Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

NƏ BAŞ VERİR: Ermənilər Xankəndini tərk edirlər... - "Reallığı anladılar, artıq ruslar da onların yolunu kəsmir"

27-10-2021, 16:31

NƏ BAŞ VERİR: Ermənilər Xankəndini tərk edirlər... - "Reallığı anladılar, artıq ruslar da onların yolunu kəsmir"

DogruXeber.az: - Bir aya yaxındır ki, Ermənistan-Azərbaycan sərhədində və Azərbaycanın Qarabağ İqtisadi Rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ilə Azərbaycan Ordusu arasındakı təmas xəttində atəşkəs pozuntularına rast gəlinmir. Halbuki avqust və sentyabrın əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə, Qarabağdakı qanunsuz erməni terrorçu dəstələri tərəfindən isə Şuşa, Xocalı, Xocavənd istiqamətlərindəki mövqelərimiz atəşə tutulurdu. Ən son insident hərbi qulluqçumuzun terrorçular tərəfindən snayper atəşi ilə şəhid edilməsi oldu.

Məlumatlara görə, separatçı-terrorçuların atəşlərinin səsi eşidilir. Amma eşidilən sadəcə güllə səsidir, mövqelərimizin atəşə tutulması barədə Müdafiə Nazirliyinin məlumatına rast gəlmirik. Ola bilsin ki, separatçılar sərxoş vəziyyətdə havaya atəş açırlar ki, güllənin səsi Şuşa şəhərində eşidilir. Ümumilikdə isə vəziyyət sabit və sakitdir.

Sərhəddə və Qarabağdakı təmas xəttindəki vəziyyət və Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət səviyyəsi haqqında AYNA-nın suallarını bölgə barədə məlumatlı şəxs, hərbi jurnalist Səxavət Məmməd cavablandırıb.

- Hazırda Ermənistanla sərhəddə və sülhməramlıların nəzarət etdiyi ərazilərlə Azərbaycan Ordusu arasındakı təmas xəttində vəziyyət necədir?

- Hazırda həm Ermənistanla sərhəddə, həm də sülhməramlıların nəzarət etdiyi ərazilərdə gərginlik çox aşağıdır. Sonuncu dəfə erməni terrorçularının açdığı atəş nəticəsində Azərbaycan əsgəri şəhid olandan sonra Azərbaycan tərəfi sərt şəkildə cavab verdi. Qarşı tərəfdən ölən və yaralananlar oldu. Bu hadisələrdən sonra erməni tərəfi aktivlik göstərmir. Düşünürəm ki, hər iki tərəf qışa hazırlığın son mərhələlərini həyata keçirir. Soyuqlar düşüb, yaz və yaydakı kimi aktivlik gözlənilmir. İstər sülhməramlılar, istərsə də Azərbaycan və Ermənistan tərəfi qışın qayğıları ilə məşğuldur. Həm də, erməni tərəfi artıq anladı ki, hər təxribat, hər terror çox sərt şəkildə cavablandırılacaq.

- Məlumatlar var ki, gecə saatlarında Şuşa, Xocalı, Xocavənd istiqamətlərində atəş səsləri eşidilir. Bu, nə dərəcədə həqiqətəuyğundur?

- Açığı, bu barədə erməni tərəfi bəzi informasiyalar yaymışdı. Ancaq bu cür atəşkəsin pozulması halları gərginliyə səbəb ola bilməz. Bundan əlavə, bildiyimiz kimi Türkiyə və Azərbaycan prezidentləri Qarabağa gəldi. İki ölkə prezidentlərinin Qarabağda olması ordunu tam hazır vəziyyətə gətirir. Günlər öncədən hazırlıq başlayır və onlar gedəndən sonra bir neçə gün də bu döyüş vəziyyəti yerində qalır. Ağlı olan heç bir güc indiki zamanda bir güllə belə, atmaz. Bu, təkcə atəşkəsin pozulması anlamına gəlməyəcək. Erməni tərəfinin intihara cəhd edəcəyinə inanmıram. Bunu heç Rusiya sülhməramlıları da arzulamaz. Təmas xəttində sakitlik hökm sürür.

- Rusiya sülhməramlı kontingentində komandan dəyişikliyindən sonra sülhməramlıların xidmətində dəyişiklik müşahidə edilirmi?

- General Rüstəm Muradov gedəndən sonra onun yerinə Mixail Kosobokov gəlmişdi. Kosobokov təxminən 2 həftəyə yaxın komandan oldu. Onun dövründə Muradovun bir ilə yaxın müddətdə edə bilmədiyi edildi - Ağdərə istiqamətində qanunsuz erməni silahlı dəstələrinin postları ləğv edildi, yerləri partladılıb dolduruldu. Daha sonra Kosobokov da getdi. Hazırda Rusiya sülhməramlıları xidmətini normal keçirir deyə bilərik. Əvvəlki kimi açıq şəkildə erməni tərəfinə dəstəkləri gözə çarpmır. Əldə etdiyim məlumata görə, Qarabağda yaşayan ermənilər köçürlər. Əvvəl Rusiya sülhməramlıları onların Qarabağda yaşamaları üçün əlindən gələni edirdisə, indi bu hala rast gəlinmir. Artıq ermənilər də bilirlər ki, orda yaşamaq anlamsızdır. Rusiya da bunu başa düşüb. Düşünürəm ki, Rusiya sadəcə olaraq, Cənubi Qafqazda varlığını göstərmək üçün ərazidə qalacaq. Əvvəlki dönəmdə sülhməramlılar erməniləri yoxlamalarda incidirdi, bəzən günlərlə təminat yolunu bağlayırdı. İndi hələlik bunlar müşahidə olunmur. Düşünürəm ki, iki ölkə arasında münasibətlər qaydasında olandan sonra Rusiya tərəfi problem yaşatmayacaq.

- Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin xidmətindən nə xəbər var?

- Monitorinq Mərkəzi bölgəni PUA-larla müşahidə edir. Həmin Mərkəz qeydə aldıqlarını və müşahidələrini Azərbaycan dövləti ilə bölüşməkdən məsuldur. Mərkəzin faəliyyətindən ən azı Azərbaycan tərəfi razıdır. Elə məsələlər var ki, onu açıqlamaq olmur.

- Sərhəddə və təmas xəttində hərbçilərimizin keyfiyyətli xidməti üçün nələr edilməlidir?

- Xidmətdə bəzi çatışmazlıqlar görünür. Bir neçə gün öncə əsgərimizin postdan çıxıb PUA-ya güllə atması əslində orada xidmətin vəziyyətini ortaya qoyur. Hesab edirəm ki, disiplinə çox önəm verilməlidir. Elə məsələlər var ki, onu qadağalarla həll etmək olmur. Bunun üçün zabitlər davamlı olaraq əsgərlərlə söhbətlər aparmalıdırlar. Bir güllə çox şeyi dəyişə bilər. Anında cəmiyyət aqressivləşir və gərginlik pik həddə çatır. Əsgərin bir səhvi təkcə özünün yaralanmasına və şəhid olmasına yox, həm də bir cəmiyyətin əhvalını dəyişməyə kifayət edir. Rotasiyaya çox ciddi əməl edilməlidir. Hərbçilərin yerdəyişməsi davamlı olmalı və saat kimi işləməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram