək gücünə çatdırılması üçün Tehrana 500 milyon dollar kredit də ayırıb. Müqayisə üçün qeyd edək ki, Ermənistan ərazisində bütünlüklə xarici kreditlər hesabına inşa olunacaq Şimal-Cənub magistralının tikintisi üçün tenderlərin hələ 2023-cü ildə elan olunması nəzərdə tutulur, o da investor tapılsa.

Azərbaycan 200-300 milyon dollarlıq yatırımla çox qısa müddətdə işə sala biləcəyi Zəngəzur dəhlizini irəli sürməklə Çinə daha bir alternative təklif etmiş olur. Özü də bu alternativ üçün Çinin heç bir yatırım etməsinə ehtiyac yaranmayacaq.

Bütün qeyd olunanlar göstərir ki, Zəngəzur dəhlizi Ermənistan və İranın təklif etdikləri alternativ marşrutla müqayisədə qat-qat realdır. Və nə İrəvan, nə də İran bu dəhlizin açılmasını əngəlləyə bilməyəcək...
“Yeni Müsavat”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram