Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İnhisarçılıq, idxaldan asılılıq, bahalaşma – Arzuolunmaz prosesi dayandırın

24-11-2021, 17:57

İnhisarçılıq, idxaldan asılılıq, bahalaşma – Arzuolunmaz prosesi dayandırın

DogruXeber.az: - Ölkənin aparıcı qida şirkətləri aztəminatlı ailələrin gündəlik istehlak etdiyi məhsulların qiymətlərini kəskin artırıb. Xüsusən, makaron, qarabaşaq, bulqur, şəkər, çay, yağ və s. məhsulların qiymətlərində xüsusi artım var.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu sosial media hesabında bununla bağlı paylaşım edib. Qeyd edib ki, “Azərsun” bəzi mallarının - dənli və paxlalı əmtəələrin, noxudun, qarabaşaq yarmasının, bulqurun və başqalarının qiymətini 33 faizdən 40 faizə qədər qaldırıb, 1 nömrəli çörək zavodu çörək və un məmulatlarının qiymətlərini 5-10 qəpik arası bahalaşdırıb.

Qeyd edək ki, təkcə “Azərsun” deyil, “Veysəloğlu”, “Avrora” və digər aparıcı qida şirkətləri də kəskin qiymət artımlarına start verib. Onların idxal və istehsal etdiyi məhsulların qiyməti 30-40 faiz civarında artıb. İddialara görə, bununla kifayətlənməyən adıçəkilən şirkətlər qarşıdakı aylarda növbəti qiymət artımlarına hazırlaşır. Bununla bağlı məlumat həmin şirkətlərdə çalışan işçilər tərəfindən daxil olub. Şirkət təmsilçiləri deyirlər ki, ilin əvvəlindən qiymətlərdə yenidən bahalaşma olacağı ilə bağlı onlara məlumat verilib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AYNA-ya açıqlamasında xatırladıb ki, Azərbaycanda bir dəfə yüksələn qiymət bir daha enmir: “Burada obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəblər dünya bazarında ərzağa olan tələbatın artması və nəticə etibarilə qiymətlərin bahalaşmasıdır. Əslində, təkcə bu xüsusda qiymətlərdə artım olsaydı, buna təbii yanaşmaq olardı. Lakin bir məsələ var ki, Azərbaycan bazarı dünya bazarına inteqrasiya oluna bilməyib. Nə qədər acı olsa da, biz bunu etiraf etməliyik. Dünya bazarına inteqrasiya olunmuş olsaydıq, o zaman beynəlxalq miqyasda qiymətlərin enməsi bizdə də baş verərdi. Göründüyü kimi, bu, baş vermir”.

“Ən yüksək rəsmi səviyyədə - dövlət başçısı səviyyəsində dəfələrlə vurğulanıb ki, Azərbaycanda inhisarçılıq mövcuddur. Kommersiya sövdələşmələri həyata keçirilir. Bütün bunlar isə öz növbəsində qanunsuz olmaqla yanaşı, ölkəboyu ümumi bahalaşmanı da şərtləndirir. Bu günə qədər “Anti-inhisar Məcəlləsi” qəbul edilməyib. Dəfələrlə buna cəhd olunsa da, hər vəchlə qarşısı alınıb. Sanki hansısa “qara əllər” bunun qarşısını alır. Ölkəmizdə biznes qurmaq üçün münbit şərait yoxdur. Hökumətin istehlakçılarla bağlı siyasəti bərbad vəziyyətdədir. Təbii ki, bütün bu amillər də öz rolunu oynayır”, - deyə AİB sədri söyləyib.

Onun sözlərinə görə, azad rəqabət mühiti olmadığına görə istehlakçıların rəyi ümumiyyətlə, nəzərə alınmır: “Belə bir şəraitdə maraqlı biznes dairələri istədiyi qiymətləri təyin edərək, bazara diqtə edirlər. Bahalaşmanı doğuran daha bir səbəb isə marketlərlə bağlıdır. Bilirsiniz ki, paytaxtda əsasən şəbəkə marketlər fəaliyyət göstərir. Məhsul satışa çıxaran şirkətlər də ölkə üzrə qiymət siyasətini onlarla razılaşdıraraq həyata keçirir. Bu marketlərdə isə əsası olmayan pullar tələb edilir. “Satılmış əmtəədən bonus” deyilən, heç bir məntiqi olmayan faiz dərəcləri tələb olunur. Təbii ki, təchizatçı şirkət də məhsulun qiymətlərini artırmaq yolu ilə bunu kompensasiya edir. Son nəticədə zərbə yenə istehlakçılara dəyir”.

“Rusiyada bitki yağları və şəkər tozunun qiymətləri kəskin bahalaşan zaman hökumət qiymətləri qaldırmaq üçün konkret limit qoydu. Bizdə isə indiyə qədər bu, baş verməyib. Sanki bütün əhali “yağ-bal içində üzür” və qiymətlər nə qədər artsa da, onu qarşılaya biləcək. Bu, qətiyyən belə deyil. Son dövrlər pandemiya sınağından çıxan, ağır sosial şərtlər altında yaşayan əhalinin vəziyyəti bir az da ağırlaşıb. Azərbaycanda da oxşar texnologiyanın tətbiqinə ehtiyac var. Hökumət ərzaq məhsullarının, o cümlədən strateji məhsulların qiymətləri üçün maksimum hədd müəyyən etməlidir. Eyni zamanda, müvafiq qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi təkliflər planı hazırlayaraq, hökumətə təklif etməlidir”, - deyə Hüseynov vurğulayıb.

UNEC-in professor, iqtisadçı alim Elşad Məmmədov isə AYNA-ya şərhində deyib ki, qiymət artımları ölkədə daxili istehsalın olmaması ilə bağlıdır: “Son dövrlər dünya bazarında qiymətlər artır və idxaldan asılı olan digər ölkələr kimi, Azərbaycan da bundan əziyyət çəkir. Hazırda bazarda kəskin qiymət artımları baş verir. Bu isə öz növbəsində yenidən devalvasiya riski yaradır. Bu günə qədər daxili istehsalı formalaşdıra bilməməyimiz, əksər məhsulları xaricdən idxal etməyimiz nəticə etibarilə belə bir acınacaqlı durumu şərtləndirib. Kritik səviyyədə idxaldan asılılıq ona səbəb olur ki, ölkəboyu inflyasiya prosesi də sürətlənib”.

“Eyni zamanda Azərbaycanda mövcud olan inhisarçılıq da süni qiymət artımlarına yol açır. Lakin budəfəki bahalaşmada əsas səbəb lazımi səviyyədə idxalın əvəz olunmaması, yerli istehsalın olmaması və inflyasiya ilə bağlıdır. Təbii ki, hökumət bu məsələlərə müdaxilə etməlidir. Ən azından aşağı sosial təbəqənin gündəlik istifadə etdiyi məhsullarla bağlı konkret limitlər qoyulmalıdır. Necə ki, işıq və qaz ödənişləri zamanı bu tətbiq olunur, istehlakçılara da güzəşt limitləri tətbiq edilməlidir”, - deyə professor bildirib.

Məmmədov əlavə edib ki, qarşıdakı dövrlərdə qiymətlər daha da artacaq: “Bunu nəzərə almaq lazımdır. Proses azalan deyil, artan xətlə davam edəcək və son nəticədə əhalinin sosial durumu daha da ağırlaşacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram