gundem / sosial / Təhsil
18.01.2022, 17:27
"Rus dili" dərsliyindəki 20 Yanvar səhvi: - "Məsuliyyəti Təhsil Nazirliyi daşıyır"
"DogruXeber.az" bildirir ki, orta məktəblərin rus bölmələri üçün yazılan 4-cü sinif "Rus dili" dərsliyində 1990-cı il 20 Yanvar faciəsi təhriflə verilib.
Uşaqlar üçün yazılmış mətndə qeyd edilib ki, Bakıda həmin qanlı gecədə şəhid olan dinc sakinlər Sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub. Təhsil Nazirliyindən saytımıza verilən açıqlamada isə bildirilib ki, məsələ ilə bağlı sözügedən kitabın nəşriyyat orqanı açıqlama yayacaq. Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələyə görə nəşriyyat yox, Təhsil Nazirliyi məsuliyyət daşıyır:
"Dərsliklərin yazılması üçün Təhsil Nazirliyi tender elan edir. Nəşriyyatlar müəlliflərdən ibarət komanda formalaşdırır. Müəlliflər Təhsil Nazirliyinin tender tələblərinə uyğun dərslikləri hazırlayıb, nazirliyə təqdim edirlər. Tenderə ən azı 3 dərslik komponenti daxil olmalıdır. Bu dərsliklər Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin ekspert qrupu, digər insistut və mərkəzlər tərəfindən yoxlanılır. Ən yüksək bal alan dərslik qalib elan edilir və çapa göndərilir. Yəni dərsliklərə görə məsuliyyəti Təhsil Nazirliyi daşıyır, nəşriyyatlar yox. Çünki nəşriyyat tenderə daxil olur, nazirliyin qoyulan şərtlərində qalib gələndən sonra müəlliflik hüququ birbaşa Təhsil Nazirliyinə keçir. Bundan başqa, həmin kitab qalib elan edildikdən sonra ictimai müzakirəyə çıxarılır. İnsititut, mərkəzlər, nazirlikdən daxil olan irad və təkliflər müəlliflərə göndərilir. Müəlliflər də həmin irad və təklifləri qəbul etməyə də bilərlər, amma bunu əsaslandırmalıdırlar. Orta məktəblərdə istifadə edilən bütün dərsliklər tender vasitəsilə seçilir. Təəssüf ki, tenderlərdə şəffaflıq görmürük. Ona görə də ortaya belə problemlər çıxır".